9 December 2024

İnvestisiya edilməsi halal olmayan 9 biznes sektoru

Halal Ekosistem|İnvestisiya

Şəriət, biznes fəaliyyətlərini tənzimləyərkən yalnız iqtisadi maraqları deyil, həm də dini dəyərləri və sosial rifahı nəzərə alır. Bu səbəbdən, müsəlman investorlar yalnız halal (icazə verilən) fəaliyyətlərlə məşğul olan şirkətlərlə əməkdaşlıq etməlidirlər. Birbaşa və ya dolayısı ilə faiz (riba) və digər qadağan olunmuş fəaliyyətlərlə bağlı bizneslərdə iştirak etmək — yəni onlara ortaq olmaq və ya investisiya qoymaq — İslamda haram hesab olunur.

Bu mövzuda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İndoneziya Maliyyə Xidmətləri Təşkilatı (OJK) və Malayziya Qiymətli Kağızlar Komissiyasının Şəriət Məsləhət Şurası (SAC) kimi nüfuzlu qurumlar rəsmi tövsiyələr qəbul etmişlər. Xüsusilə səhmlərə investisiya qoyuluşu ilə bağlı bu tövsiyələr daha da önəmlidir.

Rüşvət alıb-vermək, faiz, sələm, yetim malı yemək, ticarətdə və çəkidə aldatmaq, içki, qumar, zina, narkotik ticarəti, oğurluq, başqasının malını qəsb etmək, sehrlə məşğul olmaq, insanları aldadaraq pul qazanmaq kimi yollarla əldə edilən gəlir (qazanc) haram sayılır. Həmçinin bura şübhəli qazanc yollarını da əlavə edə bilərik.

İslam hüququnda tövsiyə edilən halal qazanc yolları bunlardır: İstehsal-istesalçı məhsulunu sataraq və ya dəyişərək pul qazanar, xidmət-işçi və ya məmur hər hansı bir müəssisədə, qurumda işləyər və işinin müqabilində maaş alar, miras yoluyla əldə edilən mal, hədiyyə-bir dostun hədiyyəsi və ya vəsiyyəti, ov edərək, kişinin həyat yoldaşına verdiyi mehir, kasıbların alıdığı zəkat, fitrə və sədəqə, hər hansı mənfəət qarşılığında əldə olunan gəlir-kirayə ev vermək kimi, mükafat, qənimət və s.

Aşağıda müsəlman investorların uzaq durmalı olduqları 9 əsas sektor qısa şəkildə təqdim olunur:

1. Faizlə məşğul olan qurumlar

Ənənəvi banklar, investisiya şirkətləri və sığorta qurumları kimi faiz əsaslı fəaliyyət göstərən bütün maliyyə institutları Şəriətə ziddir. Müsəlmanların belə qurumlara investisiya etməsi qadağandır.

Ənənəvi bank və sığorta məhsulları faiz (riba), həddindən artıq qeyri-müəyyənlik (ğarar) və qumar elementləri (maysir) daşıdığı üçün İslam maliyyəsinə uyğun deyil.

2. Qumar

Lotereyalar, şans oyunları və spekulyasiya əsaslı fəaliyyətlər qumar kateqoriyasına daxildir. Qumar qadağandır, çünki nəticəsi tamamilə şansa bağlıdır və real iqtisadi dəyər yaratmır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.

3. Spirtli içkilər və narkotiklər

Spirtli içkilərin istehsalı, satışı, daşınması və onlara investisiya qadağandır. Quranda bütün “sərxoşedici maddələr” (Maidə, 90) haram buyurulmuşdur. Bu, həm spirtli içkilərə, həm də narkotik maddələrə aiddir.

4. Haram qida sektoru

Müasir dövrdə qida sektoru geniş yayılmışdır və buraya restoranlar, kafelər və müxtəlif yemək xidməti göstərən böyük şirkətlər daxildir. Bu sektorda əsas məhsul kimi ət geniş şəkildə istifadə olunur. Əgər təqdim edilən ət və ət məhsullarının halallığını təsdiq edən sertifikat yoxdursa həmçinin qidalarında birbaşa qadağan edilmiş donuz əti istifadə olunursa həmin şirkətlərin gəlirlərinin əsas hissəsi şübhəli və ya haram sayılan məhsullardan formalaşmış hesab edilir.

Belə olan halda, şirkətin ümumi fəaliyyəti halal görünsə də, gəlir mənbələrinin böyük qismi haram elementlərdən ibarət olduğu üçün onlara investisiya qoymaq — yəni səhmlərini almaq — icazəli deyildir.

Onu da qeyd edək ki, donuz əti və ondan hazırlanan bütün məhsullar (piy, jelatin və s.) İslamda qadağandır. Fəaliyyətində açıq-aşkar donuz əti satışı qeyd edilən şirkətlərə ümumiyyətlə investisya edilə bilməz.

5. Tütün sənayesi

Tütünün sağlamlığa zərəri elmi şəkildə sübuta yetirildiyi üçün İslam alimləri yekdilliklə onun istifadəsini və bu sahəyə investisiyanı haram elan etmişlər.

6. Silah sənayesi

Tam qadağan olunmasa da, silah istehsalı və satışı şübhəli sahə hesab olunur. Çünki bu məhsulların müdafiə məqsədi ilə, yoxsa zərərli məqsədlərlə istifadə olunacağını müəyyən etmək mümkün deyil. Bu səbəbdən alimlərin əksəriyyəti bu sahədən uzaq durmağı tövsiyə edir.

7. Müsəlmanlara qarşı müharibə edən dövlət və şirkətlər

Müsəlmanlara qarşı müharibə aparan, qətliam törədən və ya onların hüquqlarını pozan dövlətlərə və şirkətlərə investisiya qoymaq, onların səhmlərini almaq İslam alimləri tərəfindən qadağan edilmişdir. Belə qurumlara nəyinki investisiya etmək, onların məhsullarını almaq və istehlak etmək də icazəli deyildir. Çünki bu, həmin qurumlara maddi dəstək göstərmək və onların güclənməsinə xidmət etmək hesab edilir. Bu kateqoriyaya nümunə olaraq İsrail dövləti və ona bağlı şirkətlər göstərilə bilər.

8. Yetkinlərə yönəlmiş əyləncə sektoru

Açıq-saçıq məzmun, çılpaqlıq və əxlaq pozğunluğu üzərində qurulan media və əyləncə sahələri Şəriət prinsiplərinə uyğun hesab edilmir.

9. Qonaqpərvərlik və əyləncə sektoru

Əgər otelçilik və əyləncə sahələri spirtli içki, qumar, donuz məhsulları və digər haram fəaliyyətlərdən uzaq olarsa, bu sahəyə sərmayə qoymaq mümkündür. Lakin praktikada çox vaxt bu fəaliyyətlər həmin sahələrlə əlaqələndirilir. Buna görə bəzi alimlər bu sektordan çəkinməyi məsləhət görürlər.

Əlaqəli yazılar:

-Halal olmayan pulla investisiya etmək olarmı?

-Halal investisiya aləti olaraq səhmlər

-Ən yaxşı halal investisiya ideyaları

© Halal Ekosistem