Səhm, bir şirkətin kiçik bir hissəsinə sahib olmaq deməkdir. Şirkətlər səhm buraxanda, bu hissələri insanlara satır və beləliklə, həmin insanlar şirkətin səhmdarlarına, yəni ortaqlarına çevrilir. Yəni, bir şirkətdən səhm alırsınızsa, o şirkətin bir hissəsinə sahib olursunuz.
Şirkətlər niyə səhm buraxır?
Şirkətlərə böyümək, yeni layihələr həyata keçirmək və ya borclarını ödəmək üçün pul lazımdır. Bunun üçün iki əsas yol var: ya borc götürmək (kredit), ya da səhm buraxaraq insanlardan pul toplamaq. Səhm buraxmaq şirkət üçün daha sərfəli ola bilər, çünki borc götürməkdə faiz ödəmək lazımdır. Amma səhm buraxanda, şirkət həmin hissələri alan səhmdarlara borclu olmur, sadəcə gələcəkdə mənfəət əldə edərlərsə, səhmdarlara dividend (pul) ödəyə bilərlər.
İnsanlar niyə səhm alır?
İnsanlar səhm alaraq iki əsas məqsədə nail olmaq istəyir:
- Dividentlər qazanmaq: Əgər şirkət mənfəət edərsə, səhmdarlara mənfəətin bir hissəsini dividend kimi ödəyə bilər. Bu, səhmdarlar üçün passiv gəlir deməkdir.
- Səhmin qiymət artımından qazanc: Şirkət yaxşı işlədikcə, onun səhmlərinin qiyməti arta bilər. İnsanlar səhmi ucuz qiymətə alıb, gələcəkdə baha qiymətə sata bilərlər.
Məsələn:
Bir şirkət düşünün ki, bir fabrik açmaq istəyir, amma bunun üçün çox pul lazımdır. Şirkət deyir ki, fabrikə yatırım etmək istəyənlərə səhm satıram. Siz də bir neçə səhm alırsınız. Əgər şirkət uğurlu olsa, həm dividend qazanacaqsınız, həm də səhminizin qiyməti arta bilər. Amma şirkət zərər edərsə, bu, sizin üçün riskli ola bilər.
Səhm almaq həm yatırım etmək, həm də şirkətin bir hissəsinə sahib olmaq fürsəti yaradır.
Siz belə bir sual verə bilərsiniz: Niyə bütün şirkətlər səhmdarlarına dividend ödəmir?
Dividend nədir?
Dividend – şirkətin öz mənfəətindən səhmdarlarına verdiyi ödənişdir və bu, şirkətin biznesindən əldə olunan mənfəətdən qaynaqlanır. Dividendlər səhmdarların ümumi yığıncağında təsdiq olunduqdan sonra verilir.
Əgər bir investor dividend əldə etmək istəyirsə, o, səhmləri nisbətən uzun müddət saxlamalıdır. Dividend almaq üçün investor, uyğun səhmdar kimi tanınan dövrədək səhmləri əlində saxlamalıdır. Ən çox yayılmış dividend forması nağd dividendlərdir, lakin bəzən dividend səhmlər şəklində də təqdim edilə bilər.
Şirkətlər niyə dividend ödəyir?
Dividendlər şirkətlərə mənfəətlərini səhmdarlarla paylaşmağa imkan verir. Bu, investorlara davamlı dəstək göstərdiklərinə görə təşəkkür etmə formasıdır və onları səhmləri saxlamağa təşviq edir. Lakin, bir şirkətin investorlara mənfəət bölüşdürməsi üçün əvvəlcə mənfəət əldə etməsi lazımdır. Nəticədə, davamlı gəlir əldə edən köklü şirkətlər dividend ödəməyə daha meylli olurlar.
Dividendlər investorları cəlb etmək üçün gözəl bir yanaşmadır, çünki investorlar bilirlər ki, səhmlərin qiymətində nə baş verməsindən asılı olmayaraq, onlar davamlı gəlir əldə edəcəklər. Dividendlər, xüsusilə səhmlərin dəyərlərinin sabit qaldığı və ya azaldığı dövrlərdə faydalıdır, çünki investorlar yenə də qazanc əldə etmək istəyirlər.
Niyə bəzi şirkətlər dividend ödəmir?
Dividend, investorların gözlədiyi bir şeydir. Lakin bütün şirkətlər dividend ödəmir. Dividendlər daha çox investor cəlb edə bilsə də, bəzi şirkətlərin bunu etməmək üçün səbəbləri var.
Şirkətlər qazandıqları mənfəəti səhmdarlara, yəni ortaqlarına payladıqda, bu mənfəəti biznesə yenidən investisiya edə bilmirlər. Keçmişdə yaxşı dividendlər ödəmiş olan şirkətlər, böyük miqyaslı investisiyalar və ya satın almalar planlaşdırırlarsa, gələcəkdə bunu edə bilməyəcəklər. Lakin, reinvestisiyalar yəni gələn qazancın yenidən işə qoyulması şirkətin böyüməsinə kömək edəcək və səhmlərin qiymətini artıracaq. Dividendlər, sağ qalmaq üçün yenidən investisiya etməli olan startaplar və digər sürətlə inkişaf edən bizneslər arasında daha az yayılmışdır.
Dividendlər daha çox böyük, yaxşı qurulmuş şirkətlər tərəfindən ödənilir, startaplar və ya kiçik şirkətlər tərəfindən isə daha az yayğındır. Bunun səbəbi, kiçik müəssisələrin mənfəətlərini səhmdarlara ödəməkdənsə, adətən onları yenidən investisiya edərək bizneslərini inkişaf etdirməyə ehtiyac duymalarıdır.
Dividend Ödəyən Şirkətlər
Sabit və proqnozlaşdırıla bilən böyüməyə sahib böyük şirkətlər adətən ən yaxşı dividend ödəyiciləri sayılır. Belə şirkətlər uzun müddət ərzində səhmdarlarına etibarlı və artan dividendlər təqdim edirlər. Bunun əsas səbəbi, səhmdarların yalnız şirkətin böyüməsindən deyil, əlavə olaraq dividend gəlirlərindən də faydalanmaq istəməsidir.
Ənənəvi olaraq, aşağıdakı sahələrdə fəaliyyət göstərən şirkətlər müntəzəm dividend ödəməyi davam etdirirlər:
- Əsas materiallar (məsələn, metallurgiya və xammal istehsalı)
- Neft və qaz sənayesi
- Banklar və maliyyə qurumları
- Əczaçılıq və səhiyyə sektoru
- Dövlət xidmətləri (kommunal xidmətlər)
Buna qarşı olaraq, biotexnologiya və texnologiya sahəsində fəaliyyət göstərən startaplar adətən dividend ödəmirlər. Çünki bu şirkətlər inkişafın ilkin mərhələsində olduqlarına görə əsas resurslarını tədqiqat və inkişaf işlərinə, yeni məhsulların bazara çıxarılmasına və gündəlik fəaliyyət xərclərinə sərf edirlər. Yüksək xərclər və bəzən yaranan zərərlər səbəbindən onların dividendlərə büdcə ayırması çətinləşir.
Tövsiyə edilən oxuma mətnləri:
© Halal Ekosistem