
Qlobal halal iqtisadiyyat yüksəlir, tələbin artması şəriətə uyğun yollarla investisiya üçün daha çox imkanlar yaradır.
Mütəxəssislərin fikrincə Qlobal İslam halal iqtisadiyyatının bazar dəyəri 2025-ci ilə qədər 7,7 trilyon dollara çatacaq. Bu isə 2015-ci ildə əldə edilən 3,2 trilyon dollardan iki dəfə çox və üç ildən az bir müddət əvvəl 2021-ci ildə hesablanmış 5,7 trilyon dollardan əhəmiyyətli dərəcədə yüksəkdir.
İslam Bankları və Maliyyə Təşkilatları üzrə Baş Şuranın ötən il açıqladığı hesabatda qlobal islam fondları bazarının son on ildə 300 faizdən çox artdığı və hazırda qlobal miqyasda təxminən 200 milyard dolların idarə olunduğu bildirilir.
Statistik məlumatlar həm halal həm də “şəriətə uyğun” investisiyalara və fürsətlərə tələbin artdığını göstərir.
İslamda investisiya qoyuluşuna icazə verilir, lakin investisiya fəaliyyətinin müəyyən aspektləri - məsələn, faiz hesablanması və ya ödənilməsi - icazə verilmir. Bu isə ənənəvi olaraq keçmişdə müsəlman əmanətçilər və investorlar üçün bir problem, bir fürsət itkisi idi
Halal investisiya nədir?
Halal ərəbcə "icazə verilmiş" mənasına gələn bir termindir və bunu şərtləndirir:
- Əməliyyatlara “ riba” (faiz) daxil ola bilməz.
- İnvestisiyalar “haram” (qanunsuz) aktivlərə və ya mallara, məsələn, donuz əti məhsulları, spirtli içkilər və ya hərbi ləvazimatlara və digərlərinə qoyulmamalıdır.
- İnvestisiya fəaliyyəti yüksək səviyyədə “Ğarar” ehtiva etməməlidir. “Ğarar” yüksək səviyyədə qeyri-müəyyənliyin olduğu əməliyyatlar və ya biznesdə müəyyənlik və şəffaflıq prinsiplərinə zidd olan əməliyyatları ifadə etmək üçün istifdadə edilən ərəbcə termindir.
Böyük Britaniya İslam Maliyyə Şurasının (UKIFC) direktoru Ömər Şeyx Əl-Cəzirə telekanalına bildirib ki, “Halal sərmayə pulunuzu və maliyyənizi inancınıza uyğun idarə etməkdir. Müsəlmanlar hesab edirlər ki, halal yolla pul qazanmaq, cəmiyyətə zərərli olan və dinin əxlaqına zidd yolla pul qazanmaqdan (daha çox olsa belə) daha yaxşıdır”.
Ethis İslam maliyyə qrupunun həmtəsisçisi və icraçı direktoru Umar Munshi deyir ki, şəriətə uyğunluq vacibdir, lakin etik investisiyalar axtaran qurumlar və investorlar bir addım da irəli gedərək bir biznesin tamamilə etik olduğuna əmin olmalıdırlar.
"Bir biznesin fəaliyyəti cəmiyyətə və ya ətraf mühitə mənfi təsir göstərməməlidir" deyən Munshi "Yəni sadəcə şəriətin tələblərə uyğun olması (sharia compliance) kifayət etmir, həm də mənfi təsirlərə səbəb olmamalıdır. Məsələn, tütün şirkətinə investisiya qoymaq şəriətə uyğun ola bilər, lakin bu, cəmiyyət üçün uyğun deyildir yəni etik investisiya sayılmır".
Halal investisiya necə işləyir?
Halal investisiyanın bir nümunəsi kimi İslam biznes maliyyələşdirilməsini götərə bilərik. Bu maliyyələşdirmə mənfəət (və zərər) paylaşımı, şəriətə uyğun sığorta və mülkiyyət payını təmsil edən İslam maliyyə sertifikatı sayılan sukuk kimi yeni modellərdən istifadə etməklə həyata keçirilir.
İnvestorların müntəzəm faiz ödənişləri aldığ borc qiymətli kağızlarının bir forması olan ənənəvi istiqrazlardan fərqli olaraq, sukuk investorları biznesin qismən mülkiyyətinə sahib olurlar və sonra zamanla əldə edilən mənfəətin bir hissəsini alırlar. Bu ödənişlər şəriətə uyğunluğu təmin etmək üçün faiz əvəzinə edilir.
“İslam maliyyə sektorunun cəmi 30 yaşı var və son 15 ildə çox inkişaf edib”, - deyə UKIFC-dən Şeyx bildirib. "Təhsil və maarifləndirmə üçün vaxt tələb olunur və bu inkişaf etdikcə daha çox bank halal investisiya tələbini ödəməyə diqqət yetirir. Bu, daha çox məhsul yaratmağa kömək edir və beləcə daha çox tələbat yaradır".
Niyə halal sərmayə daha çox populyarlaşır?
Goldman Sachs-ın 2022-ci ilin dekabrında dərc olunmuş hesabatına görə, 2075-ci ilə qədər dünyanın 10 ən böyük iqtisadiyyatından beşinin (Hindistan, İndoneziya, Nigeriya, Pakistan və Misir) 850 milyondan çox müsəlman əhaliyə sahib olacağı proqnozlaşdırılır.
Əhali artdıqca maliyyə məhsullarına tələbat da artır. DinarStandard araşdırma qrupu tərəfindən dərc edilən 2023 Qlobal İslam İqtisadiyyatının Vəziyyəti Hesabatına əsasən, 2022-23 maliyyə ilində şəriətə uyğun investisiyalara təxminən 25,9 milyard dollar sərmayə qoyulub ki, bu da illik müqayisədə 128% artım olduğunu göstərir.
Dubayda yerləşən daşınmaz əmlak investisiya platforması SmartCrowd-un həmtəsisçisi Siddiq Fərid, "Ümumiyyətlə, [halal investisiya] artmaqdadır. İnsanların savadlılıq səviyyəsi daha yüksəkdir və onlar dollarlarının qlobal miqyasda sosial-iqtisadi mənzərəyə necə təsir etdiyini daha yaxşı başa düşürlər" deyir.
"Onlar həm də çox diqqətlidirlər, bu da halal investisiyanın böyük tərkib hissəsi olan daha etik investisiyalara gətirib çıxarır. Bu, xüsusilə gənc nəsil arasında artmaqdadır. Gənc nəsil sosial baxımdan daha şüurludurlar və bir çox şeyin fərqindədir. İnsanlar pullarının dəqiq olaraq hara getdiyini və necə istifadə olunduğunu başa düşür."
Halal investisiya imkanlarının artması və onlara asan çıxışın olması da tələbatın artmasına səbəb olan amillərdəndir.
İsrailin Qəzzaya müharibəsi və onun təsiri
Son zamanlar halal investisiyalara tələbatın artması istehlakçıların İsraili və Qəzzaya qarşı onun həyata keçirdiyi müharibəni dəstəkləyən markaları boykot etməsi ilə daha da sürətlənib.
Fərid bildirib ki, İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda 32 mindən çox fələstinlinin öldürüldüyü bu müharibə investorların düşüncə tərzini "müəyyənləşdirib".
O deyir ki, “Halal investisiyalar durmadan artır və son altı ayda, əsasən gənc nəsil və 40 yaşdan aşağı olanlar arasında daha da sürətlənib”.
Texnologiya halal investisiyaların inkişafına necə bir şərait yaratdı?
FinTech Magazine ötən ilin dekabrında yazıb ki, müsəlmanlar dünya əhalisinin demək olar ki, dörddə birini təşkil etsə də, maliyyə aktivlərinin yalnız bir faizi şəriətə uyğundur. Mütəxəssislər bunun siravi istehlakçılar və fərdi investorlar üçün investisiyaları daha əlçatan edə biləcək “fintech” maliyyə texnologiyasının meydana çıxması ilə dəyişəcəyini deyirlər.
"Müsəlmanların investisiya mövzusunda ümumiyyətlə savadlılıq səviyyəsi aşağıdır və bunun bir səbəbi də müsəlman üçün çoxlu variantların, seçim imkanlarının olmamasıdır. Hətta şəriətə uyğun investisiyalar haqqında əsas məlumatlar da Müsəlman əhalisinin əksəriyyətinə açıq deyildir. Bunu FinTech Magazine ilə müsahibəsində onlayn maliyyə platforması Islamic Finance Guru-nun həmtəsisçisi İbrahim Xan deyib.
Bununla belə, sosial medianın inkişafı şəriətə uyğun maliyyə haqqında məlumatlılığın artmasına və əhəmiyyətli dərəcədə böyüməsinə töhfə verib. Bundan əlavə, fintex halal investisiya seçimlərini daha əlçatan edib, çünki bu seçimlər çox vaxt smartfon və ya noutbuk vasitəsilə daha rahat və istifadəsi asandır.
McKinsey & Company məsləhət qrupunun bu ilin yanvar ayında dərc etdiyi araşdırmaya görə, “fintex sənayesində gəlirlər 2023-2028-ci illər arasında ənənəvi bank sektoru gəlirlərindən təxminən üç dəfə daha sürətli artacaq”.
“Telefonunuz fiziki olaraq sizə ən yaxın olan əşyadır. Fintexlər bu paradiqmaya əsaslanaraq, pərakəndə müştərilər üçün effektiv, şəffaflıq və seçim imkanlarını artıran həllər yarada bilirlər. Burada əsas fəaliyyət məhz bununla bağlıdır. Bir çox banklar indi fintex əsaslı həllər yaradır və ya fintex şirkətlərini satın alır,” – deyə UKIFC-dən Şeyx bildirib.
Munşi isə fintexlərin cəlbedici tərəfinin hədəf auditoriyasının yaşı olduğunu vurğulayıb.
“Gənc nəsil onlayn investisiyalara daha açıqdır,” – deyə Munşi qeyd edib. Onun şirkəti alternativ maliyyə və investisiya imkanları üçün onlayn platforma və cəmiyyət idarə edir.
McKinsey & Company tərəfindən aparılan eyni araşdırma göstərib ki, fintex sektoru 2010-cu illərin ikinci yarısında rekord həcmdə kapital cəlb edib. Risk kapitalı (venture capital) maliyyələşdirilməsi 2015-ci ildə 19,4 milyard dollardan 2020-ci ildə 33,3 milyard dollara yüksəlib ki, bu da hər il orta hesabla 17 faiz artım deməkdir.
Tədqiqatda qeyd olunub ki, 2023-cü ilin iyul ayına olan məlumata görə, birjada ticarət olunan fintex şirkətlərinin ümumi bazar kapitalı 550 milyard dollar təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə iki dəfə çoxdur.
Source: Al Jazeera / Faras Ghani