"Halal Ekosistem" olaraq fəaliyyətimizin əsas qayəsi cəmiyyəti halal olmayan, zərərli vərdişlərdən qorumaq, sağlam və dürüst biznes mühitini təşviq etməkdir. Təəssüflə qeyd etməliyik ki, sosial media platformalarında qanunvericiliyin tələblərini kobud şəkildə pozan və aqressiv marketinq üsulları ilə tütün məmulatlarının satışını həyata keçirən hallara rast gəlməkdəyik.
Qanunvericilik nə deyir?
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tütün məmulatlarının reklamı və təşviqi qəti şəkildə qadağandır.
"Tütün və tütün məmulatı haqqında" və "Reklam haqqında" Qanunlara əsasən:
- Maddə 4.6: Narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.
- Maddə 15.3 və 15.4: Satışı stimullaşdırmaq məqsədilə alıcılara hədiyyə qismində tütün məmulatlarının təklif olunması, eləcə də tütün məmulatı alanlara başqa hədiyyələrin verilməsi qadağandır.
- Maddə 28: Elektron siqaretlər, qəlyanlar, siqaret kağızları və digər ləvazimatların reklamı qadağandır.
Qanunvericilikdə tütün məmulatı bu şəkildə təsvir edilir: tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.)
15 Minlik Auditoriya və Tanınmış Simanın Təbliğatı
İnstagram platformasında apardığımız monitorinqlər zamanı 15 min izləyicisi olan bir səhifənin qanunvericiliyi heçə sayaraq siqaret və tütün məmulatlarını açıq şəkildə reklam etdiyini aşkar etdik. Məsələnin ən narahatedici tərəfi isə odur ki, bu qanunsuz reklam kampaniyasının siması ölkənin tanınmış bloqqerlərindən biridir. Həmin şəxsin reklam çarxlarında davamlı və aktiv iştirakı, tütün məmulatlarını cəlbedici bir "lifestyle" (həyat tərzi) elementi kimi təqdim etməsi, bu biznesdə birbaşa marağının və ya ortaqlığının olması ehtimalını gücləndirir. Reklam kampaniyası o qədər peşəkar psixoloji təsir üsulları ilə (neyromarketinq elementləri ilə) hazırlanmışdır ki, istehlakçıda – hətta siqaret çəkməyən şəxslərdə belə – bu məhsullara qarşı maraq oyadır.
Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, bu reklamlar:
- Siqaretin zərərsiz olduğu barədə yanlış təəssürat yaradır;
- 15 minlik auditoriyaya, xüsusilə Xanımları və gəncləri hədəf kütləsi kimi seçərək zərərli vərdişləri "ziyansız" və "dəbli" kimi təlqin edir;
- Cəmiyyət tərəfindən tanınan simaların qanunsuz fəaliyyəti dəstəkləməsi sosial məsuliyyət prinsiplərinə tamamilə ziddir;
Gördüyümüz tədbirlər və nəticə
Vətəndaş cəmiyyətinin məsuliyyətli bir üzvü olaraq, bu qanun pozuntusu ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət etdik. Dövlət Xidməti müraciətimizə operativ reaksiya verərək araşdırma apardı və sözügedən MMC barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edildiyini rəsmi məktubla bildirdi.
Mövcud vəziyyət
Müvafiq dövlət qurumunun cəza tədbiri tətbiq etməsinə baxmayaraq, təəssüf hissi ilə qeyd edirik ki, həmin səhifədə qanunsuz reklamlar hələ də davam etməkdədir. İnzibati tənbeh tədbirlərinə məhəl qoyulmaması və ictimai sağlamlığın kommersiya maraqlarına qurban verilməsi qəbuledilməzdir.
Biz "Halal Ekosistem" olaraq, həm sahibkarları, həm də nüfuzlu şəxsləri (influenserləri) qanunlara hörmət etməyə çağırırıq. Qazanc naminə cəmiyyətin sağlamlığını hədəfə almaq qəbuledilməzdir. İzləyicilərimizi isə bu cür manipulyativ reklamlara qarşı diqqətli olmağa və sağlamlıqlarını qorumağa dəvət edirik.