Halal Ekosistem olaraq sosial mediada apardığımız audit yoxlamaları zamanı Bakıda fəaliyyət göstərən bir restoranın Instagram hesabında alkoqollu içkilərin reklamı ilə bağlı hüquqi pozuntu aşkarlanmışdır. Bu barədə dərhal "Antinhisar və İstehlak Bazarına Nəzarət Agentliyinə" müraciət edilmiş, qurumundan 3 ay sonra gələn rəsmi cavabda paylaşımların dayandırıldığı və silindiyi bildirilmişdir.
Agentliyin məktub formasında verdiyi cavabda "Instagram" sosial şəbəkəsi səhifəsində alkoqollu içkilərin reklamının yayımlanması barədə daxil olmuş müraciətə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq aidiyyəti üzrə baxıldığı qeyd edilmişdir.
Müraciətdə qaldırılan məsələnin araşdırılması ilə əlaqədar olaraq qeyd edilən restoranın "Instagram" sosial şəbəkə səhifəsində alkoqollu içkilərlə bağlı paylaşımların yayımının dayandırıldığı və gələcəkdə bu kimi hallara təkrar yol verilməməsi ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilmişdir.
Qeyd edək ki, alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı, alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması barədə rəy formalaşdırmaq və alkoqollu içkilərdən istifadə etməyənlərin nüfuzdan salınması kimi reklamlar qanunla qadağandır.
Cəmiyyətdə gördüyümüz xoşagəlməz hallar, qanun pozuntuları və ictimai dəyərlərə zidd davranışlar bəzən bizə adi, dəyişilməz, "onsuz da heç nə olmur" kimi görünə bilər. Lakin bu passiv yanaşma özü elə bir problemdir. Çünki qanun pozuntularının susqunluqla qarşılanması onların normal qəbul edilməsinə yol açır. Məhz buna görə, vətəndaş nəzarəti yalnız hüquqi bir alət deyil – bu, ictimai məsuliyyət olaraq həm də əxlaqi və dini bir öhdəlikdir.
Əgər cəmiyyətin təzyiqi və nəzarəti olmazsa, qanunlar kağız üzərində qalacaq. Vətəndaş nəzarəti – cəmiyyətin vicdanıdır.
Bu ictimai nəzarətin və hüquqi yolla irəli sürülən təşəbbüslərin nəticə verdiyinin sübutudur. Əgər siz də ictimai sahədə (xüsusilə sosial mediada) qanun pozuntusu və ya halallıq qaydalarına zidd hallar müşahidə edirsinizsə dərhal aidiyyatı qurumlara bu haqda məluma verin.
Müqəddəs kitabımız olan Qur`ani-Kərim bizlərdən ictimai məsuliyyət tələb edir:
(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. (3. Ali İmran surəsi, 110-cu ayə)
Ətraflı məlumat üçün: Qanunvericilik alkoqolli içki reklamına hansı məhdudiyyətlər qoyub? https://halalekosistem.com/.../qanunvericilik-alkoqolli...