Dəyərli izləyicilərimiz, bildiyiniz kimi "Halal Ekosistem" olaraq platformamızda yer alan şirkətlərin fəaliyyətini mümkün qədər izləyir və standartlarımıza uyğunluğunu yoxlayırıq. Hazırda siyahımızdakı bizneslərlə kommersiya münasibətimiz olmadığı üçün davamlı monitorinq imkanlarımız məhduddur (növbəti ildən bu xidməti genişləndirməyi planlaşdırırıq), lakin qarşımıza çıxan nöqsanlara dərhal reaksiya veririk.
Bu günlərdə tərəfdaşlarımızdan olan "Danaça" ət dükanının sosial media hesabında reklam standartlarımıza uyğun gəlməyən bir paylaşım (video) aşkar etmişdik. Vəziyyətlə bağlı firmaya dərhal rəsmi iradımızı bildirdik və müvəqqəti tədbir gördük.
Sevindirici haldır ki, "Danaça" rəhbərliyi müraciətimizə çox operativ və anlayışla yanaşdı. Halal biznes prinsiplərinə hörmət əlaməti olaraq, həmin paylaşımı səhifələrindən sildilər.
Biz bu nümunəvi davranışı təqdir edir, "Danaça"nın platformamızdakı AKTİV statusunu bərpa edir və fəaliyyətlərində bərəkət diləyirik. Halal qida axtarışında olan hər kəsə bu cür məsuliyyətli sahibkarları dəstəkləməyi tövsiyə edirik!
📍 Danaça haqqında ətraflı məlumat üçün saytımıza keçid edə bilərsiniz - Danaça (Ət Dünyası)
Maarifləndirmə: Niyə biz bu videoya irad bildirdik?
Digər sahibkarlara da faydalı olması baxımından məsələnin detallarını və "Halal Ekosistem"in mövqeyini izah edirik.
"Gulinaryy" adlı instaqram hesabı ilə əməkdaşlıq çərçivəsində hazırlanan həmin videoda, yeməyin bişirilməsi zamanı pivədən istifadə olunur, pivə şüşəsi nümayişkaranə şəkildə açılır və yeməyin üzərinə tökülür. Hər nə qədər videonun sonunda və mətnində pivənin "spirtsiz" olduğu qeyd edilsə də, vizual olaraq pivə istehlakının təşviq edilməsi və "pivə ilə bişirməmisinizsə, mən dadlı buğlama yemişəm - deməyin" kimi ifadələrlə haram qida mədəniyyəti təəssüratı yaradılır. Bu videoya Danaça səhifəsi də tag edilmiş və "Danaça" şirkətinin rəsmi səhifəsinə də düşmüşdür.
İslam biznes qaydalarına görə, təkcə haramın özü deyil, onu xatırladan, ona bənzəyən (təşəbbüh) və insanları şübhəyə salacaq vizual görüntülərin təbliği də yolverilməzdir. Marketinq baxımından bu cür görüntülər izləyicinin şüuraltında "əti pivə ilə bişirmək" vərdişini normallaşdırır və izləyiciləri (spirtli və ya spirtsiz fərqini nəzərə almada ) halal olmayan istehlak mədəniyyətinə sövq edir.
"Səddü-Zərai" (Harama aparan yolların bağlanması) və Təşəbbüh
- Günaha təşviq: Videoda pivənin "spirtsiz" olduğu sonda deyilir və ilk mesaj "Əti pivə ilə bişirin" mesajıdır. İnsanlar (xüsusilə videonu sona qədər izləməyənlər) bunu adi pivə kimi qəbul edib, spirtli pivə ala bilərlər. Bu halda "səbəbkar" həm bloqer, həm də bunu paylaşan şirkət olur.
- Təşəbbüh (Bənzətmə): İslamda haram olan bir şeyin formasına və ya ritualına bənzəmək də bəyənilmir. Pivə şüşəsini açıb yeməyə tökmək, spirtsiz olsa belə, "içki mədəniyyətini" təqlid etməkdir. Halal bir brendin belə bir mədəniyyəti öz səhifəsində nümayiş etdirməsi yolverilməzdir.
- Şübhəli şeylərdən çəkinmək: İslam Peyğəmbəri (s.ə.s) buyurmuşdur: "Sənə şübhə verən şeyi burax, şübhə verməyənə yönəl." Bu video açıq-aşkar şübhə mənbəyidir.
Marketinqdən bilirik ki, insan beyni vizual görüntüləri sözlərdən daha tez qəbul edir. İzləyicinin beynində yaranan ilk assosiasiya: Pivə istifadə oluna bilər, Pivə yeməyə qatıla bilər, onda daha dadlı olur.
Qeyd edək ki, bu cür reklam formaları "Halal" brendinin təməl prinsiplərini zədələyir. Belə ki, bu cür reklamları görən müştəridə biznesin digər fəaliyyətinin (məhsul və xidmətlərini) halallığı da şübhə altına girmiş olur.
Bu, bizim "Halal Ekosistem" olaraq qurduğumuz "Təyyib" (Təmiz/Pak) imicinə ziddir. Saytımızdan həmin səhifəyə keçən bir müştəri o videonu görəndə, avtomatik olaraq bizim platformamız olan güvənini itirəcək. Bu platforma sadəcə bir kataloq deyil, bir zəmanət mənbəyidir. İnsanlar bizə güvənib o firmalara gedirlər. Bizim "Halal Ekosistem" olaraq əsas missiyamız istifadəçilərimizə şübhədən uzaq, halal prinsiplərə tam uyğun xidmət göstərməkdir.