30 August 2025

Səhm ticarəti ilə bağlı halallıq qaydaları nədir?

Halal Ekosistem|İnvestisiya

İnvestisiya anlayışı, dəyəri artan və ya gələcəkdə artması gözlənilən, həmçinin gəlir ödənişləri və ya kapital qazancı formasında gəlir təmin edən aktivlərin əldə edilməsinə əsaslanır. Sərmayə qoyuluşu üçün müxtəlif aktivlər mövcuddur ki, bunlara zinət əşyaları, qiymətli kağızlar (faizli borc sənədləri), daşınmaz əmlak, valyuta saxlanması, səhmlərin alınması və digər oxşar alətlər aiddir.

Lakin mövcud maliyyə sisteminin əsasən faiz (riba) prinsipi üzərində qurulması səbəbindən bu alətlər arasında halal investisiya imkanları məhdud xarakter daşıyır. Çünki faiz sistemi maliyyə bazarının bütün elementlərinə nüfuz etmişdir. Müasir dövrdə maliyyə sistemində “ən az riskli” və “halal görünən” alətlər belə ciddi şəri araşdırma və qiymətləndirmə tələb edir. Bu kontekstdə diqqət çəkən əsas vasitələrdən biri səhmlərin alqı-satqısıdır.

Şirkətlərin səhmlərinin alınması həmin şirkətlərə sərmayə yatırmaq sayılır. Səhm, anonim cəmiyyətin nizamnamə kapitalında şəriklik payını ifadə edir. Eyni zamanda, şirkətin aktivlərində və kapitalının mal, fayda, borc və digər haqqlara çevrilməsi halında bunlara da ortaqlığı təmsil edir. Səhm alqı-satqısında müqavilənin mövzusu məhz bu şəriklik payıdır. Səhmin alınması həm investisiya məqsədilə, həm də qiymət dəyişmələrindən faydalanmaq üçün ticarət məqsədilə həyata keçirilə bilər. Səhm ticarətindən gəlir həm müvafiq səhmlərin qiymət artımı, həm də şirkətin mənfəətindən ödənilən müntəzəm dividendlər vasitəsilə təmin olunur.

Halallıq baxımından əsas fəaliyyət sahəsi şəriət qaydalarına uyğun olsa belə faizli əməliyyatlara qarışan və ya haram malların ticarəti ilə məşğul olan bir şirkətin səhmlərinə investisiya etməklə ona şərik olmaq qadağandır. Belə şirkətlərə ortaq olmaq və ya onların səhmlərinin alqı-satqısını həyata keçirmək İslam hüququnda qəti surətdə haram hesab edilir. Bununla belə, müəyyən şərtlər daxilində həyata keçirilən sərmayə qoyuluşları və ticarət əməliyyatları bu ümumi qadağadan istisna edilə bilər.

Qeyd edək ki, İslami sərmayə bazarları ilə bağlı araşdırmaların başladığı ilk illərdə İslam alimləri, faizli əməliyyatları olan şirkətlərə investisiya etməyi yəni onların səhmlərini alıb ortaq olmağı caiz hesab etmirdilər. Hətta 1993-cü ildə İslam Fiqh Akademiyası (IFA) tərəfindən yayımlanan bir fətvada, faizli əməliyyatlar aparan şirkətlərin səhmlərini alan müsəlman investorların, şirkətin bu faizli əməliyyatlarının dayandırılması üçün şirkətin idarə heyətinə təzyiq göstərmədikləri halda, həmin şirkətlərə investisiya etməyin caiz olmadığı bildirilmişdir.

Sonrakı dövrdə formalaşan və bu gün geniş qəbul edilən yanaşmaya görə aşağıdaki şərtlər daxilində bu cür şirkətlərə investisiya edilə bilər.

AAOIFI standartlarına əsaslanan bu şərtlər aşağıdakılardır:

  1. Şirkətin nizamnaməsində (ana müqaviləsində) faizli əməliyyatların və ya İslamda haram hesab edilən mal və xidmətlərin (məsələn, spirtli içkilər, donuz məhsulları və s.) istehsalı, satışı və ya ticarəti ilə bağlı hər hansı bəndin yer almaması zəruridir. Başqa sözlə, şirkət hər hansı haram əməliyyatları həyata keçirə biləcəyini əvvəlcədən qəbul və elan etməməlidir. Belə bir müddəanın mövcudluğu, şirkətin fəaliyyətinin mahiyyətcə şəriət prinsiplərinə zidd olduğunu göstərir və həmin şirkətin səhmini almaq yəni ona şərik olmaq qadağandır.
  2. Şirkətin götürdüyü faizli kreditlərin ümumi məbləği şirkətin bütün səhmlərinin ümumi bazar dəyərinin 33%-ni aşmamalıdır. Burada xüsusi vurğulanmalı məsələ odur ki, miqdarı nə qədər olursa-olsun faizli kredit götürmək İslam fiqhində qəti şəkildə haramdır. Biz isə burada faizli kredit götürməklə faiz ödəyən bir şirkətə ortaq olmaqdan danışırıq.
  3. Şirkətin faiz gəliri əldə etmək məqsədilə faizli banklarda yerləşdirdiyi qısa, orta və ya uzunmüddətli faizli depozit hesablarının ümumi məbləği, şirkətin bütün səhmlərinin ümumi bazar dəyərinin 33%-ni aşmamalıdır. Burada xüsusi olaraq qeyd edilməlidir ki, məbləğindən asılı olmayaraq, vəsaiti faizli hesablara yatırmaq İslam dinində qəti şəkildə haram sayılır. Lakin bu kontekstdə söhbət birbaşa olaraq faizli depozitlər vasitəsilə faiz gəliri əldə edən bir şirkətə ortaq olmaq məsələsindən gedir.
  4. Şirkətin dini baxımdan qəbahətli (icazəsiz) hesab edilən fəaliyyətlərdən – məsələn, faizli əməliyyatlardan, spirtli içkilər və digər haram mal və xidmətlərinin satışından – əldə etdiyi gəlir, şirkətin ümumi gəlirinin 5%-ni aşmamalıdır. Burada xüsusi vurğulanmalıdır ki, haram gəlirin mənbəyindən asılı olmayaraq – istər faiz əməliyyatları nəticəsində, istərsə də birbaşa haram malların mülkiyyətə keçirilməsi yolu ilə əldə olunsun – hüquqi və fiqhi baxımdan mahiyyət eyni olaraq qalır.
  5. Yalnız likvid (pul vəsaitləri) aktivlərə sahib olan şirkətlərin səhmləri, yalnız nominal dəyəri üzərindən və qarşılıqlı təhvil-təslim əsasında nağd şəkildə alınıb-satıla bilər. Yalnız borc xarakterli aktivlərə sahib olan şirkətlərin səhmləri isə ancaq borclarla bağlı hökmlərə riayət edilməklə alınıb-satıla bilər. Halallıq qaydalarına görə nağd pul və borc yalnız nominal dəyəri* üzərindən alınıb-satıla bilər. Halbuki, səhm şirkətin aktiv və öhdəlikləri (borcları) üzərində pay sahibliyini göstərir və onun bazar qiyməti həmin pay sahibliyinin dəyəri kimi qəbul edilir. Şirkətin aktivləri fiziki mal və patent (brend) kimi haqqlar şəkilində olur, öhdəlikləri isə əsasən pul formasında. Səhm qiymətləri yalnız şirkətin balans (dəftər)* dəyərini deyil, həm də makroiqtisadi hadisələri və şirkətə dair gözləntiləri əks etdirdiyi üçün, əksər hallarda dəftər dəyərindən fərqli qiymətlərlə ticarət olunur. Halallıq prinsiplərə əsasən, aktivlərinin əksəriyyəti nağd pul və oxşar maliyyə (likvid) vəsaitlərindən ibarət olan şirkətlərin səhmlərinin nominal dəyərindən fərqli satılması qadağandır. Amma aktivləri əsasən pul və borclardan (alacaqlardan) ibarət olan şirkətlərin səhmlərinin alınıb-satıla bilməsi üçün, şirkətin mal və xidmətlərinin ümumi aktivdəki payı üçdə birdən az olmamalıdır. Yalnız bu halda pul və borcların başqa sözlə maliyyə vəsaitlərinin şirkətin digər əsas fiziki aktivləri sayılan mal və xidmətlərinə tabe olduğu qəbul edilə bilər. Şirkətin aktivlərində nə çoxluq təşkil edirsə şirkətin statusu da ona görə təyin edilir. Elə şirkətlər ola bilər ki, onun heç bir əmlakı, fiziki mülkü, olmasın, əsas aktivləri pul vəsaitlərindən, borclardan ibarət olsun.
    • *Nominal dəyəri - Bir səhmin şirkət yaradılarkən nizamnamədə göstərilən ilkin dəyəridir. Adətən qanunvericilikdə müəyyən edilmiş minimum məbləğ əsasında müəyyən olunur, səhmin üzərində yazılan “rəsmi qiymət”dir, bazardakı real qiyməti əks etdirmir. Məsələn: Bir şirkət təsis olunarkən hər səhm üçün nominal dəyər 1 AZN müəyyən edilə bilər.
    • *Balans (dəftər) qiyməti - Bir səhmin şirkətin maliyyə hesabatlarındakı xalis aktivlərinə əsasən hesablanan dəyəridir. Yəni, şirkət dərhal bağlansa və bütün aktivləri satılaraq öhdəliklər ödənilsə, hər səhm sahibinə düşəcək pay balans qiymətidir. Başqa sözlə şirkətin mühasibat uçotundakı real xalis aktivlərinə görə hesablanan dəyərdir. Məsələn: Bir şirkətin xalis aktivləri 10 milyon AZN, dövriyyədə olan səhmlərin sayı 2 milyon ədəd olarsa, bir səhmin balans qiyməti 5 AZN olacaq.

Əgər şirkətin aktivləri mallar, faydalar (mənfəətlər), pul və borclardan ibarət olmaqla qarışıqdırsa, səhmlərin alqı-satqısı ilə bağlı hökm şirkətin əsas fəaliyyət sahəsindən və quruluş məqsədindən asılı olaraq dəyişir:

  • Əgər şirkətin quruluş məqsədi və əsas fəaliyyət sahəsi mallar, mənfəətlər (xidmət) və haqlar üzərindədirsə, sərbəst şəkildə bu şirkətin səhmləri alınıb-satıla bilər. Lakin bunun üçün malların, mənfəətlərin və haqqların bazar dəyəri şirkətin ümumi aktivlərinin ən azı 30%-ni təşkil etməlidir. Bu şərt təmin edildiyi halda, pul və borcların miqdarı önəmli deyil, çünki onlar bu əsas aktivə “tabi” hesab olunur.
  • Əgər şirkətin əsas fəaliyyət sahəsi və quruluş məqsədi qızıl, gümüş və ya pul ticarəti üzərində qurulubsa, səhmlərin alqı-satqısında sarf (pul mübadiləsi) hökmlərinə riayət olunmalıdır.
  • Əgər şirkətin fəaliyyət sahəsi və quruluş məqsədi borclar (kredit, maliyyələşdirmə və s.) üzərindədirsə, bu halda səhmlərin alınıb-satılmasında borclara dair hökmlərə riayət edilməlidir.

“Təmizləmə” (purification)

Şirkətin qadağan olunmuş əməliyyatlardan əldə etdiyi gəlirdən səhmlərə düşən pay, aşağıda izah ediləcək metodologiya əsasında “təmizləmə” (purification) prosesi vasitəsilə dövriyyədən çıxarılmalıdır. Başqa sözlə, şirkətin səhmdarlarına pay bölgüsü zamanı haram gəlir hissəsi ayrıca müəyyən olunmalı və sərmayəçi bu məbləği xeyir işlərə sərf etməklə təmizləmə aparmalıdır.

Təmizləmə prosesi fiqh alimləri tərəfindən aşağıdaki kimi izah edilmişdir:

a. İstər sərmayə qoyuluşu, istərsə də ticarət yolu ilə səhmlərə sahib olan investorlar, maliyyə dövrünün sonunda şirkətin həyata keçirdiyi haram əməliyyatlar (faiz gəlirləri, haram malların mülkiyyətə keçirilməsi və s.) nəticəsində formalaşan gəlirlərdən xilas olmaq məqsədilə “təmizləmə” (purification) əməliyyatı aparmalıdırlar. Bu məqsədlə, səhmlər üzrə əldə etdikləri ümumi gəlirlərdən, şirkətin maliyyə hesabatlarında müəyyən edilən “şübhəli gəlir” nisbətinə uyğun hissə ayrılaraq əldən çıxarılmalıdır.

Bununla belə, maliyyə dövrü tamamlanmadan əvvəl səhmlərini satan investorların belə bir təmizləmə əməliyyatı aparmalarına ehtiyac yoxdur. Çünki həmin investorlar, şirkətin müvafiq dövr üzrə maliyyə nəticələrindən gəlir əldə etməmiş olurlar və bu səbəbdən onların halal gəlirləri şübhəli gəlirlə qarışmamış hesab edilir.

b. Təmizlənməsi vacib olan məbləğ, şirkətin haram əməliyyatlardan əldə etdiyi gəlirdən hər bir səhmə mütənasib şəkildə düşən pay əsasında müəyyən edilir. Bu baxımdan, şirkətin maliyyə dövrünün sonunda mənfəət paylaması (dividend verməsi) və ya ümumilikdə mənfəət və ya zərər ilə nəticələnməsi arasında hər hansı fərq yoxdur. Çünki təmizləmə əməliyyatı, məhz haram əməliyyatlar nəticəsində formalaşan gəlirin aradan qaldırılmasına yönəlmişdir və bu gəlirin mövcudluğu dividend paylanmasından asılı deyil.

c. Vasitəçi qurumların, brokerlərin, nümayəndələrin və ya səhmlərin alqı-satqısını həyata keçirən digər tərəflərin aldıqları komissiya və ya xidmət haqqından təmizləmə aparılmasına ehtiyac yoxdur. Bunun səbəbi, onların əldə etdikləri vəsaitin, birbaşa sərmayədən əldə edilən gəlir deyil, göstərilən xidmətin və ya icra edilən əməliyyatın əvəzini təşkil etməsidir. Beləliklə, bu cür ödənişlər halal qazanc kateqoriyasına aid edilir və əlavə təmizləmə tələb olunmur.

d. Səhmlərdən təmizlənməsi tələb olunan “şübhəli gəlir”in hesablanma üsulu aşağıdakı kimidir: Əvvəlcə şirkətin ümumi maliyyə dövrü ərzində əldə etdiyi şübhəli gəlir müəyyən edilir. Daha sonra bu məbləğ mövcud səhm sayına bölünərək bir səhmə düşən şübhəli gəlir hesablanır. Səhmlərə sahib olan və ya onlarla əməliyyat aparan investorlar isə, sahib olduqları səhm sayını bu göstərici ilə vurmaqla təmizləməli olduqları yekun məbləği müəyyən edirlər.

e. Əldə edilmiş və təmizlənməsi zəruri olan “şübhəli gəlir”dən hər hansı şəkildə faydalanmaq yolverilməzdir. Belə məbləğdən şəxsi məqsədlər üçün istifadə etmək, o cümlədən vergi ödənişlərini həyata keçirmək niyyəti ilə hiyləyə əl atmaq da caiz hesab edilmir.
(AAOIFI, 2012: 442–444)

AAOIFI-nin yekun mövqeyi:
Yuxarıda sadalanan şərtlər yerinə yetirildiyi təqdirdə, əsas fəaliyyəti halal olmaqla yanaşı müəyyən dərəcədə haram elementləri də ehtiva edən şirkətlərin səhmlərinə sərmayə qoymaq icazəli hesab olunur.

Yuxarıdaki mətni daha yaxşı başa düşmək üçün bu yazını da oxuyun: Səhm alqı-satqısı halaldırmı?

© Halal Ekosistem