29 August 2025

Səhm alqı-satqısı halaldırmı?

Birja qiymətli kağızların, valyutaların, əmtəələrin və digər maliyyə alətlərinin alqı-satqısının həyata keçirildiyi bazardır. İnvestorlar və şirkətlər kapital cəlb etmək və sərmayə yatırmaq üçün bu ortaq nöqtədə görüşür.

Birjada əməliyyat aparan investorlar, vasitəçi qurumların təqdim etdiyi onlayn ticarət platforması üzərindən alış və satış əmrlərini göndərirlər. Verilən əmrlər miqdar və qiymət baxımından avtomatik olaraq uyğunlaşdıqda, alış-satış əməliyyatı reallaşır. Əmr göndərilməsi həmçinin telefon, faks və ya şəxsən müraciət yolu ilə də mümkündür. Bir investorun alış əmrinin həyata keçməsi üçün, həmin qiymət səviyyəsində və kifayət qədər miqdarda satış əmri bazara daxil edilmiş olmalıdır. Yəni, birjada əmrlərin icrası tələb və təklifin uyğunlaşmasına bağlıdır.

Birjada fəaliyyət göstərən şirkətlərin səhmləri “lot” adlanan vahidlər şəklində satılır.
Lot – birjadakı əməliyyat vahidini ifadə edir. “1 lot” demək, “1 ədəd səhm” deməkdir. Məsələn, bir səhm 1,20 AZN qiymətindədirsə, 1 lot (yəni 1 səhm) alan investor bunun qarşılığında 1,20 AZN ödəyir. Əgər 1000 lot almaq istəsə, 1200 AZN ödəməklə həmin şirkətin 1000 səhmindən əldə edə bilər. Investor sərmayə qoymaq istədiyi şirkətlərin səhmlərindən istədiyi qədər lot ala və sonradan satmaqla ticarət əməliyyatlarını həyata keçirə bilər.

Birja əslində bir auksion (hərrac) mərkəzi kimi fəaliyyət göstərir. Qiymətlərin formalaşması baxımından bu bənzətmə tamamilə doğrudur. Alıcılar mümkün olan ən aşağı qiymətdən səhm almaq istəyirlər. Bunun üçün müəyyən bir səhm üçün ödəməyə razı olduqları qiyməti təklif edirlər. Bu təklifə ən yaxşı alış qiyməti deyilir.

Satıcılar isə mümkün olan ən yüksək qiymətdən satış edərək maksimum qazanc əldə etmək istəyirlər. Onlar əlindəki səhmi satmağa hazır olduqları qiyməti təklif edirlər. Bu da ən yaxşı satış qiyməti adlanır.

Bu iki qiymət arasındakı fərq “spread” adlanır. Alıcı və satıcı isə ortaq məxrəcə gəlmək üçün müzakirə aparmış kimi davranır. Əməliyyata vasitəçilik edən broker şirkətləri bu fərqdən, yəni alış-satış əməliyyatlarından komissiya haqqı əldə edirlər.

Belə əməliyyatların mövcudluğu birjanın davamlı fəaliyyətini təmin edir. Əgər heç bir alıcı yoxdursa, birja işləyə bilməz. Eyni şəkildə vasitəçilər olmadıqda da birjada ticarət fəaliyyəti mümkün olmaz.

Səhm alqı-satqısı nə üçün halaldır?

  1. Şirkət sərmayəsini müəyyən paylara bölür və istənilən şəxs bu paylara sahib ola bilir. Hissələr şirkətə bağlı olaraq mənfəətə və zərərə ortaqdır. Zəruri halallıq şərtlərini daşıdığı üçün bu formada səhm alaraq şirkətə ortaq olmağın caiz olmasında şübhə yoxdur.
  2. Səhm alqı-satqısı, mənfəət və zərərə şəriklik ifadə etdiyi üçün əsasən halaldır. Lakin halallıq hökmü, səhmi buraxan şirkətin biznes fəaliyyətlərinin halal olmasına bağlıdır. İslam Konfransı Təşkilatına bağlı İslam Fiqh Akademiyası 1988-ci ildə Rabat, 1992-ci ildə isə Ciddədə keçirilən iclaslarında bu yöndə qərar qəbul etmişdir.
  3. Halal və haramla qarışıq olan bir malın çoxu halal olarsa, onu alıb-satmaqda qəbahət yoxdur. Böyük İslam alimi Kəsani bu barədə belə demişdir: “Hər hansı bir malın çoxu halal olarsa, onu alıb-satmaqda bir qəbahət yoxdur.” Bu prinsip səhmlərə də şamil edilə bilər. Lakin şirkətin pulunu qeyri-məqbul sahələrə yatıran və ya faizli kredit götürən kəs tam məsuliyyət daşıyır.
  4. Birjanın iş prinsipi ilə bağlı bir çox mənfi nüans mövcud olsa da, onun haramlığına dair qəti dəlil yoxdur. Buna görə səhm alqı-satqısına tamamilə haram demək doğru olmaz. Lakin mövcud mənfi hallara görə, bu iş yalnız məkruh sayıla bilər.
  5. Səhm həm maddi (əmlak), həm də nağd varlığı təmsil etməsinə baxmayaraq, alqı-satqısında yalnız nağd varlığın satıldığı iddiasından dolayı caiz görülməməsi doğru deyildir. Çünki şirkətin nağd varlığı onun əmlakına tabedir. Səhm alqı-satqısı zamanı əmlak da ötürülmüş olur.
  6. Səhmə əsaslanan şirkət forması klassik fiqh ədəbiyyatında mudarəbə olaraq tanınır. Bu ortaqlıqda mənfəət və zərərə şəriklik prinsipi var və bu da mubah sayılmışdır.
  7. Zəruri halallıq şərtlərini daşıyan bir şirkətin səhmini almaq caizdir. Qərbin ticarət hüququndan götürülmüş anonim şirkətlərin İslam fiqhindəki şirkət formaları arasında mövcud olmaması hər hansı problem yaratmır. İslam dininin əsas prinsip və qaydaları ilə ziddiyyət təşkil etmədiyi müddətcə, ictimai faydaya yönəlmiş yeniliklərin qəbul edilməsində dini bir qəbahət yoxdur. Qeyd edək ki, anonim şirkət məsələsi 1987-ci ildə Taqi Osmani, Salih Tuğ və Muhamməd Tayyib ən-Nəccarın, 1992-ci ildə isə İslam Fiqh Akademiyasının fətvası ilə həllini tapmışdır.
  8. Səhmin sadəcə bir ortaqlıq sənədi kimi yox da, müstəqil bir mal kimi alınıb-satılmasından ötrü caiz olmadığını iddia etmək düzgün deyil. Çünki muaməlat sahəsində əsas prinsipi mubahlıq təşkil edir. Səhm özü ayrıca bir mal formasını almış olsa belə, onun alqı-satqısını halal olmaqdan çıxaracaq güclü bir dəlil yoxdur.
  9. Birjada manipulyativ müdaxilələrlə süni qiymət formalaşdırmaq qətiyyən icazəli deyil. Manipulyasiya bir çox hədislə qadağan edilmişdir. Lakin anonim şirkətin və səhmin təbiəti ilə bağlı olmayan bu kimi manipulyativ və spekulyativ hərəkətlər səhmin caizliyini birbaşa pozmaz.
  10. Müasir fiqh alimlərinin böyük əksəriyyəti, səhmlərin əsasən bir ortaqlığı təmsil etməsindən dolayı onların alqı-satqısına icazə vermişlər. Məsələn, Muhamməd Əbu Zəhra, Əli əl-Həfif, Abdüləziz Hayyad, M. Yusuf Musa, Mahmud Şeltut, Abdülvəhhab Xəllaf, Abdürrəhman Həsən kimi alimlər də birjanın caiz olduğunu müdafiə etmişdir. Sərmayə bazarlarının tam bir qaydaya salınmadığı, manipulyativ müdaxilələrin və süni qiymət formalaşmalarının baş verdiyi birjalar müəyyən mənada qumar görüntüsü ala bilər. Birjada bu cür hərəkətlərin dərəcəsi səhm alqı-satımının hökmünə təsir göstərə bilər. Lakin bu, aradan qaldırılması və qarşısı alınması vacib olan müvəqqəti bir vəziyyəti ifadə edir və səhm alqı-satımını əsasən qayda olaraq haram etməz.
  11. Bir şirkətin fəaliyyət sahəsi halal olsa da, əməliyyatlarının bir hissəsində haram fəaliyyətlər olma ehtimalı var. Müasir dövrdə bir çox şirkətlər faizli kreditlərdən istifadə edir və ya artıq pul vəsaitlərini faizli bank depozitlərinə yatırırlar. Qida sektorunda fəaliyyət göstərən şirkətlər əsasən halal məhsullar istehsal etsələr də, bəzən spirtli içki və donuz məhsulları kimi haram qida maddələri də istehsal edə bilirlər. Müasir fiqh alimlərinin çoxu belə hallarda şirkətin tamamilə haram fəaliyyətlə məşğul olmaması şərti ilə, müəyyən şərtlər daxilində səhmlərinin alınmasını caiz görürlər. Burada alimlərin çoxu, haram əməliyyatların payı ümumi fəaliyyətin müəyyən hissəsini keçmədikcə səhmlərin alınmasının caiz olduğunu, lakin haram qismdən gələn qazancın kasıblara paylanmalı olduğunu qeyd edirlər. Onlar bu görüşü “qaçılmazlıq”, “çətinliklərin aradan qaldırılması” və “ehtiyac” prinsipləri ilə əsaslandırmışlar.
  12. AAOIFI, Racihi Bank, İordaniya İslam Bankı kimi bəzi fətva qurumları şirkət səhmlərinin alınması üçün şirkətin haram fəaliyyətlərindən əldə etdiyi gəlirin müəyyən faizdən çox olmamasını, həmçinin faizli kreditlərinin və faizli aktivlərinin ümumi aktivlər içində müəyyən nisbəti aşmamasını şərt kimi müəyyən etmişlər. Abdullah əl-Məni, Yusuf əl-Qaradavi, Əli Muhyiddin əl-Qaradaği və Yusuf əş-Şibli kimi alimlər də bu görüşü dəstəkləmişlər. Əsas fəaliyyəti halal, lakin əməliyyatlarında müəyyən qədər haram elementləri olan şirkətlərə sərmayə yatırılmasının caizliyi məhz İslam maliyyə indekslərinin də ortaya çıxış nöqtələrindən birini təşkil edir.

Yuxarıdaki mətni daha yaxşı başa düşə bilmək üçün bu yazını da oxu: Halal investisiya aləti olaraq səhmlər

© Halal Ekosistem