30 November 2024

Halal reklam anlayışı

Halal Ekosistem|Marketinq-Reklam

Təəssüf ki, günümüzdə bəzən ən keyfiyyətli məhsul özünə müştəri tapa bilmədiyi halda ondan dəfələrlə aşağı keyfiyyətdə olan başqa bir məhsul müştəri bolluğu yaşayır. Bunun əsas səbəblərindən biri, şübhəsiz ki, reklam amilidir. Məhsul əsas məqsəd, reklam isə bu məqsədə çatmaq üçün vasitədir. Təəssüf ki, məqsədə deyil, vasitəyə fokuslanan bəzi sahibkarlar halallıq prinsiplərini pozaraq yalnız qazanca önəm verirlər. Halbuki sahibkarın əsas məqsədi insanların ehtiyaclarına cavab verən, keyfiyyətli məhsul təqdim etmək olmalıdır.

Reklam və marketinq bu gün ən vacib sektorlardan biridir. Lakin bu sahədə halallıq qaydalarının ən çox pozulduğunu müşahidə edirik. Bəzi şirkətlər məhsullarını satmaq üçün doğru olmayan yollara əl atır, dəyərləri tapdalayır, müştəriləri aldadır və ümumi biznes mühitinə ziyan vururlar. Nəticədə dürüst işləməyə çalışan digər sahibkarlar da bazarın halal olmayan reallığı ilə ayaqlaşmağa məcbur qalırlar.

Bütün bunları nəzərə alan Halal Ekosistem öz hədəfləri arasına ölkəmizdə ədalətli, şəffaf, dürüst və etik reklam mühiti formalaşdırmağı ön sıralara qoyub. Biz inanırıq ki, düzgün reklam həm sahibkarların, həm də istehlakçıların mənafeyinə xidmət edəcək.

Reklam Fəaliyyətində Diqqət Edilməli Əsas Prinsiplər

Sosial media və ümumi biznes proseslərində halal reklam qaydalarını qorumaq üçün aşağıdakı prinsiplərə əməl etmək vacibdir:

1. Halal Olmayan Məzmundan Uzaq Durun

Sosial media platformalarında mətn, sənədlər, fotolar, musiqilər, videolar, reklamlar və s. paylaşılan məzmunlar halal olmayan elementlər ehtiva etməməlidir. Bu çərçivədə İslam inancının əsaslarını və dəyərlərini inkar edən və ya onlara istehza edən, Allaha şərik qoşmaq, batil dinləri tərifləmək və bəyənmək, bu dinlərə aid simvolları gözəl göstərmək kimi tövhid inancına zidd olan, İslamın haram etdiyi faiz, spirtli içki, donuz əti məhsulları, qumar, yalan, zina, qeyri-əxlaqi özəllik daşıyan ünsürlərə təşviq edən hər hansı məzmunun yüklənilməsi, paylaşılması, kliklənməsi, bəyənilməsi, izlənilməsi və reklam edilməsi qəti şəkildə qadağandır. Ona görə də belə üsullarla pul qazanmaq da halal deyildir.

Gündəlik Həyatdan Misal:Bir şirkət enerji içkisi reklamı hazırlayır, amma reklamda qeyri-etik davranışlar və ya spirtli içkilərə təşviq edən görüntülər var. Bu cür reklamlar halallıq prinsiplərinə ziddir.

2. Reklamların Məzmununa Diqqət Edin

Bu platformalara yüklənən məzmunlar halal olsa belə, onlara baxarkən və ya klikləyərkən ortaya çıxan reklamların da halal olması üçün lazımi tədbirlər görülməlidir.

Nümunələr:

  • YouTube kanalınız halal mövzulara həsr olunubsa, yayımladığınız videolarda faiz reklamı və ya qeyri-etik görüntülər yer almamalıdır.

Praktiki Təklif:YouTube reklam gəlirlərini idarə edən platformalar vasitəsilə reklam kateqoriyalarını seçin və uyğun olmayan reklamları bloklayın.

3. Saxta İzlənmə və Abunəçi Artırma

Saxta izləyici sayını artırmaq üçün bot hesablar açmaq və ya satın almaq yalandır və insanları aldatmaq sayılır.

Gündəlik Misal:

Bir şirkət sosial mediada tanınmaq üçün saxta izləyicilər alır. Nəticədə izləyici sayını və rəyləri görən insanlar səhifənin etibarlı olduğunu hesab edir, lakin məhsul və xidmətlər gözlənilən keyfiyyətdə olmaya bilər. Nəticəsi nə olursa olsun istənilən halda bu üsul həm aldatma, yalan ünsürlər ehtiva etdiyi üçün halallıq qaydalarına ziddir.

4. Lotereya və Qumar Oyunlarına Yol Verməyin

Sosial media platformalarında iştirakçılardan müəyyən pul məbləği alaraq lotereya oyunu təşkil etmək və yığılan o pulları oyunu qazananlara vermək qumar sayılır. Ona görə də, bu cür oyunları təşkil etmək həmçinin belə yarışlarda iştirak etmək halal deyildir.

Bir şirkət sosial mediada reklam məqsədilə lotereya və ya müsabiqələr keçirmək istəyirsə, bunu İslami prinsiplərə uyğun və halal bir şəkildə həyata keçirmək üçün aşağıdakı yolları seçə bilər:

- Pulsuz İştirak Şərti

Lotereyada iştirak etmək üçün heç bir iştirakçıdan pul tələb edilməməlidir. Əksinə, iştirak şərtləri tamamilə pulsuz olmalıdır.

Nümunə: "Səhifəmizi izləyin, bu postu paylaşın və dostlarınızı qeyd edin. Qaliblərə hədiyyələr verəcəyik!"Bu cür kampaniyalar, iştirakçılardan hər hansı bir maliyyə ödənişi tələb etmədiyi üçün halaldır.

- Sponsor dəstəkli mükafatlar

Şirkət öz büdcəsindən və ya sponsor dəstəyi ilə lotereya üçün mükafatlar təmin edə bilər. İştirakçılardan heç bir ödəniş alınmır, sadəcə müəyyən sosial media fəaliyyətləri tələb olunur.

Nümunə: "Bu postun altına şərh yazanlar arasında 3 nəfərə hədiyyə kuponu təqdim edəcəyik!", "Səhifəmizi izləyin, paylaşımlarımızı bəyənin və qalib olmaq şansı qazanın!"

Məlumatlandırıcı və faydalı müsabiqələr

Şirkət bilik yarışmaları və ya müsabiqələr təşkil edərək, qalibləri mükafatlandıra bilər. Burada da iştirakçılardan pul tələb edilmir.

Nümunə: "Sualımıza düzgün cavab verən ilk 5 nəfərə hədiyyə göndərəcəyik!", "Bizim məhsul və xidmətlərimizlə bağlı mini-viktorinaya qatılın və qalib olun!"

Məhsul alışı ilə əlaqəli lotereyalar

Əgər mükafat bir məhsul alışı ilə əlaqəlidirsə, bu da diqqətlə tənzimlənməlidir. Şərt belə olmalıdır ki, müştəri mükafat qazanmasa belə aldığı məhsulun qarşılığını tam şəkildə əldə etmiş olur.

Nümunə: "Məhsulumuzu alan hər kəs bu lotereyada avtomatik iştirak edəcək və mükafat qazanma şansı əldə edəcək!"Burada müştəri aldığı məhsulun tam dəyərini ödədiyi və mükafat yalnız əlavə bir bonus olduğu üçün bu üsul halal ola bilər.

Xeyriyyə məqsədli tədbirlər

Bir sosial məsuliyyət kampaniyası çərçivəsində iştirak edənləri mükafatlandırmaq da bir yoldur.

Nümunə: "Kampaniyamızda iştirak edərək bir xeyriyyə məqsədinə dəstək olun və şanslı qalib olun!"

Hansı üsul seçilirsə seçilsin iştirakçılardan heç bir formada pul tələb edilməməlidir və qalibin seçimi şəffaf və ədalətli şəkildə həyata keçirilməlidir.

5. Şəxsi və Məxfi Məlumatların Qorunması

Sosial media platformalarında cinayət tərkibli olan, qul və ictimai haqları pozan, şəxsi həyatı və məxfi (məhrəm) məlumatları üzə çıxaran məzmunlar hazırlamaq qəti şəkildə qadağandır və bu yolla pul qazanmaq da halal deyildir.

Nümunə: Bir restoran müştərilərinin adlarını və sifariş tarixlərini reklamda istifadə edir. Bu, şəxsi məlumatların qorunması qanunlarını pozur və halallıq qaydalarına ziddir.

6. Brendlər və Müəllif Hüquqlarını Qoruyun

Əmək və əziyyət sərf edərək cəmiyyət nəznində etibar qazanmış bir şirkətin brendinin (markasının) icazəsiz olaraq başqaları tərəfindən istifadə edilməsi müəllif hüquqlarının (qul haqlarının) pozulmasına və müştərilərin aldadılmasına səbəb olur. Ona görə də bu yolla əldə edilən gəlir haqsız qazanc sayılır və halal deyildir.

Nümunə: Bir yerli kafe məşhur bir markanın loqosunu öz menyusunda göstərir, amma bunun üçün icazə almamışdır. Bu, haqsız qazancdır və halal deyil.

Nəticə

Unutmayın ki, reklamlarınızda halallıq qaydalarına riayət etməyiniz uzun müddətdə sizin biznesinizə həm maddi həm də mənəvi olaraq fayda verəcəkdir.

Tövsiyyə edilir

© Halal Ekosistem