30 November 2024

Qanunvericilik alkoqolli içki reklamına hansı məhdudiyyətlər qoyub?

Halal Ekosistem|Marketinq-Reklam

Reklam istehlakçının diqqətini əmtəəyə cəlb etməli, mal, iş və xidmət barədə məlumat verməklə yanaşı, fikir formalaşdırmalı, tələbat yaratmalıdır. Amma bəzi məhsullar var ki, onların reklam edilməsində xüsusi qaydalar mövcuddur. Spirtli içki məhz bu kateqoriyaya aiddir.

Qeyd edək ki, halallıq qaydalarına görə alkoqollu içkilərin istehsalı, satışı, alışı, istifadəsi, reklamı, çatdırılması, mühasibatlığı və digər bu sektorla bağlı digər fəaliyyətlər bir mənalı şəkildə qadağandır. Təəssüflər olsun ki, müasir dövrdə dövlətlər bu sektorla bağlı sadəcə bəzi məhdudlaşdırıcı tədbirlərlə kifayətlənirlər.

Dünyanın bir çox ölkəsində alkoqollu içkilərin reklamı və satışı ilə bağlı müxtəlif məhdudiyyətlər mövcuddur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin səhiyyə xidmətləri üzrə eksperti Sampreeti Aypanciqulinin 2019-cu ildə Azərbaycanda spirtli içkilərin reklamı ilə bağlı açıqlaması olmuşdu

"Azərbaycanda spirtli içkilərdən istifadə halları Rusiyada olduğu qədər çox deyil. Amma buna baxmayaraq, ölkədə spirtli içkilər üçün vergi yükü artırılmalı, onların reklamı qadağan edilməlidir.

Azərbaycanda birinci dəfə oluram. Küçədə insanların yol gedə-gedə və ya dayanaraq siqaret çəkdiyini görürəm. Ola bilsin ki, bu, Azərbaycan üçün məqbul haldır. Amma tezliklə vəziyyətin dəyişəcəyinə ümid edirəm. Azərbaycanda siqaret reklamı və ictimai yerlərdə siqaretin çəkilməsi qadağan edilməlidir".

S.Aypanciquli əlavə edib ki, enerji içkiləri ÜST üçün yeni sahədir və artıq bu məsələyə də diqqət yetirilməyə başlanılıb: "Gənclər enerji içkilərini qəbul etməyə daha çox maraq göstərirlər. Onlar bununla daha çox kofein qəbul etmiş olurlar. Bu da sonda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Enerji içkilərinin qadağan olunması ilə bağlı siyasət müəyyən edilməlidir".

Alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərinin bəzən “Reklam haqqında” Qanununun tələblərinə riayət etmədikləri üzə çıxır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam bazarında aparılan monitorinqlər zamanı məlum olur ki, bir sıra hallarda alkoqollu içkidən istifadə edən şəxsin ictimai nüfuz qazanacağı, müxtəlif sahələrdə uğurlar əldə edəcəyi, əhvalının yaxşılaşacağı barədə fikirlər yer alır. Alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması barədə rəylərə də rast gəlinir. Mövcud qanunvericiliyə əsasən reklamlarda bu kimi hallara yol verilmir.

Qanuna əsasən, reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə, bu, haqsız reklam hesab olunur. Qeyd olunanları nəzərə alaraq sözügedən məhsulların reklamında müəyyən olunan qadağalara riayət edilməlidir:

  • alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı barədə rəy formalaşdırılmamalı;
  • alkoqollu içkilərdən istifadə etməyənlər nüfuzdan salınmamalı;
  • alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması barədə rəy formalaşdırılmamalı;
  • tündlük dərəcəsi yüksəldikcə, alkoqollu içkilərin keyfiyyətinin yüksəlməsi barədə fikir yaradılmamalı, susuzluğu yatırmaq vasitəsi kimi təqdim edilməməli;- uşaqlar üçün verilişlərdə və dini proqramlarda alkoqollu içkilər reklam edilməməli;
  • cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməməli;
  • Teleradio proqramlarında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı saat 07.00-dan 23.00-dək yayımlanmamalıdır.

Alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz:

  • 1. tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;
  • 2. yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;
  • 3. telekommunikasiya qurğularında (tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin);
  • 4. alkoqollu içkilərin nümunələrinin paylanması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin pulsuz paylanması, alkoqollu içki nümunələrinin dequstasiya üçün təklif olunması qadağandır.

Qeyd edək ki, bəzi reklam daşıyıcılarında - dövri mətbu nəşrin üz və arxa qabığında, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda, nəqliyyat vasitələrinin üzərində və s. alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.

Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamında ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıq öz əksini tapmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

Bir neçə il öncə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklamlarda qanunvericiliyin tələblərinin pozulması əlamətləri ilə bağlı açıqlama vermişdi. Qeyd olunan reklamlarda alkoqollu içkilərdən istifadə etməyən şəxslərin nüfuzdan salınma obrazı yaradılıb, habelə alkoqollu içkilərdən istifadə nəticəsində şəxsin emosional durumunun yaxşılaşacağı bildirilib. Reklam edilən məhsullar barədə “ən çox sevilən və içilən”, “ən dadlı alkoqollu içki” kimi ifadələrdən istifadə edilib, bir sıra alkoqollu içkilərin dünyanın ən yaxşısı olması, digər içkilərdən daha yumşaq olması kimi qeydlərə rast gəlinib. Bununla yanaşı, alkaqollu içkilərdən istifadə olunması prosesi nümayiş etdirilməklə yanaşı, reklamlarda spirtli içkilərdən həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlığa yer verilməyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, spirtli içkilərin reklamına və təbliğinə nəzarət edilməlidir. 2005-ci ilin sentyabrında ÜST Avrozonası region üçün Alkoqol Siyasəti Çərçivəsini qəbul edib. Burada deyilir ki, “Bütün uşaq və yeniyetmələrin alkoqol istehlakının mənfi nəticələrindən və mümkün qədər spirtli içkilərin təbliğindən qorunan bir mühitdə böyümək hüququ var”. ("Framework for alcohol policy in the WHO European Region" (PDF). World Health Organization Regional Office for Europe. 4 April 2006. Retrieved 6 June 2013.)

Ölkəmizdə açıq məkanda reklam istisna olmaqla, reklam fəaliyyətinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. İstehlakçılar haqsız, qeyri-dəqiq və gizli reklam halları ilə üzləşdikdə Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.

© Halal Ekosistem