17 iyun 2026-cı il tarixində İslam İnkişaf Bankının özəl sektor üzrə qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunan Özəl Sektor Forumunda şəriət prinsiplərinə uyğun KOB maliyyələşdirmə proqramının işə salınmasına dair saziş imzalayıblar.
Proqrama əsasən, tərəflər 2026–2028-ci illəri əhatə edən iki il ərzində Azərbaycanın özəl sektoruna 200 milyon manatadək vəsaitin yönəldilməsi imkanını nəzərdən keçirmək barədə razılığa gəliblər.
Proqram Azərbaycan manatı ilə yeni maliyyələşdirmə kanalını təqdim edir. Bu mexanizmdə ICD ABİF-in agenti (vəkili) qismində çıxış edəcək və Fondun manat vəsaitlərini ICD-nin ABŞ dolları, avro və manat resursları ilə birləşdirəcək.
Bu vəsaitlər Murabaha mexanizmi vasitəsilə yerli tərəfdaş maliyyə institutlarının maliyyələşdirilməsinə yönəldiləcək. Beləliklə, xüsusilə iri şəhərlərdən kənarda fəaliyyət göstərən Azərbaycan KOB-larının uzun müddətdir üzləşdiyi xarici valyuta riski aradan qaldırılacaq.
Bu təşəbbüs ICD-nin Azərbaycanda manatla maliyyələşdirmə təqdim etdiyi ilk proqramdır.
İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində növbəti sənəd Türk İnvestisiya Fonduna ilə imzalanıb. Bu anlaşma ilə Azərbaycan da daxil olmaqla beş ortaq üzv dövlətdə özəl sektorun İslam maliyyələşdirmə kanalı ilə dəstəklənməsinə 50 milyon ABŞ dollarınadək vəsait yönəldiləcək. İmzalanmış saziş yeni İdarə olunan İslam Birgə Maliyyələşdirmə Proqramını (MICFP) – Türk İnvestisiya Fondunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə birgə maliyyələşdirmə həyata keçirəcəyi ixtisaslaşmış platformanı işə salır. Çərçivə Sazişinə əsasən, ICD Mərkəzi Asiya və Türk dövlətləri arasında üzv ölkələrdə şəriət prinsiplərinə uyğun maliyyələşdirmə imkanlarını idarə edən agent kimi çıxış edəcək.