9 May 2026

Azərbaycanda nöbəti bank Murabaha aləti təqdim edəcək

Halal Ekosistem|2026 Xəbərlər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) yaxın vaxtlarda İslam maliyyələşməsi üzrə “Murabaha” kreditini təqdim edəcək.

Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına həsr olunmuş 08.05.2026 tarixli (dünən) mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində İslam bankçılığı pəncərəsinin açılması ilə əlaqədar bank tərəfindən “Murabaha” məhsulu hazırlanıb.

“Xüsusi tənzimləmə rejimi çərçivəsində rezident hüquqi şəxslərin və fərdi sahibkarların daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlaklarının maliyyələşdirilməsi üzrə “Murabaha” məhsulunun müştərilərə təklif olunması nəzərdə tutulur. Məhsul artıq tam hazırdır. Kreditləşmə məbləği 100 min manatdan 5 milyon manatadək olacaq. Düşünürük ki, yaxın zamanda müştərilərə təqdim ediləcək”, - deyə o bildirib.

ABB saytında İslam bankçılığı və öz murabaha məhsulları haqqında aşağıdakı məlumatları verir:

İslam bankçılığı nədir və adi bankçılıqdan fərqi nədir?

İslam bankçılığı şəriət prinsiplərinə uyğun fəaliyyət göstərən, faizsiz və real aktivlərə əsaslanan maliyyə sistemidir. Bu sistemdə puldan faiz əldə edilmir, maliyyələşmə real mal və xidmətlər vasitəsilə həyata keçirilir.

İslam bankçılığında faiz qadağası nəyi ifadə edir?

İslam bankçılığında faiz qadağası (riba) o deməkdir ki, pulun özlüyündə gəlir gətirməsi yolverilməz hesab olunur. Yəni, yalnız pulun borc verilməsi faktına görə əlavə gəlir (faiz) tələb etmək icazəli deyil.

İslam kreditində ödənişi vaxtından əvvəl etsəm, endirim olur?

İslam bankçılığında (xüsusilə “Murabaha” əməliyyatlarında) satış qiyməti müqavilə bağlanarkən sabit və əvvəlcədən müəyyən edilmiş olur. Bu qiymət sonradan artırıla və ya azaldıla bilməz.

İslam bankçılığında cərimə və ya gecikmə faizi tətbiq olunurmu?

İslam bankçılığında gecikmə faizi tətbiq edilmir. Lakin gecikmə halında bankın gəliri olmayan, xeyriyyə məqsədli cərimə mexanizmi mövcud ola bilər.

İslam bankçılığında xidmət haqqı necə hesablanır?

İslam bankçılığında xidmət haqqı faiz deyil, real göstərilən xidmətə əsaslanan və əvvəlcədən açıqlanan sabit və ya xərc əsaslı ödənişdir.

İslam bankçılığı şəffaflığı necə təmin edir?

İslam bankçılığı şəffaflığı sabit və əvvəlcədən açıqlanan qiymət, real aktivə əsaslanan əməliyyatlar və risklərin açıq bölüşdürülməsi vasitəsilə təmin edir.

İslam kreditləri üçün təminat tələb olunurmu?

Bəli, İslam maliyyə məhsullarında təminat tələb oluna bilər. Bu, şəriətə zidd deyil və bankın risk siyasətinə uyğun olaraq müəyyən edilir.

Daha ətraflı məlumat üçün - https://cb.abb-bank.az/digital-platform/az/murabaha

Qeyd edək ki, Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində 02.02.2026-cı ildən etibarən növbəti 1 il müddətinə “Rabitəbank” ASC tərəfindən İslam bankçılığı prinsiplərinə uyğun olaraq hüquqi və fiziki şəxslərdən vəsaitlərin "Mudaraba" əsasında cəlb edilməsini və həmin vəsaitlərin sahibkarlıq subyektlərinin əsas vəsaitlərinin və dövriyyə mallarının "Murabaha" mexanizmi ilə maliyyələşdirilməsi məhsulları müştərilərə təklif olunur.

ABB-nin İslam bankçılığı tarixi (2011-2015)

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2003-cü ildən İslam bankçılığı xidmətləri göstərməyə başlamışdır. Bank bu xidmətləri İslam İnkişaf Bankı (İİB) Qrupundan cəlb edilən vəsaitlər hesabına həyata keçirmişdir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam Bankinqi məhsullarının və xidmətlərinin təqdim edilməsi üzrə ixtisaslaşdırılmış qurum yaradılması üçün məsləhətçi cəlb edilməsinə dair 2011-də tender elan etmişdir. Və “Salans”, “KPMG”, “Pinsent Masons” и “Dar al Shariah” şirkətlərindən ibarət konsorsiumla əməkdaşlıq etmək təklifi yekdilliklə qəbul edilmişdir (Azertag, 2011). 2011 sentyabrında Bankın İdarə Heyətinin qərarı ilə ABB-də İslam Bankçılığı departamenti yaradıldı. Departamenin direktoru vəzifəsinə isə bundan əvvəl bankın Strateji İnkişaf və Marketinq departamentinin direktor müavini, İslam Bankçılığının tətbiqi üzrə layihənin rəhbəri vəzifələrində çalışan Behnam Qurbanzadə təyin olundu. Bank fiziki və hüquqi şəxslərin maliyyələşdirilməsi və müştərilərə xidmətlərin göstərilməsinə isə 2013-cü ilin yanvar ayından başlamağı planlaşdırırdı.

2013-cü ildə İslam bankçılığı məhsul və xidmətlərinin təqdim edilməsi istiqamətində ixtisaslaşmış bölmənin yaradılmasına isə "Salans", "KPMG", "Pinsent Masons" və "Dar al Shariah" şirkətlərindən ibarət konsorsium tərəfindən dəstək göstərilmişdir (Trend.ru, 2015).

Azərbaycan Beynəlxalq Bankı 2012-ci ildə başlatdığı "İslam bankçılığının tətbiqi" layihəsi çərçivəsində, 2013-cü ildən etibarən fərdi və korporativ müştərilərə İslam bankçılığı xidmətləri göstərməyə başladı. 2014-cü ildə "Dubai Islamic Bank", "Barwa Bank", "Citigroup", "JP Morgan" və "Noor Bank" kimi qurumlarla əməkdaşlıq çərçivəsində şəriətə uyğun 252 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb etmişdir. Bankın İslam maliyyə aktivləri qısa müddət ərzində 160 milyon dollardan 526 milyon dollara yüksəlmiş və bu rəqəmlər sektorun ümumi göstəricisinin 1,4%-ni, ABB-nin aktivlərinin isə 4,7%-ni təşkil etmişdir.

ABB-nin təklif etdiyi məhsul çeşidləri arasında İcarə (lizinq), Vəkalət (əmanət investisiyası), İslam bank kartları və "Qərzi-Həsən" (faizsiz borc) hesabları yer almışdır. Bütün bu məhsullar "Dubai Islamic Bank"ın törəmə müəssisələrindən biri olan "Dar Al Shariah" konsaltinq şirkəti tərəfindən şəriətə uyğunluq baxımından sertifikatlaşdırılmışdır. Lakin Əliyev və Qasımov (2014, s. 137) "İslam pəncərəsi"nin rəsmi veb-saytına əsaslanaraq, bu məhsulların bəzi xüsusiyyətlərinin şəriət prinsipləri baxımından mübahisəli olduğunu qeyd etmişlər. Məsələn, kredit kartı xidməthaqqının kartın limitinə bağlı olması və vəkalət əsaslı depozitlərdə sabit gəlirin olması bu cür narahatlıqlara nümunə kimi göstərilmişdir (Madine, 2024).

ABB, həmçinin Bəhreyn mərkəzli "Shariyah Review Bureau" adlı konsaltinq şirkəti ilə razılaşaraq, Bakıda bir daşınmaz əmlak layihəsi və nağd pulun maliyyələşdirilməsi məhsulu da daxil olmaqla, müxtəlif layihələrin dizaynını həyata keçirmişdir. Bununla yanaşı, şəriətə uyğun tələbə maliyyələşdirməsi məhsulunun hazırlanması istiqamətində də işlər aparılmışdır (Reuters, 2014).

18 avqust 2014-cü ildə "Reuters" agentliyinə verilən açıqlamalara görə, Azərbaycanın ən böyük kredit təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) şəriət qaydalarına uyğun fəaliyyət göstərəcək ayrı bir bankçılıq bölməsi qurmaq üçün hazırlıqlara başlamışdı. Bu təşəbbüs hökumətin 2015-ci ilin yazında qüvvəyə minməsi planlaşdırılan İslam bankçılığı haqqında qanun layihəsi üzrə hazırlıqları ilə paralel şəkildə inkişaf etmişdir (belə bir qanun qüvvəyə minmədi, hələ də minməyib)

O dönəmdə səhmlərinin 50,2%-i Azərbaycanın Maliyyə Nazirliyinə məxsus olan ABB sözügedən müstəqil bölmə vasitəsilə ölkədəki İslam maliyyəsi fəaliyyətlərinin mövcud həcmini dörd dəfə artırmağı hədəfləyirdi (Reuters, 2014)

Həmin dövrdə ölkənin bank aktivlərinin 40%-nə sahib olan ABB ümumilikdə 180 milyon ABŞ dolları həcmində İslam maliyyələşdirməsi həyata keçirmişdi. Bəzi digər mənbələrdə isə ABB-nin ümumi İslam maliyyəsi portfelinin 526 milyon ABŞ dolları olduğu qeyd edilir/ Qanunun qüvvəyə minməsi ilə bu rəqəmin bir il ərzində 750 milyon ABŞ dollarına çata biləcəyi proqnozlaşdırılırdı.

Mövcud vəziyyəti ilə bank "İslam pəncərəsi" modeli ilə şəriətə uyğun məhsullar təqdim edirdi; bu model ənənəvi banklara müştəri vəsaitlərini ayrı saxlamaq şərtilə İslam maliyyə xidmətləri göstərməyə imkan verirdi. Lakin müstəqil bölmənin qurulması pərakəndə müştərilər arasında İslam bankçılığının cəlbediciliyini artıra biləcək strateji addım kimi qiymətləndirilirdi.

ABB-nin hədəflərindən biri yalnız Azərbaycanın daxili bazarında deyil, eyni zamanda Rusiya, Gürcüstan və Qətərdəki törəmə müəssisələrində də istifadə edilə biləcək güclü milli İslam bankçılığı platforması yaratmaq idi. Hətta Qurbanzadə Azərbaycanın regional İslam bankçılığı mərkəzi olmaq potensialına malik olduğunu bildirmişdir. Həmin dövrdə Rusiya Banklar Assosiasiyası ölkədə İslam maliyyəsinin inkişafı üçün bu sektora xas qanunvericilik bazasının yaradılması məqsədilə rəsmi olaraq Moskvaya müraciət etmişdi (Reuters, 2014).

2015-ci ilin oktyabrında ABB strateji və əməliyyat səbəblərinə görə İslam bankçılığı fəaliyyətlərini ləğv etmək qərarına gəldi. Bəzi mənbələrə görə, bu qərarın arxasında ABB-nin İdarə Heyəti sədrini də əhatə edən çirkli pulların yuyulması qalmaqalı və ardınca yaşanan maliyyə böhranı dayanmışdır. Belə ki, 2017-ci ildə ABB "iflas etmiş (uğursuz) qurum" kimi elan edilmişdir (Madine, 2024).

Bununla belə, 2016-cı ilin fevral ayı etibarilə Azərbaycanda ilk müstəqil İslam bankının 2017-ci il kimi yaxın bir tarixdə fəaliyyətə başlaya biləcəyinə dair gözləntilər ictimaiyyətə açıqlanmışdı. Hər nə qədər bu gözlənti qısa müddətdə reallaşmasa da, bu proses ölkənin İslam maliyyəsi infrastrukturunun inkişafı baxımından vacib mərhələ kimi tarixə düşmüşdür (ICD, 2018).

Təəssüf ki bunların heç biri olmadı. Və İllər sonra 2026-ci ildə praktiki nəticələr görməyə başladıq.

https://azertag.az/xeber/abb_de_islam_bankinqinin_tetbiq_edilmesi_uzre_meslehetchi_teyin_edilmisdir-531105

https://www.bbc.com/azeri/azerbaijan/2013/11/131126_islamic_bank_azerbaijan

https://report.az/maliyye-xeberleri/az%C9%99rbaycan-i-slam-bank%C3%A7%C4%B1l%C4%B1%C4%9F%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-qanunvericilik-bazas%C4%B1-haz%C4%B1rlay%C4%B1r