24 December 2024

Azərbaycanda beynəlxalq xətlə ilk halal biznes maliyyləşdirməsi

Halal Ekosistem|2024 Xəbərləri
image

Aparılan araşdırmalara görə bizneslərin ən birinci problemi maliyyyə mənbələrinə çıxışdır. Bir biznesin formalaşıb inkişaf etməsi və bu inkişafın davamlı hal ala bilməsi ilkin olaraq maliyyə imkanlarından asılıdır. Bu problemi bir az daha spesfikləşdirəsi olsaq bizneslərin ehtiyac duyduqları maliyyəni halal yolla cəlb etmək istəməsi bəlkə də ən böyük problem olaraq qarşımıza çıxacaqdır.

İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı Korporasiyası (Islamic Corporation for the Development of the Private Sector - ICD) Azərbaycan üçün halal maliyyə şərtlərinə uyğun bir neçə milyon dollar vəsait ayırıb. ICD bu maliyyə vəsaitini Azərbayanda mövcud olan ənənəvi faizli banklar vasitəsiylə sahibkarlara çatdırır. Belə ki, Azərbaycanın yerli bankları ICD-nin verdiyi vəkalət haqqı ilə yerli bizneslər üçün murabaha əməliyyatını icra edir. Başqa sözlə bank ICD-nin pulu ilə biznesə lazım olan malı alaraq vədəli şəkildə ona satır. Qeyd edək ki, bu məhsul digər ənənəvi faizli kredit məhsulu ilə müqayisədə daha baha başa gəlir. Lakin halal fəaliyyət göstərməyə çalışan bizneslər üçün başqa halal maliyyə cəlb etmə imkanları olmadığı üçün onlar bu addımı atmaq məcburiyyətində qalırlar.

Bu çərçivədə 19 dekabr 2024-cü il tarixində Azərbaycanın yerli ənənəvi faizli bir bankı, ICD xətti ilə verilən ilk kredit müqaviləsini Alizadeh MMC ilə imzalayıb. Bu mühüm addım, həm Azərbaycanda kiçik və orta bizneslərin (KOB) halal yolla maliyyələşdirmə ehtiyaclarını qarşılamaq, həm də İslam qaydalarına uyğun maliyyə həllərinin inkişafına dəstək olmaq məqsədini daşıyır.

Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün İctimai TV tərəfindən hazırlanmış sujeti izləyə bilərsiniz.

Bu kredit müqaviləsinin İslam Korporasiyasının (ICD) Azərbaycandakı maliyyə xidmətləri bazarını genişləndirəcəyinə inanırıq.

Qeyd edək ki, Alizadeh MMC Azərbaycanda bu innovativ Halal maliyyə həllini həyata keçirən ilk şirkət oldu. Şirkətin direktoru Kazım Mustafazadə imzalanan bu müqavilənin onların ticarət fəaliyyətlərini və mövqelərini gücləndirəcəyini da bildirib. Eyni zamanda o vurğulayıb ki, bu imkan yalnız bizim üçün deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün çox əhəmiyyət daşıyır.

Onu da bildirək ki, Azərbaycanda polad istehsalı ilə məşğul olan Alizadeh MMC bir neçə halallıq qaydalarına cavab verdiyi üçün Halal Ekosistem platformasına əlavə edilmişdir.