24 December 2024

Avropada halal olmayan reklamlara görə böyük cərimə tətbiq edilir

Halal Ekosistem|2024 Xəbərləri
image

Hollandiyada e-ticarətdə aldadıcı və haqsız əməllərə son qoymaq üçün 900 min avroya qədər sanksiyalar tətbiq ediləcək.

Bu barədə Hollandiya İstehlakçı və Bazar İdarəsi açıqlama verib. Qurumun verdiyi açıqlamada, e-ticarət saytları və tətbiqlərində saxta rəylər satanların ciddi cərimələrlə üzləşə biləcəyi bildirilib.

Tənzimləyici qurum indiyədək yalnız öz məhsullarını və ya xidmətlərini tanıtmaq üçün saxta rəylər alan və ya istifadə edən onlayn mağazaları cərimələyə bilirdi, lakin artıq bu cür rəyləri satanlar da hər qanun pozuntusuna görə 900.000 avroya qədər cərimə ilə üzləşə bilər.

Agentlik bildirib ki, saxta rəylər müştəriləri daha uyğun olmayan məhsulları seçməyə vadar edə və qaydalara uyğun fəaliyyət göstərən saytlara qarşı haqsız rəqabətə səbəb ola bilər.

İstehlakçı departamentinin direktoru Edvin van Houten verdiyi açıqlamada, "İstehlakçılar satıcıları müqayisə edərkən rəylərə etibar edə bilməlidirlər. Biz yanlış əməllərlə mübarizə aparmaq və biznesləri və istehlakçıları maarifləndirmək yolu ilə onlayn fırıldaqları, aldatma hallarını azaltmaq istəyirik",-deyə qeyd edib.

Son aylarda agentlik həmçinin onlayn endirimin bitməsinə qədər davam edən müddəti qeyd etməklə alıcılar üzərində təzyiq yaradan yanıldıcı geri sayım taymerlərini də araşdırmaqdadır.

Haqsız Kommersiya Fəaliyyəti Direktivi kimi Avropa İttifaqının (Aİ) qanunları da aldadıcı, yanıldıcı onlayn əməllərlə mübarizə aparmaqla istehlakçıları qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, son aylarda Avropa Komissiyası onlayn dünyanın normal oflayn mağazalar qədər ədalətli olmasını təmin etmək istədiyini açıqlamışdı.

Ümumilikdə müştərisi olmadığımız, alıb istifadə etmədiyimiz, mal və xidmətin keyfiyyətindən əmin olmadığımız nəsə rəy bildirmək qadağandır. Onlayn ticarətdə rəy alıb rəy satmaqla bağlı bəzi nüansları aşağıda qeyd edək:

1. Bu yalan hesab edilir. Başqa sözlə qarşı tərəfi inandırmağa çalışırsan ki, filan məhsul və xidmət yaxşıdır və ya pisdir. Burada sən insanlara yalan danışmış, onları aldatmış olursan.

2. Bu cür yalan rəylər insanları çaşdırır, onları yanıldır və özlərinə lazım olan daha keyfiyyətli məhsul almalarına əngəl olur. Bu isə insanların zərər görməsinə səbəb olur.

3. Bazarda haqsız rəqabətə səbəb olur. Halal işləyən sahibkarlar bundan mənfi təsirlənir, onların zərər görməsinə gətirib çıxarır.

4. Bu cür reklam üsullarının yayılmasına səbəb olur. Bu isə ölkə iqtisadiyyatına, insanlararası ticarət münasibətlərinə və ümumlikdə ticari mühitə çox pis təsir etməklə cəmiyyətin fəsadına yol açır.