17 February 2025

Türkiyədə faizsiz borc qurumu - İKSAR

Halal Ekosistem|Borc
image

İslam İqtisadiyyatı Araşdırma və Tətbiq Dərnəyi (İKSAR) 2018-ci ildə Türkiyənin Sakarya şəhərində bir qrup elm adamı tərəfindən qurulmuşdur. İKSAR tərəfindən bu beş il ərzində 128 nəfərə ümumilikdə 1.734.900 Türkiyə lirəsi (81,177 AZN) məbləğində faizsiz biznes krediti vermişdir. İKSAR faizsiz borc vermə konsepsiyasına əsaslanan fəaliyyətləri ilə Türkiyədə İslam iqtisadiyyatı sahəsi üzrə artan nəzəri fəaliyyətlər fonunda onları praktikada həyata keçirmək və cəmiyyəti marifləndirmək ​​hədəfi daşıyır.

Dərnək nümayəndələri fəaliyyətləri qarşılığında heç bir maaş almırlar və bütün işlər könüllü əsaslarla həyata keçirilir.

Qurum Türkiyənin müxtəlif bölgələrində bu modelin tətbiqini artırmaq məqsədini daşıyır. Bu çərçivədə illik hesabatlar da yayımlanır. Ətraflı məlumat üçün: İllik Hesabatlar

İslam Mikromaliyyə Modeli və Qərzi-Həsən (Gözəl Borc) Proqramı

İKSAR-ın əsas fəaliyyəti İslam mikromaliyyə prinsipləri əsasında "qərzi-həsən" modelini tətbiq etməkdir. Bu model çərçivəsində aşağı gəlirli insanlara gəlir gətirən fəaliyyətlərdə istifadə etmələri üçün faizsiz borc verilir. Proqramın məqsədi həmin şəxslərə iqtisadi müstəqillik qazandırmaq və onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. Bu məqsədlərinə uyğun olaraq qurum özünə İKSAR (artırmaq/çoxaltmaq-إكثار) adını seçmişdir.

Bu proqram Türkiyədə praktiki olaraq həyata keçirilən ilk institusional İslam mikromaliyyə təşəbbüsüdür. İKSAR, verilən borcların sahibkarlar tərəfindən gəlir gətirən fəaliyyətlərdə yəni biznes məqsədləri üçün istifadə edilməsinə ciddi nəzarət edir.

Maliyyə Mənbələri və İş Prinsipi

İKSAR-ın maliyyə mənbələri donorların dəstəyi, ianələri və üzvlərdən toplanan üzvlük haqlarından ibarətdir. Borc kimi istifadə edilməsi məqsədiylə İKSAR-ın ianə hesabına göndərilən pullar hədiyyə (hibə) xarakteri daşıyır yəni bu pullar İKSAR-a təmənnasız bağışlanır. İKSAR isə yığılan bu vəsaiti aztəminatlı sahibkarlara borc/kredit olaraq verir. İKSAR-ın borc verdiyi sahibkarlar kredit olaraq aldıqları vəsaiti biznes ehtiyacları üçün istifadə edir, daha sonra isə həmin məbləği hissə-hissə İKSAR-a qaytarırlar. Bu borc əməliyyatında qarşı tərəfdən heç bir şəkildə hər hansı mənfəət və ya əlavə fayda tələb olunmur.

Onu da qeyd edək ki, İKSAR-a ianə edilən pullar fərqli şəxslərə borc verilib geri qayıtdığı üçün daimi olaraq dövr edir və sahibinə fasiləsiz bir savab qazandırır.

İKSAR həmçinin zəkat da qəbul edir. Lakin, zəkat vəsaitləri borc fəaliyyətləri üçün istifadə olunmur. Zəkat ianələri şəxslərin birbaşa özlərinə sosial yardım şəklində yönləndirilir və ona görə də donorların bu haqda İKSAR-a məlumat verməsi tələb olunur.

Borcun Şərtləri və Tələblər

  • Maksimum borc məbləği: Biznes planından və layihədən asılı olaraq dəyişsə də, daha çox insanın faydalana bilməsi üçün hal-hazırda yuxarı hədd 50 min türk lirəsi təyin edilmişdir.
  • Maksimum geri ödəmə müddəti: 12 ay (baxılan layihələrə uyğun olaraq müddət dəyişdirilə bilər)
  • Fiziki təminat: Tələb olunmur. Əsas diqqət sosial təminata yönəldilir, yəni borc alan şəxsin etibarlı və zəhmətkeş biri kimi tanınması kifayətdir. Bunun üçün zamin duran bir şəxsin şahidliyi tövsiyə olunur.
  • Alınan borc mütləq şəkildə gəlir gətirən bir biznes fəaliyyəti üçün istifadə edilməlidir. Beləcə borc alan şəxs aylıq ödənişlər etməklə bütün borcunu bağlaya biləcəkdir.
  • Təhsil tələbi: İbtidai məktəb məzunundan universitet məzununa qədər hər kəs müraciət edə bilər.

Borc Alanların Cavabdehliyi və Məsuliyyəti

İKSAR tərəfindən dəstəklənən şəxslər bu borcun məsuliyyətini dərk etməli və onu gəlir gətirən fəaliyyətlərə yönəltməlidirlər. Məqsəd, bu insanların öz səyləri, istedadları və layihələri ilə maliyyə müstəqilliyi qazanmalarına kömək etmək və onları davamlı şəkildə ianələrə ehtiyac duymadan özlərini təmin edəcək vəziyyətə gətirməkdir.

Borc alanın bu vəsaiti geri qaytara bilməsi üçün onu müəyyən gəlir gətirici bir biznes fəaliyyətində istifadə etməsi mütləqdir. Bu məbləği hər hansı başqa ehtiyacları üçün istifadə edəcəyi təqdirdə ümumi borc məbləğinin aylıq geri ödənişlərini həyata keçirə bilməyəcəkdir. Onu da qeyd edək ki, aylıq ödənişlər borcun alınmasından 45 gün keçəndən sonra başlamaqdadır.

İKSAR borc alan şəxslərlə bağlı məlumatları şəffaflıq prinsipi çərçivəsində ictimaiyyətlə paylaşır. Ətraflı buradan tanış ola bilərsiniz: İKSAR Borc Alanlar

Kənd təsərrüfatına dəstək

İKSAR eyni zamanda riskli sektor sayılan kənd təsərrüfatı üçün də qərzi-həsən dəstəyi göstərməkdədir. Aşağıda bu kreditin şərtləri verilmişdir:

  • Borc kənd təsərrüfatı və ya heyvandarlıq kimi gəlir gətirən və ya ev təsərrüfatına iqtisadi töhfə verəcək hər hansı fəaliyyətdə istifadə edilməlidir.
  • Veriləcək kredit heyvan alışı, kənd təsərrüfatı avadanlığı və maşın alışı, gübrə, toxum, dərman və əmək haqqı kimi bütün müvafiq kənd təsərrüfatı xərcləri üçün istifadə edilə bilər.
  • Ərizəçi ərizə sisteminə Fermer Qeydiyyat Sistemi (ÇKS) sənədini və ya kənd təsərrüfatı torpaqlarını icarəyə götürübsə, icarə müqaviləsini yükləməlidir. Bundan əlavə, namizədlərin əkinçilik və ya heyvandarlıq üzrə sertifikatları və səriştələri varsa, müvafiq sənədləri sistemə yükləyə bilərlər.
  • Kənd təsərrüfatı qərzi-həsən proqramı çərçivəsində verilən kreditlərin geri ödəmə planı fermerin məhsul yığımı dövrünə uyğun olaraq təşkil edilir.
  • Borc müraciəti təsdiqlənən şəxsdən bir zamin gətirməsi tələb olunur.
  • Borc müraciəti təsdiq edilən şəxslə borc müqaviləsi bağlanır və zaminin də imzası alınır.
  • Müraciətlər dəyərləndirilərkən aşağı gəlir qrupuna aid olan namizədlərə üstünlük verilir.

İKSAR-ın Əsas Dəyərləri

  • Səmimiyyət: İqtisadi və maliyyə fəaliyyətlərini yalnız formal deyil, mahiyyət etibarilə də İslam prinsiplərinə uyğun həyata keçirmək.
  • İctimai Faydaya Önəm Vermək: Cəmiyyətin hər təbəqəsinin rifahını nəzərə alaraq fəaliyyət göstərmək.
  • Şəffaflıq: Maraqlı tərəflərlə müntəzəm məlumat paylaşmaq və ictimaiyyətə açıq olmaq.
  • Davamlılıq: Fəaliyyətin uzunmüddətli və davamlı olmasını təmin etmək.
  • Nümunəvi Olmaq: Ən yaxşı təcrübələri tətbiq edərək digərlərinə nümunə olmaq.
  • Məsləhətləşmə (İstişarə): Fəaliyyətlərin inkişafında maraqlı tərəflərlə məsləhətləşmələr aparmaq.

Qurum müxtəlif sektorlar üzrə fərqli ehtiyaclar üçün edilən qarz-ı həsən müraciətləri nəticəsində əhəmiyyətli təcrübə qazandığı üçün ödənişlərin geri qaytarılmasında ciddi problemlərlə üzləşməyib. Ümumilikdə verilən borcların geri qaytarılma nisbəti 97% (geri qaytarılmayan borcların ümumi verilən borc məbləğinə nisbəti) təşkil edir.

Gələcək planlar

İKSAR insanların bəzilərinə biznes fəaliyyətləri üçün avadanlıq və texnika lazım olduğu halda, digərləri üçün isə əsas problemin nağd pul çatışmazlığı olduğunu nəzərə alıb fərqli qarz-ı həsən modelləri hazırlamağı hədəfləyir. Həmçinin, qurum fəaliyyətini yalnız qarz-ı həsən üzərində qurmaq niyyətində deyil. Əsas məqsədi İslam iqtisadiyyatını praktik şəkildə həyata keçirmək olan İKSAR, bir çox maliyyə ehtiyaclarını qarşılamaq üçün İslam iqtisadiyyatının qarz-ı həsəndən başqa icarə, sələm, müşarəkə kimi sahibkarlara fərqli maliyyə həlləri təqdim edən müqavilə modellərindən də istifadə etməyi planlaşdırır. Qarz-ı həsən ən sadə model olsa da, mikro sahibkarların ehtiyaclarını qarşılamaq üçün daha geniş və müxtəlif maliyyə mexanizmlərinə ehtiyac var. Digər tərəfdən, toplanan ianələrin hamısı qarz-ı həsən kimi təqdim etdikdə, inflyasiya səbəbindən əriyib dəyər itirir. Bu da təşkilatın davamlılığı üçün risk yaradır.

İKSAR Sakarya şəhərini bir laboratoriya kimi görür və buradan əldə etdiyi təcrübələrə istinad edərək İslam iqtisadiyyatını mümkün olduğu qədər real həyatda tətbiq etməyə çalışır.

© Halal Ekosistem