
İslam hüququnda sələm (faiz) problemi iki əsas məfhum ətrafında formalaşır: Zaman və Miqdar. Bu iki anlayışı tam başa düşmək üçün əvvəlcə nağd mübadilə ilə borc arasındakı fərqə baxmalıyıq.
1. Nağd Mübadilə (Barter) nədir?
Nağd mübadilə mal və ya pulu heç bir vaxt fərqi olmadan, dərhal, nəğd şəkildə dəyişdirməkdir. Məsələn, pul verib buğda almaq, karfot verib düyü almaq və s.
2. Borc necə yaranır? (Zaman Faktoru)
Əgər yuxarıdakı mübadilə prosesinə "zaman" anlayışı daxil olarsa, bu artıq borca çevrilir.
Məntiqi: Siz 100 manatı (və ya 1 kq kartofu) bu gün verirsiniz, lakin onu məsələn, 1 aydan sonra geri alırsınız. Ortaya zaman girdiyi üçün bu, borc əqdi sayılır.
Bəs Riba nədir
Riba kəlməsi lüğətdə “artma, çoxalma və böyümə” kimi mənalara gəlir. Fiqh termilonogiyasında isə, “pul və standart (misli) malların bir-biri ilə dəyişdirilməsində tərəflərdən biri üçün şərt qoşulan əvəzsiz əlavə”ni ifadə edir.
Sələmin (Ribabın) İki Əsas Növü
Məhz yuxarıdakı "Zaman" və "Miqdar" amillərinin pozulmasına görə iki növ faiz ortaya çıxır:
A) Riba əl-Nəsiə (Borc Sələmi) – Zamana görə yaranan faiz (artma, çoxalma, əvəzsiz əlavə)
Bu, klassik və ən çox tanınan sələm növüdür. Belə ki, borc verən tərəf borc verdiyi şeyin (pulun, misli malın və s) artıqlaması ilə geri qaytarılmasını şərt qoyur. Buradakı artım (faiz/riba) zaman müqabilində alınır.
İslam hüququnda borcun təməl qaydası budur: Borc necə və nə qədər verilibsə, eynilə (əlavəsiz) geri qaytarılmalıdır.
- Xüsusiyyəti: Müqavilə bağlanan zaman artım əvvəlcədən müəyyən edilir.
- Müasir qarşılığı: Bank kreditləri, gecikmiş borca görə tətbiq olunan faizlər.
- Misal: Sənə bu gün 1000 AZN borc verirəm, bir ay sonra mənə 1100 AZN qaytaracaqsan. Aradakı 100 AZN "Riba əl-Nəsiə"dir.
B) Riba əl-Fadl (Ticarət Sələmi) – Miqdara görə yaranan faiz
İslam hüququnda Riba əl-Fadl eyni cinsdən olan malların mübadiləsi zamanı bir tərəfin digərindən daha çox miqdar alması deməkdir. Bu riba borcda deyil, nağd alış-verişdə (barterdə) yaranır. Eyni cins malların dərhal mübadiləsi zamanı tərəflər arasında miqdar (çəki) fərqi yəni artıqlıq (riba) olarsa, bu, ticarət faizi sayılır. Peyğəmbər aleyhissalamın qeyd etdiyi 6 mal (qızıl, gümüş, buğda, arpa, xurma, duz) üzərindən izah olunur.
- Nümunə 1: 1 kq yüksək keyfiyyətli xurmanı (və ya kartofu) verib, dərhal qarşılığında 1.5 kq aşağı keyfiyyətli xurma almaq. İslam hüququ qızıl, buğda, xurma kimi strateji malların dərhal mübadiləsində qəti bərabərlik (1 kq = 1 kq) tələb edir. Miqdarın bərabər olmaması halında "Riba əl-Fadl" yaranır.
- Nümunə 2: 10 qram 750 əyarlı qızılı verib, yerindəcə 12 qram 585 əyarlı qızıl almaq. Keyfiyyət fərqinə baxmayaraq, eyni cinsli mallarda miqdar fərqi (12 > 10) "Riba əl-Fadl" sayılır.
- Xüsusiyyəti: Eyni cinsdən olan malların mübadiləsində bir tərəfin digərindən miqdarca çox mal almasıdır. Bu ribanın artma, çoxalma, əvəzsiz əlavə kimi mənalarını izah edir.
- Məqsədi: Ribaya aparan yolları bağlamaq (Səddi-zərai).
Məzhəblər arasındakı əsas fərq bu qadağanın "illət"i (səbəbi), yəni hansı xüsusiyyətinə görə bir malın riba malı sayılması barədədir.
Dörd böyük məzhəbin bu məsələyə yanaşması:
1. Hənəfi Məzhəbi
Hənəfilərə görə, bir malda riba (sələm) yaranması üçün iki şərt olmalıdır: Cins birliyi və Ölçülə bilən olması (çəki və ya həcm ilə).
- İllət: Vəzn (çəki ilə satılanlar) və ya Keyl (həcm, litr/qab ilə satılanlar).
- Nəticə: Əgər bir mal kilo ilə və ya litr ilə satılırsa (məsələn, dəmir, mis, yağ), eyni cinsi bir-biri ilə dəyişdirərkən miqdar bərabər olmalıdır. Əks halda Riba əl-Fadl yaranır.
- Məsələn: 10 kq keyfiyyətli dəmir verib, 12 kq aşağı keyfiyyətli dəmir almaq hənəfilərə görə sələmdir.
2. Şafei Məzhəbi
Şafilər məsələyə daha çox malın mahiyyəti (nə üçün istifadə edilməsi) nöqteyi-nəzərindən baxırlar.
- İllət: "Nəqdiyyə" (pul olma xüsusiyyəti - qızıl/gümüş) və "Mət'umat" (qida olması).
- Nəticə: Yalnız qızıl, gümüş və insanların qidası olan şeylərdə Riba əl-Fadl ola bilər.
- Məsələn: Şafilərə görə, dəmir və ya mis qida olmadığı və pul sayılmadığı üçün, onları fərqli miqdarlarda dəyişmək sələm sayılmır (əlbəttə ki, söhbət barterdən gedir). Lakin 1 alma verib 2 alma almaq (hər ikisi qida olduğu üçün) sələmdir.
3. Maliki Məzhəbi
Malikilər Şafilərə yaxın olsalar da, qida məsələsində daha spesifik bir şərt qoyurlar.
- İllət: Qızıl-gümüş üçün "qiymət" olması; qidalar üçün isə "müqtat" (əsas qida vasitəsi olması) və "muddəxar" (saxlanıla bilən, xarab olmayan) olması.
- Nəticə: Əgər bir qida əsas ruzi deyilsə və ya tez xarab olursa (məsələn, tərəvəzlər, bəzi meyvələr), onlarda Riba əl-Fadl yaranmaz.
- Məsələn: Malikilərə görə, 1 kq turpu 2 kq turpla dəyişmək olar, çünki turp anbarlanıb uzun müddət saxlanılan əsas qida növü deyil.
4. Hənbəli Məzhəbi
Hənbəli məzhəbində iki fərqli rəy olsa da, ən məşhur rəy Hənəfi məzhəbinə yaxındır.
- İllət: Çəki (vəzn) və ya həcm (keyl) ilə ölçülən hər bir şey.
- Fərq: Bəzi hənbəli alimləri həm çəki/həcm, həm də qida olma şərtini eyni anda axtarırlar.
Önəmli Qeyd: Bütün bu müzakirələr eyni cinsli malların mübadiləsinə aiddir (məsələn, buğda ilə buğda). Əgər malların cinsi fərqlidirsə (məsələn, buğda verib arpa almaq), miqdar fərqi sərbəstdir, lakin mübadilə o andaca (nəqd) həyata keçirilməlidir.
Müasir Dövrdə Riba örnəkləri
Modern iqtisadiyyatda Riba əl-Fadl (miqdar fərqindən yaranan sələm) klassik dövrlə müqayisədə daha mürəkkəb formalarda qarşımıza çıxır. Xüsusilə AAOIFI standartlarını və müasir bankçılıq praktikalarını nəzərə alsaq, bu mövzu hələ də aktuallığını qoruyur.
1. Valyuta Mübadiləsi (Sərf Əməliyyatları)
Müasir kağız pullar klassik fiqdəki "fülus" (mis pullar) və ya "nəqdeyn" (qızıl-gümüş) kateqoriyasına aid edilir. Beynəlxalq Şəriət Standartlarına (məsələn, AAOIFI Standart No: 1) görə, eyni növ valyutanın mübadiləsi zamanı miqdar fərqi qadağandır.
- Nümunə: Köhnə və ya cırılmış 100 dollarlıq əskinası verib, qarşılığında "təzə və ya xırda olduğu üçün" 95 dollar almaq Riba əl-Fadl hesab olunur. Çünki eyni cinsli pullarda (USD-USD) həm bərabərlik, həm də dərhal təslim şərtidir.
- Fərqli valyutalar: Manat verib dollar aldıqda miqdar fərqi (məzənnə) sərbəstdir, lakin mübadilə nəğd (spot) olmalıdır. Çünki araya zaman girib nisyə hala gələrsə bu artıq borc əqdinə çevrilmiş olar. Yəni mən sənə 100 dollar verirəm sən sabah mənə 170 manat verərsən. Amma yuxarıda da dediyimiz kimi, borc eyni, misli ilə geri qaytarılmalıdır, əks halda riba yaranar
2. Qızıl və Zərgərlik Məmulatları
Bu, müasir dövrdə ən çox rast gəlinən və müzakirə edilən məsələlərdən biridir.
- Nümunə: Köhnə (işlənmiş) qızılı zərgərə verib, üzərinə "işçilik haqqı" (ustalıq pulu) əlavə edərək daha az miqdarda yeni qızıl almaq.
- Şəriətin mövqeyi: Klassik alimlərin əksəriyyətinə görə, qızılın işlənməsi onun "nəğd" (pul) xüsusiyyətini dəyişmir. Buna görə də çəki fərqi qadağandır.
- AAOIFI-nin yanaşması (Standart No: 57): Müasir ehtiyacları nəzərə alaraq, bəzi fətvalarda qızıl artıq bir "mal" (əmtəə) kimi görülsə də, əksər alim hələ də bu əməliyyatın iki mərhələdə (əvvəlcə köhnəni satıb pulu almaq, sonra yenisini həmin pulla almaq) həyata keçirilməsini tövsiyə edir ki, Riba əl-Fadl şübhəsi qalmasın.
3. Rəqəmsal Aktivlər və Kriptovalyutalar
Kriptovalyutaların bir-biri ilə mübadiləsi zamanı Riba əl-Fadl məsələsi gündəmə gəlir.
- Nümunə: 1 "Wrapped Bitcoin" (WBTC) verib, 1.0001 Bitcoin (BTC) almaq.
- Təhlil: Əgər bu aktivlər eyni "cins" (alt struktur olaraq eyni aktivə bağlı) sayılarsa, aradakı cüzi miqdar fərqi sələm riski daşıyır. Burada alimlərin "illət" (səbəb) yanaşması işə düşür: Bu aktivlər puldur (şafilər/malikilər kimi) yoxsa ölçülə bilən maldır (hənəfilər kimi)?
4. Əmtəə Barteri
Xüsusilə kənd təsərrüfatı və enerji sektorunda "swap" (dəyiş-düyüş) əməliyyatlarında Riba əl-Fadl ehtimalı var.
- Nümunə: Bir logistika şirkətinin əlindəki 1000 litr yüksək keyfiyyətli dizel yanacağını digər şirkətin 1100 litr daha aşağı keyfiyyətli dizeli ilə dəyişməsi.
- Məzhəb fərqi:
- Hənəfi və Hənbəlilərə görə: Yanacaq litr (həcm) ilə ölçüldüyü üçün bu, birbaşa Riba əl-Fadldır. Keyfiyyət fərqinə baxılmır, miqdar bərabər olmalıdır.
- Şafi və Malikilərə görə: Yanacaq bir "qida" deyil. Buna görə də miqdar fərqi ilə dəyişdirilməsi (əgər hər iki tərəf razıdırsa) sələm sayılmır.
Müasir Ticarətdə Bu Riskdən Necə Qorunmaq olar?
İslam maliyyə qurumları və AAOIFI standartları bu problemi həll etmək üçün "İki Müstəqil Müqavilə" prinsipini təklif edir:
- Birinci mal bazar qiyməti ilə nağd satılır.
- Əldə olunan pulla ikinci mal müstəqil şəkildə alınır.
Bu yolla "eyni cinsli malların qeyri-bərabər mübadiləsi" (Riba əl-Fadl) təhlükəsi aradan qalxır.
© Halal Ekosistem