
Halal Ekosistem olaraq ortaq şəkildə qurulan bizneslərin daha güclü və dayanıqlı olduğuna inanırıq. Doğru seçilmiş bir iş ortağı ilə, hətta ən çətin yollar belə uğurla qət edilə bilər. Ortaqlıq (və ya şəriklik) – iki və ya daha çox şəxsin gəlir məqsədilə öz maddi və qeyri-maddi resurslarını birləşdirməsi əsasında qurulan əməkdaşlıq modelidir. Bu resurslara maliyyə vəsaiti, bilik, təcrübə, bacarıq, əlaqə şəbəkəsi və fiziki əmək daxildir.
Ortaqlıq modeli sahibkarlara bir çox üstünlüklər təqdim edir:
- Maliyyə resurslarının birləşdirilməsi: Tək şəxsin daşıya bilməyəcəyi maliyyə yükü ortaqlıqla daha rahat idarə olunur. Bu isə bank kreditindən istifadə etmədən, halal yolla biznes qurmaq və ya inkişaf etdirmək üçün real fürsətdir.
- Təcrübə və bilik sinerjisi: Fərqli bacarıq və təcrübələrə malik tərəfdaşların əməkdaşlığı, biznesin daha sürətli və ağıllı şəkildə böyüməsinə səbəb olur.
- Yeni əlaqələr və genişlənmə imkanları: Ortaqların fərqli əlaqələri və müştəri bazaları sayəsində iş daha tez tanınır və daha az xərclə inkişaf etdirilir.
- Halallıq həssaslığının qorunması: Düzgün seçilmiş bir ortaq, biznesin gündəlik fəaliyyəti zamanı halal prinsiplərə riayət olunmasında dəstəkçi və nəzarətçi rolunu oynayar. O ehtiyac olduqda səni xatırladar, xəta etdikdə xəbərdar edər və nəfsinə uymamaq üçün səni düzgün istiqamətə yönləndirər. İnsan təkbaşına qaldıqda xüsusilə çətin və riskli situasiyalarda emosional və ya maddi təsirlərlə yanlış seçimlər edə bilər.
Bütün üstünlüklərinə baxmayaraq, ortaqlıq modeli ilə işləmək çətin və məsuliyyətli bir prosesdir. Kommersiya maraqlarının toqquşması, gözləntilərin fərqli olması və əksər hallarda mübahisələrə hazır plan və çərçivənin mövcud olmaması kimi səbəblərdən dolayı tərəflər arasında anlaşılmazlıqlar yaranır.
Ortaqlıq yalnız dostluğa və etimada deyil, detallı şəkildə hazırlanmış yazılı müqaviləyə əsaslanmalıdır. Sözlə deyil, sənədlə möhkəmləndirilmiş münasibətlər uzunömürlü olur. Əgər “bu, mənim dostumdur”, “qardaşımdır”, “utanaram qeyd aparmağa” düşüncəsi ilə qeyri-rəsmi əməkdaşlıq qurularsa, bu, ilkin mərhələdə “etik davranış” kimi görünsə də, uzunmüddətli riski çox yüksəkdir. İnsan münasibətləri təbiəti etibarilə dəyişkəndir və ən çox güvəndiyimiz insanlar (hətta özümüz) belə, şərtlər dəyişdikdə fərqli reaksiyalar göstərə bilər.
“Əvvəl aramızda danışmışdıq” deyə başlayan, amma sübut edilə bilməyən qarşılıqlı iddialar; yalnız bir tərəfin apardığı qeydlərə digəri etibar etmədiyi üçün zədələnən münasibətlər; “Mən elə başa düşdüm ki...” kimi şəxsi təəssüratlara dayanan narazılıqlar reallıqda tez-tez qarşılaşdığımız hallardır.
Ortaqlıqda bəzi halallıq qaydaları:
- Ortaq seçərkən etibarlılıq, məsuliyyət hissi, dürüstlük, iş prinsiplərinə sadiqlik kimi şəxsi xüsusiyyətləri əsas götürülməlidir. Dini, irqi, qohumluq və ya şəxsi yaxınlıq kimi amillər ortaqlıqda təyinedici amil olmamalıdır.
- Ortaqların hansı hüquqa malik olduğu və hansı öhdəlikləri daşıyacağı aydın şəkildə yazılmalıdır. Ortaqlıqda ən önəmli nüanslardan biri budur.
- Mübahisə halında kimlərə müraciət ediləcəyi əvvəlcədən razılaşdırılmalıdır. Hər iki tərəf o şəxsin qərarına əməl edəcəyini bildirməli və həmin şəxsdən də razılıq alınmalıdır.
- İstənilən pul axını, qərar və əməliyyat şəffaf şəkildə sənədləşdirilməlidir. Beləcə hər bir tərəf nəyin, necə baş verdiyini açıq şəkildə görəcək, şübhə, sui-zənn və yalnış anlamalara fürsət verilməmiş olacaq, etimadsızlıq ehtimalı minimuma enəcəkdir.
- Ortaqla əməkdaşlığa başlamazdan öncə biznes fəaliyyətinin bütün mərhələlərinin halallıq prinsiplərinə uyğun şəkildə icra ediləcəyi barədə yazılı razılaşma mütləq şəkildə əldə edilməlidir.
- Şərikliyə cəlb edilən maliyyə vəsaiti halal olmalıdır. İnsan sağlamlığı və ictimai asayişə, cəmiyyətə, təbiətə zərər vuran məhsulların (narkotik maddələr, şərab, tütün və s) istehsalından gələn pullar, karrupsiya, çirkli pulların yuyulması və digər qeyri-qanuni vəsaitlər ‘’təmiz olmayan pullar’’ kateqoriyasına daxil edirik.
- Ortaqlığa daxil olan şəxsin sərmayəsi nəğd pul şəklində təqdim edilməlidir. Çünki qazanc və zərərin düzgün bölüşdürülməsi üçün ilkin sərmayənin dəqiq və ölçüləbilən olması vacibdir.
- Əgər ortaqlığa əmlak, avadanlıq, iş gücü və ya digər qeyri-nəğd resurslarla sərmayə qoyulacaqsa, həmin resursun nəğd qarşılığı əvvəlcədən razılaşdırılmalı və qeydiyyata alınmalıdır. Ortağın şirkətdəki payının dəqiq şəkildə müəyyən edilməsini üçün bu vacibdir.
- Ortaqlar fərqli valyutalarda sərmayə qoyduqda, şirkət üçün vahid əsas valyuta (məsələn, AZN, USD və ya EUR) müəyyən edilməlidir. Ödəmə və hesabat dövrlərində sərmayələr müvafiq günün məzənnəsinə uyğun olaraq həmin vahid valyutaya çevrilir.
- Hər bir ortağın sərmayəsi dəqiq məbləğlə ifadə edilməli, qeydə alınmalı və ortaqlıq başladıqda hazır vəziyyətdə olmalıdır. Ortaqlıq üçün ayrılmış sərmayə heç bir halda başqa məqsədlər üçün istifadə edilməməlidir. Bu sərmayə artıq ortaqların birlikdə qurduğu şirkətə məxsusdur.
- Ortaqlığa cəlb olunan vəsaitin biznes plan və ehtiyaclara uyğun olaraq mərhələli şəkildə (periyodik ödənişlərlə) qoyulması tövsiyə edilir. Bu, həm resursların daha səmərəli idarə edilməsinə, həm də tərəflər arasında inam və nəzarət mexanizmlərinin formalaşmasına şərait yaradır.
- Ortaqlıqda tərəflərin ortaya qoyduğu sərmayə real və hüquqi baxımdan şirkətin fəaliyyətinə dərhal təsir göstərə biləcək bir aktiv olmalıdır. Bu baxımdan, borc öhdəliyi heç bir halda sərmayə kimi qəbul edilə bilməz. Yəni bir şəxs “10.000 manatı şirkətə sərmayə kimi qoyuram, amma bu məbləği 4 il ərzində və ya imkan olduqca ödəyəcəyəm” kimi bir bəyanatla ortaqlığa daxil ola bilməz. Çünki bu vəsait şirkətin hazırkı fəaliyyətində istifadə edilə bilmir; ortaya qoyulan “sərmayə” üzərində ortağın fiziki nəzarəti və idarəetmə imkanı yoxdur; qeyri-müəyyən tarixli və qeyri-konkret məbləğli vəd yalnız borc xarakteri daşıyır, ortaqlıq payı və risk bölgüsü üçün əsas ola bilməz.
- Əgər ortaq olmaq istəyən şəxs özünə məxsus olan, lakin müəyyən borc öhdəlikləri ilə yüklü bir aktiv təqdim edirsə və bu aktiv real şəkildə biznesin istifadəsinə verilirsə – bu zaman belə sərmayə qəbul edilə bilər. Məsələn: Bir fabrik, içindəki avadanlıq və hazır məhsullarla birlikdə, həm alacağı, həm də verəcəyi borclar daxil olmaqla ortaqlığa təqdim edilə bilər. Burada fabrik əsas sərmayə kimi çıxış edir, borclar isə bu aktivin ayrılmaz tərkib hissəsidir. Bu kimi hallarda əsas meyar – aktivin konkretliyi, real dəyəri və istifadəyə yararlılığıdır.
- Ortaqlıq çərçivəsində baş verə biləcək zərər, şəriklərin ortaqlığa qoyduqları sərmayə payı nisbətində, mənfəət bölgüsü isə tərəflər arasında öncədən əldə olunmuş razılaşmaya (işə töhfə, idarəetmə məsuliyyəti və digər şərtlərə) əsasən həyata keçirilir.
- Ortaqlıq müqaviləsində tərəflər biznesin istənilən mərhələsində mənfəət bölgüsü, vəzifə bölgüsü və digər şərtlərlə bağlı dəyişiklik etmə hüququnu əvvəlcədən razılaşa və yazılı şəkildə təsbit edə bilərlər. Bu cür çeviklik, xüsusilə dinamik sahələrdə ortaqlığın uzunömürlü və adaptiv qalmasına imkan verir. Bu dəyişiklik hər iki tərəfin qarşılıqlı razılığı əsasında baş verməli və yazılı şəkildə sənədləşdirilməlidir.
- Heç bir tərəfə əvvəlcədən sabit mənfəət miqdarı vəd edilə bilməz. Yəni “sizə hər ay 1.000 AZN mənfəət veriləcək” kimi ifadələr halallığa ziddir. Mənfəət yalnız faktiki əldə edilmiş gəlirdən və razılaşdırılmış faiz nisbətində bölüşdürülə bilər. Sabit məbləğ yalnız əmək müqaviləsi və ya borc münasibətlərində keçərlidir, ortaqlıqda isə bu qadağandır.
- Heç bir ortaq sərmayəsinin geri qaytarılmasına dair zəmanət tələb edə və ya verə bilməz. Əgər ortaqlardan biri “ mənim sərmayəm istənilən halda mənə tam şəkildə qaytarılmalıdır” deyirsə və ya belə bir şərt müqaviləyə daxil edilirsə, bu artıq ortaqlıq (şirkət) deyil, borc anlaşması (qərz) sayılır. Borc müqabilində istər sabit məbləğ formasında, istərsə də mənfəətin müəyyən faiz nisbətində əlavə gəlir (mənfəət) gözləmək riba (sələm) sayılır və halal deyildir. Sərmayənin tam şəkildə qaytarılacağı öhdəliyindən sonra irəli sürülən istənilən mənfəət bölgüsü şərti — istər sabit, istər dəyişkən — mahiyyət etibarilə sələmdir və halal ortaqlıq prinsiplərinə ziddir. Mənfəət sabit məbləğlə (məsələn, aylıq 1.000 AZN gəlir) və ya nisbətlə (məsələn, mənfəətin 20%-i) təyin edilsə belə, əgər sərmayənin itkisiz geri qaytarılması öncədən şərt qoyulursa, bu artıq ortaqlıq yox, faizli borc müqaviləsi olur.
- Ortaqlığa yalnız öz əməyi ilə qatılan tərəfə sabit maaş təyin edilə bilməz. Əməklə ortaqlıq (ing. sweat equity) – bir şəxsin şirkətə pul vəsaiti yox, öz əməyini, bilik və bacarığını sərmayə kimi qoyaraq ortaqlıq payı qazanması deməkdir. Ortaqlığın bu modelində əməyin məzmunu, miqyası və qarşılığında verilən payın dəqiq müəyyənləşdirilməsi şərtdir. Ortaqlığa əməklə daxil olan şəxsin dəqiq hansı funksiyaları icra edəcəyi, neçə saat/həftə işləyəcəyi, hansı nəticələrə görə qiymətləndiriləcəyi və öz məsuliyyət sahəsini hansı çərçivədə icra edəcəyi açıq şəkildə yazılmalıdır. Əgər əməklə ortaq olan şəxs, öz öhdəliyi xaricində şirkətdə əlavə işlər görəcəksə (məsələn, mühasibat, marketinq, satış, müştəri xidməti və s.), bu fəaliyyətləri artıq ortaqlıq yox, əmək münasibəti çərçivəsində yerinə yetirməlidir. Bunun üçün isə ortaq olaraq qaldığı halda, ayrıca bir əmək müqaviləsi bağlanmalı, maaş, iş saatı, vəzifə təlimatı kimi detallar bu müqavilədə göstərilməlidir. Bu iki müqavilə – ortaqlıq müqaviləsi və əmək müqaviləsi – bir-birindən hüquqi və məzmunca fərqlənməlidir. Belə ki, onun işçi kimi çıxarılması ortaqlıq münasibətlərinə heç bir təsir göstərməməlidir.
- Ortaqlıq çərçivəsində yaranan zərərlər şirkət fəaliyyətinin təbii nəticəsi olaraq ortaya çıxıbsa və heç bir ortağın səhlənkarlığı, xətası və ya qəsdi bu nəticəyə səbəb olmayıbsa, bu halda heç bir ortaqdan əlavə təzminat tələb oluna bilməz. Belə hallarda zərər, əvvəlcədən razılaşdırıldığı kimi sərmayə payları nisbətində bölüşdürülməlidir.
- Zərər bir ortağın şəxsi məsuliyyətsizliyi, ehtiyatsız davranışı və ya səhlənkarlığı nəticəsində yaranıbsa, bu zaman həmin şəxsə qarşı kompensasiya tələbi irəli sürülə bilər. Bu tip hallar üçün ortaqlar arasında qirov, şəxsi zəmanət, hüquqi məsuliyyət öhdəliyi kimi mexanizmlər müqavilədə əvvəlcədən nəzərdə tutula bilər. Bu zəmanət alətləri yalnız konkret günah və təqsir halları üçün tətbiq edilməli, ümumi risklərə şamil olunmamalıdır.
- Ortaqlıq fəaliyyətindən gəlir əldə edildiyi hallarda belə, şirkətə ilkin sərmayə qoyan tərəflərin sərmayəsi tam şəkildə geri qaytarılmadıqca, bu gəlirdən digər ortaqlara mənfəət bölgüsü aparılmır. Halal ortaqlıq prinsiplərinə görə, sərmayənin qorunması birinci məqsəd, mənfəətin bölüşdürülməsi isə yalnız bu məqsəd təmin edildikdən sonra baş verə biləcək ikinci mərhələdir.
- Müqavilədə ortaqlardan hər hansı birinin sonradan şirkəti nominal dəyəri (yəni əvvəlcə qoyduğu sərmayə məbləği) əsasında almaq şərti qoyula bilməz. Belə bir şərt, digər ortaqların risklərini aradan qaldıraraq onların sərmayəsini faktiki olaraq zəmanət altına almış olur ki, bu da halal ortaqlıq qaydalarına ziddir. Çünki ortaqlıq münasibəti yalnız qazancın deyil, eyni zamanda risk və zərərin də bölüşdürülməsini tələb edir. Əvəzində, müqavilədə tərəflərdən birinin şirkəti müəyyən bir müddət sonra, real bazar dəyəri əsasında almaq hüququ tanına bilər. Bu halda şirkətin qiyməti müstəqil və ixtisaslı ekspertlər tərəfindən müəyyən edilir və alqı-satqı bu dəyər üzərindən həyata keçirilir.
Qeyd: Standartın qalan hissəsini əldə etmək üçün bizimlə əlaqə saxlayın.
Xidmət təklifi
Əgər siz biznesinizə investor və ya iş ortağı cəlb etməyi planlaşdırırsınızsa, Halal Ekosistem olaraq sizə bu prosesdə dəstək göstərə bilərik. Biz sizin fəaliyyət sahənizə, iş modelinizə və tərəfdaşlıq şərtlərinizə uyğun spesifik, halallıq prinsiplərinə əsaslanan ortaqlıq müqaviləsi hazırlayırıq. Müraciət etmək üçün bizimlə əlaqə saxlayın – ortaqlığınız halal, bərəkətli və davamlı olsun.
© Halal Ekosistem