Azərbaycan dilinin izahlı lüğətinə görə müəyyən dövrdə, müəyyən ictimai mühitdə geyim, məişət şeyləri və s. cəhətdən bu və ya digər zövq və adətlərin hakim olması moda adlanır.
Moda – fransızca mode – ölçü, obraz, qayda deməkdir. Bu söz müəyyən vaxtda, müəyyən mühitdə geyim və digər məişət əşyalarının, əsas meyar kimi qəbul edilməsi mənasında işlədilir. Bu sözün latınca m o d u s variantı isə, öz növbəsində qədim hindlilərin işlətdikləri sanskrit dilində m a d h – sözündən götürülmüş, mənası ölçü, çəki deməkdir. Latınca işlədilən «modus» sözü, XVII-XVIII əsrin filosofları tərəfindən, materiyanın keçici xassəsini bildirmək üçün işlədilirdi. Rus dilində «moda» sözü, I Pyotrun hakimiyyəti dövründə işlədilməyə başlanmış.
Moda geniş mənada müəyyən dövrdə mövcud olan və bu vaxt əksəriyyət tərəfindən qəbul edilmiş mədəniyyətin zahiri formalarına münasibəti əks etdirir. Moda sözü mədəniyyət təzahürlərinin bütün formalarına şamil edilsə də, öz bədii həllini, daha çox geyim tərzində tapmışdır.
Günümüzün ən önəmli sənayelərindən olan geyim sənayesinə bir təkan verən dəb (moda) fenomeni “Dəyişilmə ehtiyacı və ya bəzənmə ədabazlığıyla cəmiyyət həyatına girən müvəqqəti yenilik“, “Müəyyən bir müddət ərzində gündəm olan cəmiyyətdə bəyənilən şey, bir şeyə qarşı həddindən artıq göstərilən düşkünlük“, “Müvəqqəti olaraq yeniliyə və cəmiyyət tərəfindən bəyənilənə uyğun olan ” kimi mənalara gəlir.
Moda başlanğıcda yalnız geyim sektoru ilə eyniləşdirilsə də, bütün cəhətləri, anlayışları (konsepsiyaları), nəsnələri, məzmunları içinə alaraq geyimdən sənətə, davranışdan düşüncə tərzlərinə qədər hər sahdə mövcuddur. Buna görə dəb anlayışı insan həyatındakı bütün mücərrəd və konkret nəsnələrə aid edilməklə yanaşı onlara təsir də edə bilməkdədir. Bu gün texnologiya, həyat tərzi, yemək-içmək vərdişləri, idman və həyat fəaliyyətləri, geyim-kecim, sənət, dizayn, kitab, musiqi, dekorasiya, sosial həyatın bütün sahələri, bütün sektorlar, istifadə etdiyimiz vasitələr moda anlayışı ilə iç-içədir, qarşılıqlı təsir halındadır.
Dəbi bəyənilən və məşhur hala gətirən şey, onun bir şəkildə gücün göstəricisi olmasıdır. Hər hansı bir şeyin moda halına gəlməsi fərqli meyillərdən təsirlənməyə görə baş verir. Bu təsir atına düşmə gündəlik həyatımızda istifadə edilən kiçik bir aksessuar olduğu kimi, iqtisadi, siyasi, istehsal-istehlak kimi faktorlar da ola bilər.
Modanın inkişaf prosesi – daimi yürüş kimi səciyyələnir. Referent qruplar kütlədən qaçırlar, kütlə isə onlara çatmağa cəhd göstərir. Kütlə yenicə enli daban ayaqqabılara təmin olunmuşdu ki, moda «pioner»ləri nazik daban ayaqqabılara keçirlər, kütlə onların ardınca (maddi imkanlarının yol verdiyi qədər) gedə bilir.
Kütlənin yenicə aldığı, təzə nazik daban ayaqqabı, heç ikicə dəfə geyilməmiş, «pioner» qruplar yenidən, silueti tamamilə dəyişdirilmiş, lakin enli daban ayaqqabılara keçirlər. Bu vaxt kütlənin aldığı ayaqqabıların keyfiyyəti yaxşı olmadığına görə onlar ya xarab olmuş və ya onu artıq köhnəlmiş bilib çoxdan atmışdılar. Başqa halda əvvəlki model yaxşı saxlanılarsa da o «mənən köhnə» görünür, çünki silueti dəyişdirilmiş yeni model, əvvəlkilərdən əsaslı surətdə fərqlənir və s.
Beləliklə, yenilik ardınca yürüş davam edir. Modanı bərqərar edənlər («pionerlər» və ya «referent» qruplar) əhalinin böyük əksəriyyətindən fərqli maddi mövqeyə və statusa malik olduqlarına görə onlar, geyim mədəniyyətində təşəbbüskar kimi çıxış etməyi öz üzərilərinə götürürlər.
İstehsal sisteminin xarakterinin özü daimi hərəkət və tərəqqiyə meylli olmaqda maraqlıdır. Çünki istehsal, öz təbiəti etibari ilə kütləvidir. O, yalnız normal şəkildə o vaxt inkişaf edə bilər ki, kütləvi istehsal daima ona yeni sifarişlər versin. Yalnız kütləvi istehsal gəlir gətirir. O yerdə ki, insanlar geyimi fiziki cəhətdən sıradan çıxanadək işlədirlərsə, istehsalın inkişaf stimulu olmayacaqdır.
Ona görə də moda tələbin artımını süni şəkildə yaradır. Bu halda, fiziki cəhətdən sıradan çıxan deyim yox, dəbdən düşən, «mənən köhnələn» geyimlərdən imtina edilir. Bu isə hər ilin dörd mövsümündə baş verirsə, bu o qədər də az deyil. İstehsalat menecerləri moda «pionerlərini» kütlədən fərqləndirməyi təmin etdikləri kimi, eləcə də kütləni onların ardınca getmələrini təmin etməkdə maraqlı tərəf kimi sıxış edirlər. Çünki yalnız bu əbədi yürüş, onun tükənməz gəlir mənbəyini təmin edir. Buna görə də bir sıra iri moda istehsalçıları özlərində «elitarlıqla» «demokratizmi» birləşdirirlər.
1950-ci illərdə moda sahəsində vəziyyət əsaslı şəkildə dəyişir. Moda sənayeyə çevrilir, moda standartları tirajlaşdırılaraq, kütlələr arasında yayılır. Kütləvi kommunikasiya vasitələri, bir modeli minlərlə alıcıya təklif edilməsinə imkan verir.
1947-ci ildə Kristian Dior-un «New Look» kolleksiyası məhz belə yaranmışdır. Məhz bu ildə «mədəniyyət sənayesi» termini yaranır. Maraqlıdır ki, Jan Lanvenə XX əsrin əvvəllərində öz şəxsi biznesini açmaq üçün 300 frank kifayət etmişdirsə, 1946-cı ildə, Marsel Bussak Kristian Diorun Moda Evinə 500 mln. dollar vəsait xərcləyir. Bu dövrdə bir sıra moda evləri açılır, moda ilə məşğul olan professionallar meydana çıxır, kiçik atelyelər iri beynəlxalq sənaye və ticarət korporasiyalarına çevrilirlər.
1970-80-ci illərdə «moda sənayesində» seqmentasiya baş verir, bir obraz əvəzinə tədricən, hamı üçün moda üslublarından ibarət «yığma dəst» (looks) yaranır. Bu qarışıq üslublar arasında hər kəs istədiyini seçə bilər. Məsələn, «modernist», «romantik», «status symbol», «artistic», «avant guarde» və b.
Jül Lipovetski bu proses haqda yazırdı ki, «... eyni tipli moda əvəzinə «açıq oyun» məntiqinə əsaslanan moda meydana gəlmişdir. Bu vaxt təkcə geyim modellərini seçmək kifayət deyil, özünü dünyaya təqdim etməyin ən ağlasığmaz variantları arasında seçim etmək lazım gəlir».
İnsan həyatının bütün sahələrinə girmiş olan moda, əlbəttə ki əlində böyük bir güc toplamışdır. Bu qarmaqarışıq (mürəkkəb) sektorun göz qamaşdıran dünyasının arxasında böyük bir israf iqtisadiyyatının yatdığını və vəziyyətin nəhəng bir iqtisadi əvəznin olduğunu söyləmək də işin bu tərəfi ilə maraqlanmayanlar baxımından təəccüblü ola bilər.
MacArthur Fondunun “Yeni Tekstil İqtisadiyyatı: Modanın Gələcəyini Yenidən Dizayn Edərkən“ (A New Textiles Economy: Redesigning Fashion’s Future) adlı hesabatında müasir tekstil sənayesinin ağrılı mənzərəsi təsvir olunub. Əməli təbirlər görülməsə, bu sahədəki vəziyyətin 2050-ci ilə qədər dramatik şəkildə pisləşəcəyi deyilir.
Fondun hesabatında bildirilir ki, əgər əməli işlər görülməsə, moda sənayesi 2050-ci ilə qədər dünyanın karbon büdcəsinin dördə birini istifadə etmiş olacaq.
Bu gün moda fenomeni sayəsində yalnız geyim sektorunun illik qazancı 3 trilyon dollara çatır. Aparılan araşdırmalara görə, son 20 ildə paltar istifadəsi 50% azaldığı halda satış faizləri iki qat artmışdır. Bu məlumatlar göstərir ki, ildə orta hesabla 100 milyard müxtəlif geyim əşyaları satılır, ancaq onlardan sadəcə yarısı istifadə olunur.
Bəzi rəqəmlər media vasitəsilə cilalalanan moda sektorunun insanları necə bir israf bataqlığına doğru sürüklədiyini açıq şəkildə ortaya qoyur. Məsələn, yalnız Amerikada geyinilə biləcəyi halda modaya uyğun gəlmədiyi səbəbi ilə atılan geyimlərin miqdarı 13 milyon tondur.Çində isə bu göstərici illik 20 milyon tondur. Bu o deməkdir ki, hər il adambaşına 200-dən çox geyim vasitələri zibilə atılır. Ayrıca ABŞ-da tekstil tullantılarının pula çevriləcəyi təqdirdə milyonlarla evsiz və kasıb insanın illik dolanışığının təmin edilə biləcəyi ifadə edilir. Amerikada atılan məhsulların yalnız 15%-nin ehtiyacı olan insanlara çatdırıldığı, qalanlarının isə məhv edildiyi bildirilir. Avropada isə bəzi moda şirkətlərinin son beş ildə satılmamış və modası keçmiş məhsulların məhv edilməsi üçün 100 milyon avro xərclədiyi aşkar edilmişdir. Bu rəqəm Avropa daxilindəki humanitar yardımın miqdarının ondan birinə bərabərdir. Bu, o qədər resursların tamamilə duman olaraq havaya uçduğunu göstərir.
Burada qeyd etmək lazımdır ki, moda sektoru ilə bağlı ən dəhşətli faktlardan biri də bu sektorun yaratdığı ekoloji problemlərdir. Bu gün təxminən 4000-ə yaxın kimyəvi maddənin istifadə edildiyi geyim sektoru, neftdən sonra dünyada ikinci ən böyük ətraf mühit çirkləndirən sektor olaraq qəbul edilir. MacArthur Fondunun hesabatına görə, hazırda dəb sənayesi hər il 1.2 milyard ton istixana qazının yaranmasına səbəb olur ki, bu da beynəlxalq uçuşların və gəmiçiliyin birlikdə yaratdığı çevrə çirkliliyindən daha böyük rəqəm deməkdir. Bu sənayenin ortaya çıxadığı illik çirkab sular dünya miqyasında çayları və dənizləri çirkləndirən çirkab sularının 20% -ni təşkil edir. Bu vəziyyətin maddi dəyərindən başqa gələcək nəsillər üçün yaratdığı təhlükəni rəqəmlərlə ifadə etmək mümkün deyildir. Dəb industriyasının göstəricisi kosmetika sənayesindən də pisdir, hər il paltarlardakı yarım milyon ton plastik mikrofibr okeanlara tökülür. Mütəxəsisslər getdikcə daha çox inanırlar ki, plastik hissəciklər balıqları kimyəvilərlə zəhərləyir.
Rəqəmlər bir az fərqli görünsə də, Türkiyədəki vəziyyət də çox ürəkaçıcı deyil. Ticarət Nazirliyinin 2018-ci il İsraf barədə hesabatına görə günümüzdə bütün dünya ilə birlikdə Türkiyədə də 10 il əvvəllə müqayisədə bu gündə adambaşına 60% daha çox geyim istifadə edilməkdədir. Bu rəqəm insanların daha çox paltara ehtiyacı olduğu üçün deyil, qarderoblardakı paltarların dəblərinin keçməsi səbəbindən artır. Yenə eyni hesabatda, Türkiyədə insanların ortalama hər üç ildə bir cib telefonu dəyişdirdiyi görünür. Bu dəyişiklikdəki əsas motivasiyaların başında yeni bir modelə sahib olmaq fikri gəlməkdədir. Bənzər motivasiya bir çox moda istifadə malları üçün də müşahidə olunmaqdadır. Başqa sözlə desək, yeni modelin çıxması, daha yaxşısına sahib olmaq və daha dəbli olanını əldə etmək kimi vacib və məcburi olmayan faktorlar bu məsələlərdə çox kritik bir rol oynayır və milyardlarla lirə miqdarında milli sərvət yalnız moda və trend üçün qurban edilir.
Aparılan araşdırmalar nəticəsində, Türkiyədəki istehlakçıların yalnız 51%-nin ehtiyacı olduğu halda alış-veriş etdiyini göstərmişdir. Bu məlumatlara tərs tərəfdən baxılanda, istehlakçıların 49%-i ehtiyacı olmadan müxtəlif motivlərlə alış-veriş etdiklərini göstərir. Məsələn, Türkiyədə bir ildə yalnız moda aksesuarlarına xərclənən pul təxminən 6 milyard lirədir. Bu rəqəm minlərlə yoxsul ailənin illik qida istehlakına bərabər bir israfa işarə edir. Türkiyədə modaya görə geyindiyini söyləyənlərin nisbəti 37%-ə, müəyyən bir marka(brend) üçün daha çox pul ödəyəcəyini söyləyənlərin nisbəti isə 35%-ə bərabərdir. Bu da xərcləmələrdə yaşanılan israfın başqa bir tərəfini göstərməkdədir.
Bu datalar modaya tabe olmağın bir göstəricisi kimi əks olunur və ictimai status üçün sanki qaçılmaz bir davranış qəlibinə çevrildiyini göstərir. Gəldiyimiz nöqtədə moda kimi təsvir olunan ünsürlərin və yansımaların hər birinin dəyər olduğu görülür. Bu dəyər bir tərəfdən düzgün istiqamətdə istifadə edilməyib israf edilmiş milyardlarla pulun cəmiyyətin cibindən oğurlandığı mənasına gəlməsiylə yanaşı, digər tərəfdən öz mədəniyyətindən uzaqlaşmanı, qopmanı göstərən böyük bir risk sahəsinin ortaya çıxdığını da ağıllara gətirir
Bu gün dünyada bir çox humanitar böhranın həlli üçün ehtiyac duyulan büdcə (məbləği) modanın təmsil etdiyi israf iqtisadiyyatı ilə itirilən pulların mənalı və lazımlı yerlərə xərclənməsi sayəsində asanlıqla formalaşdırıla bilər. Məsələn, sadəcə tekstilin moda büdcəsi ilə dünyada 140 milyondan çox yetim uşağın 20 illik dolanışığı asanlıqla təmin edilə bilər, ya da müharibələr və iqtisadi böhranlar səbəbindən köç yoluna düşmüş 65 milyondan çox qaçqının dolanışığını və hətta geri döndükləri zaman evlərinin yenidən inşa edilməsini təmin edəcək qaynaq formalaşdırıla bilər. Bu nümunələri çoxaltmaq mümkündür, lakin onların həyata keçirilməsində təkcə hökumətlərin deyil, vətəndaş cəmiyyətinin də üzərinə böyük məsuliyyət düşür. Şübhəsiz ki, bunun ilk şərti də istehlak vərdişini (istehlakçı davranışı) və psixologiyasını dəyişdirməkdən keçir.
Hər cəmiyyətin özünə xas müəyyən dəyər mühakimələri və anlayışları vardır, moda da bu anlayış və dəyər mühakimələrinə həm təsir etməkdə, həm də bunlardan təsirlənməkdədir. İqtisadi faktorlar modaya əhəmiyyətli dərəcədə təsir göstərdiyi kim, yuxarıda qeyd edildiyi kimi, ümumi iqtisadi həyatın tərzini də birbaşa formalaşdırmaqdadır. Bu gün moda uğrunda sərf edilən bir çox xərc düzgün yönləndiriləcəyi təqdirdə, bir çox sosial problemin həll edilməsi üçün lazım olan büdcə təmin edilə bilər..
İnsanın əsas ehtiyaclarına nəzər salası olsaq, modanın qaçınılmaz zəruri bir ünsür olmadığı asanlıqla görüləcəkdir. Moda tək bir dizayner tərəfindən tərtib edilsə də, bunu həyata keçirənlər də nəzərə alındığında bu, modanı formalaşdıran və modanı istifadə edənlərin kollektiv olaraq ortaya qoyduğu bir prosesdir. Bu səbəbdən də moda vasitəsiylə ortaya çıxarılan israfçılığa görə məsuliyyəti yalnız bir neçə şirkət daşımır, əksinə baiskarlar bu sektoru ayaqda saxlayan media qurumları, marketinq firmaları, mağazalar və nəticədə istehlakçıların birbaşa özləridir.
Sosioloq Alev Erkilet tərəfindən təsvir edilən mədəniyyət, adət-ənənə sistemi içərisindəki dəyər mühakimələri moda ilə daimi bir qarşılıqlı əlaqədədir: “Hər inteqrasiya olunmuş mədəniyyət sistemi özlüyündə mücərrəd (abstrakt) olan məna və dəyərlərlə onları yaşayan, daşıyan, transfer edən insanlar və dəyərlərin ‘daşa həkk edilmiş halı’ olan maddi mədəniyyət ünsürlərindən meydana gəlir. Bu üç komponent arasında məna baxımından inteqrasiya mövcuddur. Ən sadə ifadə ilə desək, insan nəyə inanırsa ona uyğun olaraq davranar, özündən sonrakı nəsilləri bu dəyərlərə görə sosiallaşdırır və nəhayət dəyər muhakimələrinə uyğun vasitə və vəsaitlərdən istifadə edər. Yaşadığı binaların estetikası və dizaynıyla, ibadət yerləriylə, geyinmək üçün seçdiyi aksesuar və formalarla mədəniyyətin onurğa sütununu təşkil edən dəyər sistemləri arasında bir uyğunluq mövcuddur.. “
Dəb və nəsnə kontekstində münasibətlər nəzərə alındıqda, modanın daimi və qalıcı olmadığı müəyyən edilmişdir, çünki dəyişilməyə uyğun bir temaya sahibdir. Moda ünsürləri(elementləri) fayda təmin edə bilər, lakin ən təməl məqsədi fayda təmin etməkdən çox insanı psixososial və məhsul xüsusiyyətləri baxımından cəzb etməkdir. Modanı ümumi bir zaman axışında düşündüyümüzdə nəsnənin təqdim edilməsi, qəbul edilməsi və sonrasında isə rədd edilməsi ilə “demode (dəbdən düşmüş)” olmasını görməkdəyik.
Sənaye İnqilabı ilə kapitalistləşən dünyada modanın nəhəng bir sektora çevrilməsi qaçılmaz olmuşdur və insanların modadan istifadə tərzləri də fərqli olmuşdur. Ancaq elə bir zamana gəlib çatmışıq ki, dəb bəşəriyyətin həyat tərzini təhdid edən ünsürlər ehtiva edən sosial bir risk sahəsi halına çevrilmişdir. Yüz minlərlə insanın aclıq şəraitində yaşadığı bir dünyada, moda üçün trilyonlarla dollar xərclənməsi bunun ən acınacaqlı göstəricisidir.
Modanın ehtiva etdiyi israfçılıq dərəcəsi və insani tərəfin bir yana qoysaq belə, hər bir cəmiyyətin dəyər anlayışlarını dəyərsizləşdirməsi baxımından da mühüm bir problem sahəsi kimi görünür. Öz modasını formalaşdırdığı müddətcə xalqların qorxmasına ehtiyac olmasa da, Qərbdə formalaşdırılan milli kodların milli kimliyimizi dəyərsizləşdirməsi və bizləri mədəni cəhətdən ac buraxması təhlükəsi isə heç də əhəmiyyətsiz qəbul ediləcək bir detal deyildir.
İstifadə edilmiş qaynaqlar:
2. azleks.az
3. Bilge.az
4. TELMAN İBRAHİMOV, MÜASİR MODA SƏNƏTİ, B A K I – 2007
© Halal Ekosistem