Məşhur İslam iqtisadçısı Prof. Xurşid Əhməd 93 yaşında vəfat etdi.
1932-ci il martın 23-də Britaniya Hindistanının Dehli şəhərində anadan olan Prof. Əhməd təhsilinə Anglo-Ərəb Kollecində başlamışdır. 1947-ci ildə Hindistanın bölünməsindən sonra ailəsi Pakistana köçdü və Pəncabın Lahor şəhərində məskunlaşdı. O Lahorda yerləşən Government College Universitetində iqtisadiyyat və biznes sahəsində, Kəraçi Universitetində isə iqtisadiyyat və İslamşünaslıq üzrə magistratura təhsili aldı. 1949-cu ildə Əhməd “Muslim Economist” jurnalında ilk ingiliscə məqaləsini dərc etdi. Xurşid Əhməd 1958-ci ildə Adam Smitin “Görünməz əl və kapitalizm” mövzusunda fundamental əsərini ehtiva edən dissertasiyasını müdafiə etdikdən sonra Kəraçi Universitetinə daxil oldu və İqtisadiyyat üzrə magistr dərəcəsini bitirdi. 1965-ci ildə isə Böyük Britaniyanın Lester Universitetində iqtisadiyyat üzrə doktorantura təhsilini tamamladı. Prof. Əhməd İslam iqtisadiyyatının akademik bir sahə kimi inkişafına öncülük etmiş və bir çox nüfuzlu qurumlara rəhbərlik etmişdir.
O, bakalavr təhsilini iqtisadiyyat üzrə birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib (1952). Daha sonra Əbul A'la Mevdudinin əsərini oxumağa başladı və onun partiyası olan Camaat-e-İslami`də (Jamaat-e-Islami Pakistan-JeI) çalışmağa başladı. 1952-ci ildə Vəkillər Kollegiyasına imtahan verdi və İslam hüququ və fiqhinə olan böyük marağından dolayı GCU-nun (The Government College University) hüquq proqramına daxil oldu. O, öz universitetində islamşünaslıq üzrə dərs keçməklə yanaşı Jel-də tələbə işçisi olaraq çalışırdı. Lahordakı şiddətli iğtişaşların nəticəsi olaraq, Əhməd Pəncab Polis İdarəsi tərəfindən JeI işçilərinin kütləvi şəkildə həbs edilməsindən yayınmaq üçün GCU-dan ayrıldı və daimi olaraq Kəraçiyə köçdü.
O, general Ziya-ül-Həqqin hakimiyyəti dövründə Pakistanın milli iqtisadiyyatının islamlaşdırılması fəaliyyətində mühüm rol oynamışdır. Uzun illər “Camaat-ə-islami” partiyasının fəal üzvü olan Prof. Əhməd, 2002–2012-ci illər arasında Pakistan Senatının üzvü olmuşdur.
O Böyük Britaniyada “Islamic Foundation” təşkilatının qurucularından biri kimi İslam iqtisadiyyatı və maliyyəsi sahəsində təhsil və nəşr fəaliyyətlərinə liderlik etmişdir. Bu fond həmçinin Birləşmiş Krallıqda İslam bankçılığının inkişafına töhfə vermiş və Markfild Ali Təhsil İnstitutunun qurulmasına şərait yaratmışdır.
Xurşid Əhməd 1970-ci ildə İngiltərəyə köçdü və Leicester Universitetində Müasir fəlsəfəni öyrətmək üçün fəlsəfə şöbəsinə qoşuldu.
Prof. Əhməd, faiz əsaslı sistemlərə alternativ olaraq İslam maliyyə prinsiplərini təklif edərək, qlobal problemlərə İslam islahatları vasitəsilə həll axtarmış, zəkatı yoxsulluqla mübarizədə mühüm vasitə kimi təşviq etmiş və müsəlman ölkələrinin iqtisadi müstəqilliyini müdafiə etmişdir. Onun elmi və ictimai fəaliyyəti beynəlxalq səviyyədə tanınmış, Nishan-e-Imtiaz (2011), Kral Faysal Mükafatı (1990) və La-Riba Mükafatı (1998) kimi nüfuzlu mükafatlarla təltif edilmişdir.
© Halal Ekosistem