28 November 2024

Mərkəzi Banklar Maliyyə Bazarı üçün Niyə Bu Qədər Vacibdir?

Halal Ekosistem|Maliyyə

Mərkəzi banklar qlobal maliyyə bazarlarında kritik rol oynayır, çünki onlar faiz dərəcələrini tənzimləyərək borc almaq və verməyin nə qədər başa gələcəyini müəyyən edir. Mərkəzi banklar faiz dərəcələrini idarə etməklə, inflyasiyanın ölkənin iqtisadi şəraitinə əsaslanan əvvəlcədən müəyyən edilmiş diapazonda qalmasını təmin edirlər.

Faiz dərəcəsinin idarə olunması mərkəzi bankın ən effektiv vasitələrindən biridir. Faiz dərəcəsi borc alıb verməyin dəyərinə təsir etdiyi üçün iqtisadi fəaliyyətə birbaşa təsir göstərir.

Məsələn, əgər borc almaq daha bahalı olarsa, artıq borcu olan insanlar digər məhsullara xərcləmək üçün daha az pul əldə edəcəklər. Borcu olmayan insanlar isə ev almaq kimi iqtisadi fəaliyyətləri faiz dərəcəsi aşağı düşənə qədər təxirə sala bilərlər. Pul xərcləyən insanların sayı azaldıqca, mal və xidmətlərin qiyməti də azalır və bu da inflyasiyanın yavaşlamasına səbəb olur.

Faiz Dərəcələri Aşağı Olanda Nə Baş Verir?

Faiz dərəcələri aşağı olduqda, borc almaq daha ucuz olur və insanlar borcla nələrsə almağa daha həvəsli olurlar. Bunun nəticəsində insanlar daha çox pul xərclədiyi üçün mal və xidmətlərə tələbat artır, lakin təklif eyni qalır. Bu isə qiymətlərin artmasına səbəb olur.

Bütün mərkəzi banklar maliyyə sisteminin sabitliyini təmin edir və sistemdəki pul təchizatını nəzarətdə saxlayır. ABŞ Federal Ehtiyat Sistemi (FED) kimi bəzi mərkəzi bankların əlavə iqtisadi məqsədləri də var, məsələn, əmək bazarında tam məşğulluğu təmin etmək.

Mərkəzi Banklar və Volatillik

Mərkəzi banklar bazarda volatilliyə (dalğalanmalara) səbəb ola bilər. İnvestorlar yalnız mərkəzi bankların qərarlarını deyil, həm də hər bir regionun monetar siyasətini müəyyən edən məsul şəxslərin bütün bəyanatlarını diqqətlə izləyirlər. Maliyyə bazarlarında tez-tez qəfil hərəkətlər birbaşa mərkəzi bank rəhbərlərinin bəyanatları ilə bağlı olur, çünki bu bəyanatlar investorlar arasında müəyyən gözləntilər yaradır. Digər vaxtlarda makroiqtisadi amillər bazarı bu və ya digər istiqamətdə hərəkətə gətirir, mərkəzi bankın reaksiya vermək məcburiyyətində qalacağını gözləyir.

Son illərdə baş vermiş ən məşhur bazar hadisələrindən biri məhz birbaşa mərkəzi bank qərarı ilə bağlıdır. İsveçrə Milli Bankı (SNB) 15 yanvar 2015-ci ildə verdiyi bir açıqlama ilə valyuta bazarını sarsıtmış və bazarlara təsir etmişdi.

İsveçrə Milli Bankı və Avro-İsveçrə Frankı Dalğalanması

İsveçrə Milli Bankı (SNB) aylarla bazara müdaxilə edərək avronun dəyərini 1.20 İsveçrə frankından yuxarı saxlamağa çalışırdı. Onlar bunu Avro-İsveçrə frankı (EUR/CHF) məzənnəsi üçün 1.20 səviyyəsində bir hədd müəyyən edərək həyata keçirirdilər. Lakin 2015-ci ilin yanvarında SNB bu həddi ləğv edərək bazarları təəccübləndirdi.

Bu qərar nəticəsində avronun İsveçrə frankına qarşı dəyəri demək olar ki, ani olaraq 1.20-dən 0.80-ə qədər kəskin şəkildə azaldı. Bu hadisə "Avro-İsveçrə Ani Çöküşü" (Euro-Swisse Flash Crash) kimi tanındı və EUR/CHF məzənnəsində uzun mövqe tutan hər kəs üçün ciddi itkilərə səbəb oldu.

Avropa Mərkəzi Bankı və Bazara Təsiri

Avropa Mərkəzi Bankı (ECB) da mərkəzi bankların bazarın istiqamətini necə dəyişə biləcəyinə dair başqa bir nümunədir. 25 iyul 2012-ci ildə, Avropa vahid valyutası ciddi etibarlılıq problemi ilə üzləşərkən, ECB Prezidenti Mario Draqi Londonda ictimaiyyət açıq bir çıxış etdi. Onun bəyanatları dövlət borcu bazarlarında böyük çalxalanmaya səbəb oldu.

Mario Draqinin çıxışı "hər nə lazımdırsa" (whatever it takes) ifadəsi ilə yadda qaldı və investorların avrozonaya olan etimadını bərpa etməsinə kömək elədi. Bu da istiqraz bazarlarında güclü hərəkətə səbəb oldu.

Bu hadisədə bazarın reaksiyasına səbəb olan faktor bir mərkəzi bankın idarə heyəti tərəfindən verilmiş qərar deyildi, əksinə, prezidentin təşkilatın rəsmi qərarlarından asılı olmayan ictimai bəyanatı idi.

Mərkəzi Bankların Tarixi

İlk mərkəzi banklar 17-ci əsrdə yaradılmışdır. 1668-ci ildə təsis edilmiş İsveç Bankı (Sveriges Riksbank) bu dövrə aid mərkəzi banklardan biridir.

Bir çox mərkəzi bank əvvəlcə özəl şirkət kimi fəaliyyətə başlamış və tədricən dövlət qurumuna çevrilmişdir. Bu keçid onların hazırkı mövqelərinə çatmasına imkan yaratmışdır.

Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sistemi (Fed) 1913-cü ildə əsrin əvvəllərində ölkədə baş verən bir sıra maliyyə böhranlarına cavab olaraq qurulmuşdur.

Avropa kontekstində isə Avropa Mərkəzi Bankı (ECB), Avropa ölkələrinin vahid valyutaya malik ortaq iqtisadi region inkişaf etdirmək öhdəliyi əsasında yaradılmışdır. Avrozonaya daxil olan dövlətlər öz milli mərkəzi banklarını saxlasa da, onların rolu ECB-yə inteqrasiya nəticəsində azalır.

Mərkəzi Bankın Açıqlamalarına Necə Reaksiya Verməli?

Mərkəzi bankların açıqlamalarını izləmək iqtisadiyyatda iştirak edən hər kəs, xüsusilə bazar hərəkətlərinə tez reaksiya verməli olan treyderlər və investorlar üçün vacibdir.

Mərkəzi banklar adətən valyuta və istiqraz bazarlarına daha çox təsiri göstərir, lakin tez-tez səhm və əmtəə bazarlarında da dolayısı təsirlər müşahidə olunur.

Reaksiya Üçün Məsələhətlər:

  1. Çevikliyinizi qoruyun: Bazar şərtlərini diqqətlə izləyin və vəziyyətə tez uyğunlaşın. Rəylər və baxışlar tez dəyişir və mərkəzi bank ətrafında dəyişkənlik (volatillik) böyük ola bilər.
  2. Riskləri idarə edin: Yaxşı məlumatlanmış olmaq və risk idarəetməsini prioritet etmək vacibdir. Çünki gözlənilməz dəyişikliklər böyük itkilərə səbəb ola bilər.
  3. Tez hərəkətə keçməyə hazır olun: Bazardakı hər bir dəyişikliyi qiymətləndirmək və onlardan faydalanmaq üçün hazırlıqlı olun.
  4. Səbirli olun: Unutmayın ki, ilkin ani reaksiyalar toz-duman çəkildikdən sonra əsasən tərsinə çevrilir və orijinal bazar dəyişikliyindən sonra yeni bir fürsət pəncərəsi açılır. Mərkəzi bank açıqlamaları bazarları əhəmiyyətli dərəcədə təsirləndirə bilər, lakin hazırlıqlı olmaq bu təsirlərdən ən yaxşı şəkildə yararlanmağa imkan verir.

Qaynaq: Why are central banks so important to financial markets?

© Halal Ekosistem