22 November 2024

Mərkəzi Banklar digər banklara pulu neçə faizlə verir?

Halal Ekosistem|Maliyyə

Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Uçot dərəcəsi həmçinin pul siyasəti alətidir. Bu faiz dərəcəsini müəyyən etməklə Mərkəzi Bank dövriyyədə olan pul kütləsini tənzimləyir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Təcrübədə isə bu aşağıdakı formada həyata keçirilir:

Tutaq ki, kommersiya bankı Mərkəzi bankdan 1 milyon dollar götürə bilər. 1 ildən sonra isə o Mərkəzi Banka ondan əldə etdiyi ümumi məbləği və + həmin dövr ərzində toplanmış yenidən maliyyələşmə dərəcəsini (uçot dərəcəsini) geri qaytarmalıdır.

Həmin il ərzində kommersiya bankı həmin pulları uçot dərəcəsindən yüksək faizlə əhaliyə və təşkilatlara kredit olaraq verir və gəlir əldə edir. Bunu rəqəmlərlə izah etməli olsaq tutaq ki, Mərkəzi Bankın təyin etdiyi yenidən maliyyələşmə dərəcəsi 10% təşkil edir. Bank Mərkəzi Bankdan 10%-lə məbləği əldə edir və onu vətəndaşlara 18%-lə kredit şəklində verir. Aradakı fərqi kommersiya bankı və yaxud kredit təşkilatı gəlir olaraq əldə edir.

Uçot dərəcəsi necə təyin edilir?

Mərkəzi bank yumşaq pul siyasəti yürüdərkən uçot dərəcəsini aşağı salır. Bu zaman banklar aşağı faizlə daha çox kredit əldə edirlər və əhaliyə daha çox kredit vermək imkanı əldə edirlər. Bu zaman dövriyyədəki pul kütləsi artır. Bu siyasətin əsas məqsədi tələbi artırmaq və iqtisadiyyatı canlandırmaqdır.

Sərt pul siyasəti zamanı Mərkəzi Bank uçot faiz dərəcəsini artırır. Məqsəd isə inflyasiyanı tənzimləmək və pul kütləsini azaltmaqdır. Həmçinin, Mərkəzi Bank müxtəlif qiymətli kağızlar sataraq dövriyyədəki pulu azaltmağa çalışır.

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olduqda kreditlər əlçatan xarakter alır. Kreditlər üzrə faiz dərəcələri enir və insanlar kredit əldə etməyə həvəs göstərir.

Nəticədə, insanların sahib olduğu pul kütləsi artdıqca edilən alış-veriş həcmi də artır. Beləliklə, məhsulların dəyəri yüksəlir. Məhsul həcmi azaldıqca satıcılar qiymət qaldırmağa başlayır. Bununla bərabər inflyasiya artmağa başlayır. İnflyasiyanın yüksək həddi insanların həyat şərtlərinə təsir edir. İnflyasiya nə qədər yüksəkdirsə, insanların həyat şərtləri bir o qədər aşağıdır və təbii ki, bu onları qane etmir.

İnflyasiyanın yüksək olması insanların həyat şərtlərinə təsir edir. İnflyasiya nə qədər yüksək olarsa, insanların yaşayış səviyyəsi bir o qədər enməyə başlayır və təbii ki, bu əhalini qane etmir. Bu vəziyyət isə öz növbəsində dövlət üçün təhlükə xarakteri daşıyır.

Bu səbəbdən də, yenidən maliyyələşmə dərəcəsi ölkədə inflyasiya səviyyəsinə təsir etmə aləti rolunu oynayır. İnflyasiyanı endirmək üçün yenidən maliyyələşmə dərəcəsi qaldırılır. Bu səbəbdən də kreditlər bahalaşmağa başlayır. Belə olduqda, kredit əldə etmək vətəndaşlar üçün sərfəli olmur və bu da özünü onların alıcılıq qabiliyyətində əks etdirir.

İnsanların pulu azalır və az xərcləməyə başlayırlar. Onlar tərəfindən qazanılan məbləğ yalnızca vacib, gündəlik xərclərin qarşılanmasına sərf olunur. Bu səbəbdən də, mağazalarda satış həcmi enir və satıcılar qiymətləri endirməyə məcbur olur. Bütün bunlar sonda inflyasiyanın enməsinə səbəb olur.

Xatırladaq ki, Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 15%-ə bərabər olub və bu barədə müvafiq qərarı Mərkəzi Bank 2008-ci ilin iyun ayında qəbul edib. Uçot dərəcəsinin ən aşağı həddi isə 2009-cu ilin may ayında qəbul edilən qərarla 2% olub.

Mərkəzi Bank tərəfindən həyata keçirilən məqsədyönlü məzənnə siyasəti iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə və tədiyə balansının strateji dayanıqlığına müsbət təsir edib.

AMB ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi proseslərinin dəstəklənməsi istiqamətində də məqsədyönlü fəaliyyətini davam etdirib. Bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasıdır. Bununla bağlı son vaxtlar bank sektorunun fəaliyyətinin tənzimlənməsi üzrə həyata keçirilən tədbirlər faizlərin aşağı düşməsinə şərait yaradır.

Mərkəzi Bankın 13 iyul 2015-ci il tarixində qəbul etdiyi qərara əsasən ölkədə uçot dərəcəsi 3.5%- dən 3%-ə endirilib.

Faiz dərəcələrinin aşağı salınmasında əsas məqsəd isə bankların ucuz kreditlər verməsini təmin etməkdir ki, bu da öz növbəsində onların real sektora daha çox dəstək verməsinə gətirib çıxaracaq.

Həmçinin, uçot dərəcələrinin artırlıması milli valyutanın xarici valyutaya nisbətən dayanıqlılığının təmin edilməsinə səbəb ola bilər. Misal olaraq, 2018-ci ilin sentyabr ayında Türkiyədə uçot dərəcəsi 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılmışdır. Qərardan sonra türk lirəsi digər xarici valyutalar, o cümlədən ABŞ dolları qarşısında bahalaşıb. TRY/USD nisbəti 6,41-dən 6,03-ə düşüb.

Avropa ölkələrinin əksəriyyətində uçot dərəcəsi 0%-ə bərabərdir. Ən yüksək uçot faiz dərəcəsi Argentinada 27,25%, ən az isə İsveçrədə -0,75%-dir.

© Halal Ekosistem