(Bu mətn müasir dövrün böyük alimi hesab edilən Muhamməd Taqi Osmani tərəfindən qələmə alınan iki cildlik Fiqhu’l-Buyu ́əsəri əsasında hazırlanmışdır)
İslam borclar hüququnda xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də qeyri-müsəlmanlara, xüsusən də müsəlman cəmiyyəti ilə müharibə şəraitində olanlara (hərbilərə) silah və strateji əhəmiyyətli malların satılmasıdır. Bütün İslam hüquqşünasları (fəqihləri) yekdil olaraq qəbul etmişdirlər ki, hərbilərə silah satmaq qəti şəkildə qadağandır. Bu qadağanın əsas səbəbi (illəti) onların sadəcə fərqli inanca sahib olmaları deyil, satılan silahların müsəlmanlara
(İslam torpaqlarına) qarşı istifadə edilmə ehtimalının olması və düşmən tərəfin hərbi baxımdan gücləndirilməsidir. Vəziyyətin ciddiliyi o həddədir ki, hətta əsir düşmüş müsəlmanları xilas etmək üçün belə qarşı tərəfə fidyə olaraq silah verməyə hüquqən icazə verilmir.
Müqavilənin Hüquqi Statusu və Məzhəblərin Yanaşması
Bəs qadağan olunmasına baxmayaraq, hər hansı bir şəxs və ya şirkət qeyri-müsəlmanlara silah satarsa, bu alış-veriş müqaviləsi hüquqi baxımdan necə dəyərləndirilir? Bu məsələdə dörd böyük hüquq məktəbi fərqli metodologiyalar izləmişdir:
- Şafii və Hənbəli məzhəblərinə görə: Bu cür müqavilə təməldən batildir (yox hökmündədir) və heç bir hüquqi nəticə doğurmur. Müqavilə fəsx edilməyə (ləğvə) belə ehtiyac duymadan tamamilə etibarsız sayılır.
- Hənəfi və Maliki məzhəblərinə görə: Bu müqavilə struktur olaraq qurulmuş (münakit) sayılır. Çünki əqdin təməl şərtlərində və rüknlərində hər hansı bir hüquqi qüsur yoxdur. Lakin, müqaviləni əhatə edən xarici amillərə – düşməni gücləndirmə təhlükəsinə görə bu satış caiz deyil və məkruh hesab olunur. Yəni müqavilə bağlansa da, dövlət həmin silahların, texnikanın və ya malların ölkə xaricinə (düşmən diyarına) çıxarılmasına imkan vermir və buna birbaşa mane olur.
Əman ilə müsəlman torpaqlarına daxil olmuş bir harbi geri qayıdarkən (əmanla İslam torpağına daxil olan olan hərbi burada ən çoxu 1 il qala bilər) özü ilə silah, at kimi gücləndirici məhsullar aparmasına icazə verilməz, həmin məhsullar ondan müsadirə olunar.
Silah Anlayışının Müasir Əhatə Dairəsi və Xammal Satışı
İslam mülki hüququnda "silah" anlayışı yalnız qılınc, tüfəng və ya mərmi kimi ənənəvi vasitələrlə məhdudlaşmır. Düşməni hərbi və strateji cəhətdən gücləndirə biləcək hər cür vasitə bu qadağanın əhatə dairəsinə daxildir. Klassik dövrdə bura dəmir, mis kimi xammallar və at kimi miniklər aid edilirdisə, günümüzün iqtisadi reallığında neft, təbii qaz, müasir texnologiyalar, kompüter proqramları (yazılımlar), pilotsuz uçuş aparatları və hətta strateji əhəmiyyət daşıyan informasiyalar da bu kateqoriyaya aiddir. Günümüzdə müxtəlif yollarla əldə edilən informasiyalar (data) özəlliklə də suni intellekt vasitəsi ilə işlənərək müsəlmanların hədəf alınaraq öldürülməsində geniş istifadə edilir (Qaynaqlar: L.A. Times, Human Rights Watch, SETA,Guardian)
Silahın xammalının (məsələn, dəmirin) satışı ilə bağlı Şafii fəqihləri fərqli bir detal əlavə edərək qeyd edirlər ki, əgər satılan dəmirin silah sənayesində istifadə olunacağı qəti deyilsə caizdir (tam fərqli bir sahədə (məsələn, mülki tikintidə) istifadə ediləcəyi bilinirsə). Lakin Hənəfilər, silahın özünün satışı necə qadağandırsa, onun xammalı olan dəmirin satışını da eyni dərəcədə (məkruh) qəbul edirlər.
Bir sözlə düşmənin gücünə güc qatacaq, onlara savaşda üstünlük təmin edəcək və müsəlmanlara zərər vermə ehtimalı yaradacaq hər cür vasitənin satışı İslam hüququnda qəti şəkildə qadağan olunur.
Üsyançı Müsəlmanlara və Müttəfiqlərə Silah Satışı
Silah satışı qadağasının arxasında dayanan əsas məntiq sırf inanc fərqliliyi deyil, cəmiyyətin təhlükəsizliyinin qorunmasıdır. Buna görə də, müsəlman olmalarına baxmayaraq, dövlətə qarşı silahlı qiyam edən üsyançılara, yol kəsənlərə, terror qruplaşmalarına və cəmiyyətə hədə-qorxu gələnlərə silah satmaq qətiyyən qadağandır. Çünki onlara silah satmaq birbaşa cəmiyyətin özünə qarşı təhdid yaratmaq deməkdir.
Digər tərəfdən, qeyri-müsəlman olmalarına baxmayaraq, müsəlmanlarla müttəfiq olan və ortaq düşmənə qarşı savaşan qruplara və ya dövlətlərə silah satmağa icazə verilir. Həmçinin, İslam yurdunda sülh içində yaşayan qeyri-müsəlman vətəndaşlara (zimmilərə) da, əgər bu silahları düşmənə ötürmə (təhlükə) ehtimalları yoxdursa, satış edilə bilər. Əsas məqsəd satılan silahların gələcəkdə müsəlmanlara zərər vermək ehtimalının qarşısını almaq və müsəlman cəmiyyətinin ümumi mənafeyini, yəni məsləhətini qorumaqdır.
Qida və Təməl Ehtiyacların Satışı
Ticarətdə qadağanın miqyası və hüdudları sülh və müharibə şəraitinə görə dəyişir. Atəşkəs və sülh dövründə qeyri-müsəlmanlara qida, içki və geyim kimi gündəlik tələbat mallarının satılmasında heç bir problem yoxdur. Lakin müharibə bilavasitə davam edərkən, xüsusən də qarşı tərəfin şəhərləri və ya hərbi qalaları mühasirəyə alındığı zaman onlara qida və su kimi ən təməl ehtiyacları satmaq belə qadağan edilir. Belə bir strateji anda onlara həyatda qalmaq üçün lazım olan malları satmaq mühasirənin məqsədini puça çıxarır və düşmənə dəstək mahiyyəti daşıyır.
İdarəetmə və Məsləhət Prinsipi
Bütün bu hüquqi normalar göstərir ki, beynəlxalq ticarətdə strateji malların satışı məsələsi birbaşa cəmiyyətin "məsləhəti" (ümumi mənafeyi və təhlükəsizliyi) ətrafında formalaşır. Dəyişən iqtisadi-siyasi şərtlərə, sülh və ya müharibə vəziyyətinə uyğun olaraq belə həssas ticarət əməliyyatlarının yekun qərarı ədalətli bir dövlət başçısına (imama) və onun müəyyən etdiyi hüquqi çərçivələrə aiddir.
Xüsusilə müasir qloballaşan dünyada, dövlətlərarası münasibətlərin iç-içə keçdiyi və sərhədlərin fərqli bir məna qazandığı bir dövrdə (klassik xəritə bölgülərinin tətbiqinin çətinləşdiyi şəraitdə) bu cür ticarət əlaqələri yalnız və yalnız cəmiyyətin strateji faydası nəzərə alınaraq idarə olunmalıdır.
- Mövzu haqqında ətraflı məlumat üçün: https://www.youtube.com/watch?v=0Njf1nxKWhU&list=PLxKXjooWH1bHJN0OUGUeCw_giWh12GtVB&index=113
© Halal Ekosistem