Hal-hazırda sosial mediada İslam bankçılığı ətrafındakı debatlar səs-küylü, emosional və qütbləşdirici bir hal alıb.
Onilliklərini bu sistemin içində keçirmiş — əsas bankçılıq platformalarını tətbiq etmiş, qlobal miqyasda İslam bankçılığı proqram təminatı satmış, Şəriət komitələri, məhsul komandaları və tənzimləyicilərlə bir masada əyləşmiş biri olaraq — icazə verin, bütün bu söhbəti yenidən çərçivəyə salacaq bir baxış bucağı təqdim edim.
Bu sektoru müdafiə etmək üçün deyil. Onu yerlə-yeksan etmək üçün də deyil. Sadəcə, bizi mövcud debatın ilişib qaldığı yerdən bir qat daha dərinə baxmağa dəvət etmək üçün.
1. İkili (Binar) Düşüncə Problemi
Əksər ictimai müzakirələr sələmi (ribanı) mümkün olan ən sadə tənlik səviyyəsinə endirir:
- Riba = faiz = haram.
- Faizi çıxar = halal.
- İslam etiketi vur = problem həll olundu.
Bu cür ikili düşüncə emosional olaraq rahatladıcı olsa da, intellektual cəhətdən dayazdır. Həmçinin bir çox yanlış anlaşılmanın təməlidir.
Çünki bu sektor əslində nə etdi? O, sadəcə adları dəyişdirdi — halbuki riyazi hesablamaları böyük ölçüdə eyni saxladı
- “Faiz dərəcəsi”nin adı “Mənfəət dərəcəsi” oldu.
- “Kredit”in adı “Maliyyələşmə” oldu.
- Lakin geri ödəmə əyrisi (qrafiki) dəyişmədi (Repayment curve: Borcun ödəniş qrafikindəki əsas məbləğ və faiz nisbətini göstərən əyri.)
- İndiki dəyər (PV) hesablamaları dəyişmədi (Pulun zaman dəyəri (Time Value of Money) hesablaması).
- Kredit modelləri dəyişmədi.
- Risk çəkiləri dəyişmədi (Risk weightings: Bankçılıqda aktivlərin risk dərəcəsinə görə təsnifatı (məsələn, bu müştəri nə qədər risklidir).
Zahirən forma dəyişdi, lakin daxili mahiyyət bizə tanış olaraq qaldı.
Burada müəyyən qədər aldatma (gözbağlıca) varmı? Bəli, var. Bəs bu, eyni zamanda məcburi və zəruri bir aldatmadırmı? Cavab yenə də bəlidir.
Çünki əgər siz İslam ümmətinə: 'Bank sistemi tamamilə ribadan (faizdən) təmizlənib azad olana qədər ondan tamamilə uzaq durun,' deyə səslənsəydiniz, siz milyonlarla insanı iqtisadi iflicə məhkum etmiş olardınız. Bu isə insanların evsiz qalması, təhsil üçün vəsait tapmaması, bizneslərin dayanması və pul münasibətlərinə əsaslanan müasir iqtisadiyyatdan təcrid olunması deməkdir.
Məhz bu səbəbdən 'Halal' adı altında edilən brendinq əhəmiyyət kəsb edir. Məsələ insanların sadəlövhcəsinə aldadılmasında deyil. Əsl məsələ ondadır ki, insanlar saf niyyətlə (hüsnü-niyyətlə) hərəkət etmək və ictimai həyatda vicdan əzabı çəkmədən iştirak etmək istəyirlər.
2. Heç Nədən Pul: Səthin Altındakı Ədalətsizlik
Daha dərin problem — demək olar ki, heç kimin toxunmadığı məsələ — öz-özlüyündə faiz deyil. Bu, Heç Nədən Puldur: müasir bankların kredit verərkən havadan (yoxdan) pul yaratmaq qabiliyyəti.
Bunu bir Sələmçi ilə müqayisə edin:
- O, sizə öz pulunu borc verir.
- O, real şəxsi risk götürür.
- Sizə nağd pulu verdiyi an onun kapitalı azalır.
İndi isə müasir bankla müqayisə edin:
- O, sizə əmanətçilərin pulunu borc vermir.
- O, öz kapitalından ayrılmır (tənzimləyici buferlər istisna olmaqla).
- O, sadəcə balans hesabatını genişləndirir və krediti ex nihilo (heç nədən/yoxdan) yaradır.
Lakin bu "yoxdan yaradılmış" kredit aşağıdakı şərtlərlə birlikdə gəlir:
- hüquqi cəhətdən məcburi geri ödəmə cədvəli,
- mürəkkəb mənfəət (faiz üzərinə gələn gəlir),
- girov tələbi,
- və dövlət tərəfindən icra (məhkəmə yolu ilə tələb).
Bu, təkbaşına faizdən daha böyük bir ədalətsizlikdir. Və İslam bankları — bütün ərəb terminologiyasına baxmayaraq — eyni kredit yaratma arxitekturası üzərində fəaliyyət göstərir. İstədikləri üçün deyil, sistem özü bunu tələb etdiyi üçün. Hətta ən mükəmməl şəkildə Şəriətə uyğun olan əqd (müqavilə) belə, bu "Heç Nədən Pul" strukturunun üzərində dayanır. Biz pulun təbiətinə toxunmayana qədər, sadəcə yanan bir evin içindəki mebellərin yerini dəyişdiririk.
3. Nisbi Ədalət: Yeganə Dürüst Çərçivə
Əgər müasir maliyyənin işləmə mexanizmini başa düşürsünüzsə, bir nəticə tamamilə aydın olur: Etiketlər (adlar) mexanizmi dəyişdirmir. Mexanizm isə etiketlərə boyun əymir. Bax burada nisbi ədalət (mütləq olmayan, şərtlərə görə dəyişən ədalət) əvəzolunmaz hala gəlir.
Mütləq ədalət — yəni heç bir ribanın (sələm/faiz), istismarın və zülmün olmadığı mühit — ilahi normadır (Allahın buyurduğu ideal vəziyyətdir). Lakin
- nisbi ədalət - bizim dizayn etmədiyimiz qlobal bir sistemin daxilində fəaliyyət göstərməyə məcbur olduğumuz reallıqdır.
Nisbi ədalət aşağıdakıları qəbul edir:
- Biz sistemi tərk edib Ümməti təcrid edə bilmərik;
- Biz kosmetik (yalnız zahiri) dəyişikliklərin struktur ədalətsizliklərini həll etdiyini iddia edə bilmərik;
- Biz sıravi ailələri çətin vəziyyətə salacaq saflıq sınaqları tətbiq edə bilmərik;
- Biz müasir maliyyə sistemini bir gecədə dayandıra bilmərik.
Beləliklə, İslam bankı mükəmməl həll yolu kimi deyil, qüsurlu bir arxitektura (sistemin quruluşu) içində daha az ədalətsiz olan naviqasiya (yol göstərən) vasitələri kimi davranır.
Alimlər cəmiyyət üçün zərəri azaldan formaları təsdiqləyirlər. İstehlakçılar iqtisadi cəhətdən sağ qalmaq üçün halal brendinqə etibar edirlər. Tənqidçilər dəyişməyən mexanizmə işarə edirlər. Müdafiəçilər isə etibarlı əqdlərə (şəriətə uyğun müqavilələrə) əsaslanırlar.
Hamısı haqlıdır — və hamısı haqsızdır — çünki onlar fərqli "ölçü meyarları" ilə mübahisə edirlər. Nisbi ədalət bizə bu ziddiyyətləri uzlaşdırmaq üçün lazımi lüğəti (ifadə tərzini) verir.
4. Daha Yüksək Etik Standartlar: Gözləməli Olduğumuz Minimum Hədd
Əgər İslam bankları — və Müsəlmanlara məxsus ənənəvi banklar — "Heç Nədən Pul" sistemindən qaça bilmirlərsə, ən azından faizli sistem kimi davranmaqdan imtina edə bilərlər.
Qapının üzərinə "İslam" sözünü yazmaq və ya Müsəlmanlara məxsus bir qurum olmaq daha yüksək mənəvi öhdəlik yaradır, mükəmməllik deyil. Amma gözlə görünən daha yaxşı davranış.
Bu o deməkdir:
- Bençmark (qlobal faiz göstəricisi) təqlidi yox, Ədalətli qiymətləndirmə.
- Sıravi müsəlmanların başa düşə biləcəyi Şəffaf müqavilələr.
- Bütün riski müştəriyə ötürən kosmetik strukturlar yox, Həqiqi risk bölgüsü.
- Fərqli adlar altında faizə bərabər ödənişlər yox, Daha aşağı cərimələr.
- Ailələri onilliklər boyu köləliyə salan borc nisbətləri ilə yükləmək yox, Məsuliyyətli anderraytinq (kredit qiymətləndirməsi).
- Sadəcə təhlükəsiz, təminatlı, yüksək marjalı vasitələr yox, Real iqtisadiyyatın maliyyələşdirilməsinə üstünlük verilməsi.
Hətta arxitekturadan qaça bilməsəniz belə, onun etikasını təkrarlamaq məcburiyyətində deyilsiniz. Bu, bir "İslam" qurumunun təcəssüm etdirməli olduğu ən minimum tələblərdir.
5. Buradan Hara Gedirik?
Binar (ikili) mübahisələr — "İslam bankçılığı halaldır, yoxsa haram?" — davam edəcək. Amma bunlar yanlış suallardır. Doğru suallar bunlardır:
- Pul nədir?
- O necə yaradılır?
- Kredit genişlənməsindən kim qazanır?
- Riski kim daşıyır?
- Bugünkü sistemin məhdudiyyətləri daxilində ədalət necə görünür?
- Ümmətə zərur vurmadan mütləq ədalətə necə yaxınlaşa bilərik?
Bax, etiketlər ətrafındakı səs-küyün batırdığı, amma əslində etməli olduğumuz söhbət budur.
Kamarudin Abu Bakar
© Halal Ekosistem