27 September 2024

İşçi və işəgötürən haqları

Halal Ekosistem|İnsan Resursları

Qur`ani-Kərimdə öz işində və ya başqalarının işində çalışmaq yaxud axirət üçün yaxşı işlər görüb hazırlaşmaq mənasında çox sayda ayə var. Həzrət Peyğəmbərin hədislərində də bu barədə xeyli hökm tapmaq mümkündür. Məsələn, Qurani-Kərimdə iş və əməklə bağlı çoxsaylı ayələrdən bəzilərini qeyd edək:

“Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər” (Yasin, 35). “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (ən-Nəcm, 39). “İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!” (əl-Kəhf, 30).

Həzrət Peyğəmbər də belə buyurmuşdur: “İşçinin haqqını alın təri qurumadan verin” (İbn Macə, Ruhun, 4), “İşçi çalışdıran kimsə işçisinə nə qədər ödəyəcəyini əvvəlcədən bildirsin” (Nəsai, Eyman vən-Nuzur, 44).

Ayə və hədislərdən də görüldüyü kimi İslam dinində iş və əməyə qiymət verilmişdir. Ancaq burada işin hər iki tərəfini təmsil edənin, yəni işçi və işəgötürənin məsuliyyəti unudulmamalıdır. Əgər işçinin alın təri qurumadan əməyinin qarşılığını almaq haqqı varsa, işəgötürənin də işçidən işin keyfiyyətini tələb etmə haqqı vardır. Buna görə də İslam alimləri iş müqaviləsinin şərtləri haqqında diqqətli tədqiqatlar aparmış və tərəflərin zərər çəkməməsi və anlaşmazlığa düşməməsi üçün lazımi tədbirləri almışlar. Buna bağlı olaraq bir iş müqaviləsinin İslama uyğun olması üçün aşağıdakı şərtləri daşıması lazımdır:

1. Görüləcək işin dəqiq təyin olunması

İş müqaviləsinin səhih olması üçün işçinin görəcəyi işin mahiyyəti əvvəlcədən tam və açıq olaraq təyin edilməlidir. Burada işin növünün və iş müddətinin birlikdə təyin olunması şərtdir. Beləliklə, işçi görəcəyi işi və qazancını, işəgötürən də məqsədinin hansı formada meydana çıxacağını öyrənmiş olacaq.

Bununla birlikdə bəzi alimlər işin müddət və miqdarının eyni anda təyin olunmasına etiraz etmişlər. Belə ki, ürfə görə bir çox işin nə qədər müddətə görülə biləcəyi müəyyənləşdirilə bilsə də, bir çox hallarda bunu əvvəlcədən təyin etmək mümkün olmaya bilər. Belə olan halda sadəcə iş müddətinin müqaviləyə daxil edilməsi yetərlidir. Digər qurup alimlərə görə isə işin miqdar və müddətinin eyni anda təyin edilməsi səhihdir. Çünki burada məqsəd işin bir an əvvəl bitirilməsidir.

2. Ödənişin dəqiq təyin olunması

İş müqaviləsinin düzgün olması üçün ödənişin də əvvəlcədən təyin edilməsi lazımdır. İslam hüquqçularının əksəriyyətinə görə, satış müqaviləsində tətbiq olunan hökmlər əməyin əvəzi olan işçi maaşlarında da tətbiq oluna bilər. Buna dair hədisdə belə buyurulur: “Kim bir işçini işlətsə, ona verəcəyi əvəzi bildirsin” (Nəsai, Eyman vən-Nəzair, 44).

Ödəniş nağd pul, ölçü və ya çəki ilə yaxud da say ilə alınıb satılan mallardan olsa, bunun cins, növü, miqdar və vəsfini təyin etmək lazımdır. Ödənişdə anlaşılmazlığa gətirib çıxaracaq hər hansı qaranlıq nöqtə olmamalıdır, əks halda müqavilə fasid olar.

3. İşçi çalışdırmağın halal olduğunu göstərən dəlillər

Qurani-Kərimdə işçi çalışdırmaqla bağlı bir çox hadisəyə toxunulur. Bunlardan biri həzrət Musanın çobanlığıdır. Mövzu ilə əlaqədar ayədə belə buyurulur:

“(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”, – deyə cavab verdilər. (Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi). Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fironla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!” (O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!” (Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!” (Musa) dedi: “Bu (dediyin) mənimlə sənin aranda (olan bir təəhhüddür, onu pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. (İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm. Bundan artıq işləməyimi tələb etməyə haqqın yoxdur). Allah da dediyimizə şahiddir (vəkildir)!” Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman…” (Qəsəs, 23-29).

Başqa bir ayədə isə “İnsan üçün ancaq əməyinin qarşılığı vardır” (ən-Nəcm, 39) buyurulur. Bu ayətlər çalışıb əmək sərf edərək qazanc əldə etməyin halal olduğunu göstərir.

Həzrət Peyğəmbərin işçi çalışdırma və əmək mövzusunda müxtəlif hədisləri var. O (s.a.s.) keçmiş qövmlərdən bir hadisəni nəql etdiyi hədisində belə buyurur:

“Bir gün üç nəfər səyahət edərkən yolda fırtınaya tutulub bir mağaraya sığınırlar. Fırtınanın gətirdiyi böyük bir qaya parçası mağaranın ağzını bağladığı üçün, mağarada qapalı qalarlar. Öz aralarında danışaraq, “Allah qatında ən qiymətli olduğunu düşündükləri əməllərini dilə gətirərək, qurtuluş üçün dua etməyə” qərar verirlər. İlk ikisinin duasıyla qaya parçası bir az aralanar. İşəgötürən olan üçüncüsü belə dua edər: “Ey Rəbbim, mən bəzi işçilər işlətmişdim. Qarşılığını ödədim. Ancaq aralarından biri ödənişini almadan çıxıb getmişdi. Onun haqqını ticarətdə işlədib artırdım. Bir çox malı oldu. Bir müddət sonra yanıma gələrək ödənişini istədi. Mən də gördüyün bu dəvə, mal, qoyun və xidmətçilər sənin ödənişindən meydana gəldi,- dedim. “Məni lağa qoyma,- deyə cavab verdi. “Səni lağa qoymuram”,- dedim. Bunun üzərinə bütün malını alıb getdi, heç bir şey buraxmadı. “Ey Rəbbim, bunu sırf sənin razılığı qazana bilmək üçün etmişsəm bizi bu mağaradan qurtar”. Bu duanın ardından mağaranın ağzını bağlayan daş yuvarlanar və oradan xilas olarlar” (Buxari, Buyu, 98; İcarə, 12). Bu hədis işçi haqqının Allah qatında nə qədər dəyərli olduğunu göstərir.

Başqa bir hədisində Rəsulullah: “İşçiyə ödənişini təri qurumadan əvvəl verin” buyurur (Heysəmi, Məcməuz-Zəvaid, IV,97). Burada işçinin əməyi qarşılığında əldə etdiyi haqqın nə qədər dəyərli olduğu və bu haqqın haqq sahibinə gecikdirilmədən verilməsi lazım olduğu görülür. Bu haqqın halal və xeyirli olduğunu göstərən başqa bir hədisdədə “Heç kim əl əməyi ilə qazandığından daha xeyirli ruzi yeməmişdir”,- buyurulur. Bu, ruzilərin Allah qatında ən dəyərli olanının əl əməyi və çalışma ilə əldə edilən olduğunu göstərir.

Mübariz Camalov, İslam İqtisadiyyatı, Bakı 2019.

© Halal Ekosistem