Halallıq qaydalarına görə həm şəxsi, həm də ictimai mülkiyyət qorunmalıdır. İnsanların maddi və ya intellektual hüquqları heç bir halda pozula bilməz.
İnsanların mariflənməsi, nələrisə öyrənməsi məqsədiylə olsa belə əməyin haqqına, müəlliflik hüququna, qul haqqına riayət edilməlidir.
Plagiat, pirat, yanlış sitat gətirmək, başqalarının əmlakını ələ keçirmək və s. hamısı oğurluq və aldatma sayılır. İnsanların həm maddi, həm də əqli mülkiyyət hüququ vardır.
Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.
Plagiatçılıq deyərkən əsərin başqa şəxsin adı altında tam və ya qismən açıqlanması, yəni özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirməsi, yaxud özgənin müəllifliyini mənimsəmə və ya mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsərin yaradılması, bu cür əsərlərin yenidən dərc edilməsi, qəzet, jurnal məqalələrinin və yayım təşkilatları üçün verilişlərin hazırlanması, habelə şərikli müəllifliyə məcbur etmə kimi hallar nəzərdə tutulur.
Müəlliflik hüquqlarına riayət edilməsi və bu hüquqların qorunması ölkələrin iqtisadi, sosial və mədəni inkişafını təmin edən ən əhəmiyyətli amillərdən biridir. Müəlliflər, tədqiqatçılar və yaradıcı şəxslər öz intellektual məhsullarının qorunduğunu və bu məhsullara hörmət edildiyini gördükdə, daha çox innovativ və dəyərli əsərlər ortaya çıxarmağa çalışır, başqa sözlə bu amil onların təşəbbüskarlığını stimullaşdırır. ictimai fayda üçün daha çox əsər yaradılmasına imkan yaradır.
Əksinə, saxtakarlıq, plagiat və müəllif hüquqlarının pozulması hallarının geniş yayıldığı bir mühitdə yaradıcılıq fəaliyyəti ciddi şəkildə zərər görür. Müəlliflər və yaradıcı şəxslər öz intellektual əməklərinin qarşılığını ala bilmədikləri zaman yaradıcılığa olan motivasiyaları azalır. Bu, cəmiyyətin intellektual potensialını zəiflədir, yeni texnologiyaların, elmi kəşflərin və orijinal əsərlərin ortaya çıxarılmasına mane olur. Nəticədə, bu cür şəraitdə ölkələr innovasiya sahəsində geri qalır və qlobal rəqabət gücünü itirir.
Müəlliflik hüquqlarının qorunması həm də etik və hüquqi prinsiplərə uyğun bir cəmiyyət qurulmasının əsasını təşkil edir. İnsanların əqli mülkiyyət hüquqlarına hörmət göstərilməsi sosial ədalətin təmin olunmasına və qanunlara inamın artmasına səbəb olur. Bununla yanaşı, müəlliflik hüquqları ilə bağlı qanunların gücləndirilməsi və tətbiqinin təmin edilməsi saxta məhsulların, qeyri-qanuni yayımların və plagiatın qarşısını alaraq hüquqi və etik bir mühit formalaşdırır. Belə bir mühitin yaradılması yaradıcılığı və bilik istehsalını gücləndirərək cəmiyyətin hər bir sahəsinə müsbət təsir göstərəcəkdir.
Halal Ekosistemin əsas məqsədi bütün sahələrdə halallıq prinsiplərinə riayət edilməsini təmin etmək və bu prinsiplərin cəmiyyətdə daha geniş yayılması üçün maarifləndirmə işlərini gücləndirməkdir. Halallıq qaydalarına əməl edilməməsi yalnız fərdi vicdanı deyil, eyni zamanda cəmiyyətin bütövlükdə mənəvi və sosial strukturunu zədələyən ağır nəticələrə səbəb olur. Bu baxımdan, halallıq qaydalarına riayət edilməməsi ilə bağlı ən ciddi və təhlükəli məsələlərdən biri insan hüquqları başqa sözlə “qul haqqı” anlayışıdır.
Qul haqqı yalnız maddi hüquqlarla məhdudlaşmır; o, həm də intellektual mülkiyyət hüquqlarını, yəni müəllif hüquqlarını da əhatə edir. Təəssüf ki, ölkəmizdə bu haqlara lazımi dərəcədə riayət edilmir. Xüsusilə, sosial media platformalarının geniş yayılması bu sahədə hüquq pozuntularının artmasına şərait yaratmışdır. İnsanlar bəzən bilərəkdən, bəzən də bilməyərək müəllif hüquqları ilə bağlı halallıq prinsiplərini pozur, nəticədə ciddi mənəvi və hüquqi problemlər yaranır.
Müəlliflik hüquqları, adından da göründüyü kimi, insanın əməyinə və haqqına əsaslanan hüquqlardır. Hər hansı bir məqalə, kitab, dizayn və ya başqa bir intellektual məhsul ortaya qoyularkən müəllif bu prosesə vaxtını, biliyini və əməyini sərf edir. Bu əməyin nəticəsi yalnız müəllifin şəxsi mülkiyyəti deyil, həm də onun hüquqi toxunulmazlığına zəmanət verən əqli mülkiyyətdir.
Bir işçi öz təşkilatında əmək haqqı qarşılığında bir məhsul ortaya qoyursa, bu məhsulun müəllif hüquqları həmin təşkilata aid olsa da, onun razılığı olmadan həmin məhsulun qeyri-qanuni şəkildə istifadə edilməsi, yayımlanması və ya mənbəyinin gizlədilməsi açıq şəkildə oğurluqdur. Həmçinin, fərdlərin və ya təşkilatların maddi xərc və əmək sərf edərək ərsəyə gətirdikləri bir məhsulu onların icazəsi olmadan paylaşmaq, dəyişdirmək və ya mənimsəmək həm hüquqi baxımdan qanunsuz, həm də etik baxımdan yolverilməzdir.
Bu səbəbdən, müəllif hüquqlarının qorunması təkcə hüquqi məsələ deyil, həm də etik və dini məsuliyyətdir. İslam hüququ insanın haqqına toxunmağı böyük günah sayır və bu, cəmiyyətin mənəvi sağlamlığı üçün olduqca vacibdir. Əqli mülkiyyət hüquqlarına hörmət etməklə biz yalnız müəlliflərin əməyini qorumaqla kifayətlənmirik, eyni zamanda, cəmiyyətin yaradıcılıq və yenilik potensialını artırmaq üçün sağlam zəmin yaradırıq.
Müəllif Hüquqlarının Pozulmasının müəlliflərə zərər vurur
Müəllif hüquqlarının pozulmasının müəlliflərə zərər verə biləcəyi və gəlir itkisinə səbəb ola biləcəyi ilə bağlı irəli sürülən arqumenləri dəstəkləyən bir sıra statistika və tədqiqatlar mövcuddur. Bunlardan bəzilərinə aşağıdakılar daxildir:
- Avropa İttifaqının Əqli Mülkiyyət Ofisi tərəfindən 2019-cu ildə aparılan bir araşdırmaya görə, müəllif hüquqlarına əsaslanan sektorlar 2016-cı ildə Avropa İttifaqının ÜDM-nə 7,6% töhfə verib və 11 milyondan çox insanı işlə təmin edib. Bu, müəllif hüquqlarının iqtisadiyyat üçün əhəmiyyətini vurğulayır, xüsusən də bu hüquqların əsas rol oynadığı sahələrdə.
- ABŞ Ticarət Palatasının Qlobal Əqli Mülkiyyət Mərkəzi tərəfindən aparılan bir araşdırma göstərib ki, ABŞ-da müəllif hüquqlarına əsaslanan sektorlar 2015-ci ildə ölkənin ÜDM-nə 1,3 trilyon dollardan çox töhfə verib və 5,7 milyondan çox iş yerini dəstəkləyib. Bu, ABŞ-da müəllif hüquqlarının iqtisadi əhəmiyyətini göstərir.
- Authors Guild tərəfindən aparılan bir sorğu göstərib ki, ABŞ yazıçıları üçün orta gəlir 2017-ci ildə 6,080 dollar olub ki, bu da 2009-cu illə müqayisədə 42% azalmadır. Araşdırma bu azalmanın səbəblərindən birinin piratçılıq və onların əsərlərinin icazəsiz yayılması olduğunu müəyyən edib.
- Böyük Britaniyanın Əqli Mülkiyyət Ofisi tərəfindən aparılan bir araşdırma göstərib ki, pirat məhsullardan istifadə edən insanlar orjinal məzmunlar üçün daha az pul xərcləməyə meyllidirlər. Bu isə, piratçılığın qanuni əsərlərin satışında azalmaya səbəb ola biləcəyini göstərir.
- Beynəlxalq Ticarət Palatasının 2019-cu il hesabatına görə, 2017-ci ildə ABŞ-da film, musiqi və proqram təminatının fiziki və rəqəmsal piratçılığının ümumi dəyəri 29,2 milyard dollar təşkil edib. Bu rəqəm müvafiq sektorlar üçün ciddi bir gəlir itkisi sayılır.
- Qlobal İnnovasiya Siyasəti Mərkəzinin 2020-ci il hesabatına görə, 2019-cu ildə müəllif hüquqlarının pozulması da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının pozulmasının qlobal iqtisadi dəyəri 2,3 trilyon dollar təşkil edib. Bu, əqli mülkiyyətin qorunmasına ehtiyac duyulan sahələr üçün əhəmiyyətli gəlir itkisi mənasına gəlir.
- Siyasət İnnovasiyaları İnstitutunun 2017-ci il araşdırmasına görə, müəllif hüquqlarının piratçılığı 2017-ci ildə ABŞ iqtisadiyyatına 29,2 milyard dollarlıq gəlir itkisinə və 373,000 iş yerinin itirilməsinə səbəb olub. Araşdırma göstərib ki, piratçılıq son illərdə azalsa da, ABŞ iqtisadiyyatı üçün hələ də əhəmiyyətli bir problem olaraq qalır.
- Proqram təminatı ittifaqının 2019-cu il hesabatına görə, 2018-ci ildə proqram təminatı piratçılığının qlobal iqtisadi dəyəri 29 milyard dollar olub. Hesabatda qeyd olunur ki, proqram təminatı piratçılığı yalnız proqram şirkətləri üçün gəlir itkisinə səbəb olmaqla kifayətlənmir, həm də istifadəçiləri təhlükəsizlik riskinə məruz qoyur.
- Amerika Nəşriyyatçılar Assosiasiyası (AAP) müəllif hüquqlarının pozulması və piratçılıq səbəbindən nəşriyyat sənayesinin hər il milyardlarla dollar itirdiyini təxmin edir. 2019-cu ildə AAP bildirib ki, nəşriyyat sektoru piratçılıq və saxtakarlıq səbəbindən 2,8 milyard dollar gəlir itkisinə məruz qalıb.
- Böyük Britaniyanın Əqli Mülkiyyət Ofisi (IPO) tərəfindən aparılan bir araşdırma göstərib ki, kitabların onlayn şəkildə müəllif hüquqlarının pozulması Böyük Britaniyanın nəşriyyat sənayesinə hər il təxminən 200 milyon funt sterlinq zərər vurur. Araşdırma həmçinin müəyyən edib ki, Böyük Britaniyada istifadə edilən edilən e-kitabların təxminən 10%-i piratdır.
Halal Ekosistem bu sahədə maarifləndirmə işlərini gücləndirərək, cəmiyyəti intellektual mülkiyyət hüquqlarına hörmətlə yanaşmağa çağırır. Bu, sadəcə fərdi əməyə hörmət üçün yox, həm də ümumi rifah və ədalət prinsiplərinə əsaslanan bir cəmiyyətin formalaşması üçün vacibdir.
Müəlliflik hüququ ilə bağlı aşağıdakı prinsip və qaydaları qeydə edə bilərik:
QEYD: aşağıdakı qaydalar müəllifin özü tərəfindən hər hansı qaydalar, şərtlər qoyulmadığı hallar üçün nəzərdə tutulmuşdur. Əks halda müəllif öz əsəri ilə bağlı konkret şərtlər, qaydalar müəyyən edibsə bunlara mütləq şəkildə riayət olunmalıdır.
1. Əqli mülkiyyət hüququnun tanınması
İnsanların əqli məhsulları (kitablar, musiqilər, icadlar və s.) onların malı kimi qəbul edilir. Bu hüquqlar maddi əmlak kimi qorunur. Bu baxımdan başqasının malını haqsız yolla ələ keçirmək qadağandır. Müəlliflik hüququ, müəllifin əqli mülkiyyətinin toxunulmazlığına zəmanət verir və onun icazəsi olmadan hər hansı bir formada istifadəsini qadağan edir.
- Müəlliflik Hüququnun Şamil Edildiyi Əsərlər: Müəlliflik hüququ elm, ədəbiyyat, incəsənət və yaradıcılıq sahəsində olan hər hansı açıqlanmış və ya açıqlanmamış obyektiv formada mövcud olan əsərlərə şamil edilir.
- Qeydiyyata Alınma Tələb Olunmur: Müəlliflik hüququnun yaranması üçün əsərin qeydiyyata alınması və ya xüsusi bir üsulla rəsmiləşdirilməsi tələb edilmir.
- Mənbənin Göstərilməsi Şərti ilə Məhdud İstifadə: Müəllifin adı və götürülmə mənbəyi mütləq göstərilməklə, gəlir əldə etmək məqsədi güdülmədən, müəyyən məqsədlər üçün əsərin kiçik bir hissəsinin istifadə edilməsinə icazə verilir.
- Törəmə Əsərlərin Hazırlanması: Tərcümələr, iqtibaslar, xülasələr və ya digər törəmə əsərlər yalnız müəllifin icazəsi ilə həyata keçirilə bilər. Müəllif hüququ bu cür əsərləri də əhatə edir.
- Əsərin İcazəsiz Yayılmasının Qadağan Edilməsi: Müəllifin icazəsi olmadan, əsərlərin fiziki və ya rəqəmsal formada yayılması və çoxaldılması qadağandır.
- Hüquq Sahibinin Razılığı ilə İstifadə: Sahiblərinin yazılı və ya şifahi razılığı olmadan onların əsərlərindən istifadə etmək qadağandır.
- Simvolik Düzəlişlərin Məzmunu Dəyişdirməsi: Əsərlərin üzərində xırda düzəlişlər, əlavələr və ya dəyişikliklər edərək orijinal müəllifin hüququnu mənimsəmək, oğurluq sayılır.
- Sosial Mediada İstifadə: Sosial mediada əsərlərin paylaşılması zamanı mənbə və müəllifin adı mütləq göstərilməlidir. Mənbənin gizlədilməsi və ya dəyişdirilməsi, müəllifin icazəsi olmadan məqbul sayılmır.
2. Müəllifə haqq vermək
Bir əsərdən istifadə zamanı yaradıcıya (müəllifə, icad sahibinə) haqqını vermək vacibdir. Bu, haqsız qazancın və ədalətsizliyin qarşısını alır. İstifadə hüququ (licensing) alınmadan əsəri istifadə etmək qadağandır.
3. Plagiatın qadağan edilməsi
Başqasının ərsəyə gətirdiyi əsəri öz adından təqdim etmək və ya icazəsiz surətini çıxarmaq çox böyük bir haqsızlıqdır.
4. İcazəsiz istifadənin qadağan edilməsi
Müəllifin razılığı olmadan onun əsərinin istifadəsi və ya çoxaldılması halallıq qaydalarına ziddir. Əsərin istifadə hüququ yalnız müəllifin razılığı ilə mümkündür.
Bir əsərin yalnız şəxsi istifadə üçün surətinin çıxarılmasına bəzi hallarda icazə veriləs də, ticarət məqsədilə çoxaldılması və yayılması halal deyildir. Bu, müəllifin haqqını oğurlamaq sayılır.
5. Ümumi faydaya xidmət edən əsərlər
Əgər bir əsər ümumi ictimaiyyətin rifahı üçün nəzərdə tutulubsa və müəllif bu hüququ könüllü olaraq paylaşırsa, həmin əsərdən istifadə edilə bilər. Bununla yanaşı, müəllifin icazəsi vacib ola bilər.
Müəllifin və ya müəlliflik hüququnun digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını, götürülmə mənbəyini mütləq göstərməklə və gəlir əldə etmək məqsədi olmadan, əsərin müəyyən məqsəd üçün lazım olan həcmdə reprosurətinin çıxarılmasına yol verilir
Halal Ekosistemin haqqları
Bizim blog yazılarımızın əsas məqsədi, daha geniş auditoriyaya çataraq insanların faydalanmasına nail olmaqdır. Bu kontekstdə, digər şəxslərin və ya platformaların bizim məzmunumuzu paylaşması təqdirəlayiqdir, lakin bu paylaşım müəyyən etik və hüquqi prinsiplər çərçivəsində həyata keçirilməlidir.
Paylaşılan məzmunun mənbəyinin silinməsi, istinadların göstərilməməsi və ya müəllifliyə aid məlumatların gizlədilməsinə, yalnız məqbul və əsaslandırılmış bir səbəb təqdim ediləcəyi təqdirdə icazə verilir. Bununla yanaşı, belə bir əsaslandırmanın olmaması və ya bilərəkdən mənbənin gizlədilməsi, dəyişdirilməsi və ya məzmunun özününküləşdirilməsi, hətta kiçik və simvolik dəyişikliklər edərək məzmunun orijinal mənbəsini gizlətmək və ya öz adından təqdim etmək həm oğurluq, həm də qul haqqına təcavüz sayılır.
Belə hallar, intellektual mülkiyyətə hörmətsizlikdir. İnsanların zəhmət və vaxt sərf edərək ərsəyə gətirdikləri intellektual məhsulların qorunması yalnız hüquqi bir məsuliyyət deyil, eyni zamanda cəmiyyətin etik və mədəni inkişafı üçün zəruri bir şərtdir.
Biz, məzmunlarımızın paylaşıldığı hallarda mənbənin göstərilməsini və müəlliflik hüququna hörmət edilməsini tələb edirik. Bu prinsiplərə əməl olunması, həm halallıq qaydalarına riayət edilməsini, həm də intellektual yaradıcılığın təşviqini təmin edir. Fərdi və ya ictimai məqsədlərlə paylaşım edən hər kəsdən, bu hüquqlara hörmət etməsini və yaradıcı əməyə dəyər verməsini gözləyirik.
Müəlliflik hüququ haqqında Azərbaycan qanunvericiliyini oxumağı da tövsiyə edirik: https://e-qanun.az/framework/4167
© Halal Ekosistem