İslam Peyğəmbəri Muhəmməd (s.a.s.) bu fəsadın miqyasını minimuma endirmək üçün, bu şər əmələ ortaq olanların lənətləndiyini xəbər vermişdir; “Allah spirtli içkini, onu içəni, onu süzəni (və ya içirəni), onu satanı, onu alanı, onu sıxanı (istehsal edəni), onu sıxdıranı (istehsalçısını), onu daşıyanı və özünə götürülüb çatdırılanı lənətləmişdir!” (Əbu Davud əs-Sünən 3674, Əhməd, əl-Müsnəd 4787)
İslam fəqihləri, içki satışına dəstək sayılacağı üçün, bu satışı həyata keçirəcək olan şəxsə dükan icarəyə verməyi icazəli görməmişlər. Maliki, Şafii, Hənbəli məzhəblərinin görüşləri bu istiqamətdədir (əl-Məvsua əl-Fihqiyyə əl-Kuveytiyyə 1\286, Ravdatut-Talibin 5\194, Kəşşəful-Qinai 3\559)
Hənəfi məzhəbində İmam Əbu Yusuf və İmam Muhəmməd spirtli içki satacaq olan şəxsə yer icarə verməyin məkruh olduğunu bildirmişlər. Əgər belə edərsə günaha kömək etmiş olar fikrini irəli sürmüşlər (əl-Məbsut 16\38 , Qaynaqlardan anladığımız qədəriylə buradakı hökm “təhrimən məkruh” hökmüdür)
İslam dini yalnız açıq-aydın haram olan əməliyyatları qadağan etməklə kifayətlənmir, həm də harama gətirib çıxaran vasitələri də qəti şəkildə rədd edir. Bu prinsip “vasitələrin hökmü məqsədlərə bağlıdır” fiqhi qaydasında ifadə olunub və hər hansı bir əməliyyatın və ya vasitənin dəyərləndirilməsində, onun yaratdığı nəticə və məqsədin əsas götürülməsi vacibliyini ortaya qoyur.
Spirtli içkilər fərdin sağlamlığına və psixoloji vəziyyətinə ciddi zərər vurur, asılılıq, depressiya və digər ruh sağlamlığı problemlərinə yol açır. Ailə daxilində isə münasibətlərin pozulması, zorakılıq hallarının artması və ailə dəyərlərinin zəifləməsi kimi fəsadlara səbəb olur. Cəmiyyət səviyyəsində spirtli içkilərin yayılması cinayətlərin, sosial ədalətsizliyin və mənfi davranış modellərinin təkrarlanmasına gətirib çıxarır, ictimai nizamın sarsılmasına yol açır. Dövlət baxımından isə, spirtli içkilərin fəsadları səhiyyə, hüquq-mühafizə və sosial müdafiə sistemlərinə böyük yük qoyaraq, iqtisadi itkilərə, əmək məhsuldarlığının azalmasına və cəmiyyətin ümumi inkişafına maneçilik törədir.
Bütün bu sadalanan fəsadları göz önündə tutmuş olsaq, İslam dinin spirtli içkiləri qətiyyətlə qadağan etməsinin və böyük günahlardan saymasının əbəs yerə olmadığını anlayacağıq.
© Halal Ekosistem