- Aldatmamaq
Ticarətlə məşğul olan dürüstlüyü və düzgünlüyü ilə müştərinin etimadını qazanmalıdır. Hz. Peyğəmbər (s.ə.s) düzgün və mötəbər taciri “Doğru danışan və etimad olunan bir tacir (axirətdə) peyğəmbərlər, siddiqlər və şəhidlərlə birlikdədir”, hədisi ilə mədh etmişdir. ( Tirmizi, Büyu, 4; İbn Macə, Ticarat, 1)
Odur ki, müştərinin bilməməsi və onun məlumatsızlığından istifadə edib xarab və ya yararsız bir malı ona satmaq İslam əxlaqına ziddir. Məsələn, bir gün Hz. Peyğəmbərimiz (s.ə.s) bazarda gəzərkən taxıl satan bir nəfərin yanına gedib əlini buğdaların içinə soxmuş və alt tərəfinin islaq olduğunu gördükdə ona: “Bu nədir?” – deyə soruşmuş. Satıcı: “Yağış yağmışdı, ona görə islandı”, – deyə cavab verdi. Bunun müqabilində Hz. Peyğəmbər (s.ə.s): “Nə üçün islaq tərəfini insanlar görsün deyə üstə çıxarmadın?” – deyərək sərt bir üslubda onu tənbeh etdikdən sonra belə buyurdu: “Bizi aldadan bizdən deyil”. ( Müslim, İman, 164; Əbu Davud, Büyu, 50) Bundan başqa, digər bir hədisdə qüsurlu bir malın eyibli tərəfini bildirmədən satışının halal olmadığını vurğulamışdır. (Bax. Müslim, İman, 164; İbn Macə, Ticarat, 45)
Odur ki, müsəlman tacir keyfiyyətsiz malı keyfiyyətli malla qarışdırmamalı, pisi yaxşıdan ayırmalı, malda hər hansı qüsur varsa, onu müştəriyə açıq- aydın bildirməlidir. Bununla bağlı Hz. Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində “Alıcı və satıcı doğru danışar, hər şeyi açıq-aydın bildirərsə, alış-verişləri halal və bərəkətli olar”, – buyuraraq alıcı və satıcı olmaqla tərəflərin hər ikisinin də bir-birinə qarşı dürüst və səmimi olmalarını, etimada xələl gətirəcək hər hansı davranışdan uzaq durmalarını tövsiyə etmişdir. (Buxari, Büyu, 19.)
Onuda qeyd etmək lazımdır ki, zəmanəmizdə olduqca əhəmiyyət verilən və malların satışını çoxaltmaq məqsədilə müraciət olunan reklam çarxlarında da malın tanıdılmasında ifrata vararaq yalan və mübaliğəli ifadələrin qarışdırılması hiylə və al- datmadan başqa bir şey deyil. (Karaman, “Günlük Hayatımızda Helaller ve Haramlar”, s. 81)
2. Yalan danışmamaq və yalan yerə and içməmək
İstər ticarət münasibətlərində, istərsə də digər yerlərdə olsun yalan danışmaq, yalan yerə and içmək Allah-Təalanın uca adını, Onun haram buyurduqlarında istifadə etmək, dünyalıq mənafelər uğrunda insanları aldatmaq böyük günahlardandır. Uca Allah bu kimiləri haqqında belə buyurur: “Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!” (Ali-İmran, 3/77.)
Əbu Zərdən edilən rəvayətə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Üç şəxs vardır ki, Allah qiyamət günündə onları danışdırmayacaq, onların üzünə baxmayacaq, onları təmizə çıxarmayacaq və onlar üçün ağrılı-acılı əzab vardır”. Mən: “Ey Allahın Rəsulu onlar kimlərdir? Onlar ziyana düçar olmuşlar və ümidləri puç olmuşdur”, – dedi. Rəsulullah (s.ə.s) bunu üç dəfə təkrarladı, sonra belə buyurdu: “Paltarını təkəbbürlə yerdə sürüyən, malının qiymətini yalandan and içərək artıran və minnət qoyan (başa qaxan) kəslərdir”. (Müslim, İman, 181; Əbu Davud, Libas, 29; Nəsai, Zəkat, 69; İbn Macə, Ticarat, 30.)
Digər tərəfdən, zəmanəmizdə istehsal olunan malları tanıtmaq və istehlakçılara təqdim etmək üçün reklam artıq vaz keçilməz bir ticarət prinsipinə çevrilmişdir. Yuxarıda da qeyd olunduğu kimi mal onda olan həqiqi xüsusiyyəti ilə reklam edilməli, yalan və hiyləyə yol verilməməlidir. Belə olduğu müddətdə reklam etməkdə dini baxımdan hər hansı bir qəbahət yoxdur. Ancaq müştəri aldadılar, onun sadəlövhlüyündən istifadə edilər və süni şəkildə ehtiyaclar ortaya qoyulmağa cəhd edilərsə, bu kimi reklamların yalanlara söykəndiyi üçün yalan danışmaqdan heç bir fərqi yoxdur. (Akar, e.a.m., s. 60-61)
3. Ölçü və çəkidə hiylə etməmək
Ölçü və çəkidə düzgün olmaq, hiyləyə yol verməmək, əskik ölçü və çəki ilə satmaqdan çəkinmək Qurani-Kərimin bir çox ayəsində vurğulanmışdır. Belə ki, ölçüdə düz olub, düzgün tərəzi ilə çəkmək əmr edilmiş, eləcə də çəki və ölçüdə aldadanlar tənbeh edilmişdir. (Bax. Ənam, 6/152; İsra, 17/35; Mütəffifin, 83/1; Şüəra, 26/181-183.)
Bundan əlavə, cəmiyyətləri sarsan, onların məhv olmasına səbəb olan əxlaqsızlıqlardan birinin də ölçü və çəkidə haqsızlıq etmək olduğu bildirilmişdir. Məsələn, Hz. Şüeybin peyğəmbər olaraq göndərildiyi Mədyən tayfası haqqında Uca Allah belə buyurur:
“Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram! Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin! Əgər möminsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!” (Hud, 11/84-86; Digər ayələr üçün bax. Şüəra, 26/176/189; Rəhman, 55/9; İsra, 17/35; Mütəffifin, 83/1-7.)
Mədyən tayfası deyilənlərə əməl etmədikləri üçün onların aqibəti belə oldu: “O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular). Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi (Alla- hın rəhmətindən) uzaq (kənar) oldu!” (Hud, 11/94-95)
Bundan başqa Hz. Peyğəmbərin (s.ə.s) də keçmiş millətlərin məhv olmasına səbəb olan günahlardan birinin ölçü və çəkidə aldatmaları olduğunu bildirməsi mənəvi cəhətdən nə qədər mühüm əhəmiyyət kəsb etdiyinə dəlalət edir. (Tirmizi, Büyu, 9)
4. Möhtəkirlik etməmək
Möhtəriklik etmək qiymətlərin bahalaşması məqsədilə malları tədavüldən götürüb yığmaqdır. Möhtəkir isə, varlanmaq məqsədilə yeyinti və s. zəruri şeyləri ucuz qiymətə alıb saxlayan və sonradan baha qiymətə satıb ehtikarla məşğul olan şəxdir. İslamda ticarət həyatının sərbəst buraxılaraq qiymətlərin azad rəqabət nəticəsində formalaşması əsasdır. Bəzi mallar ehtikarlıq məqsədilə yığıldıqda, tədavüldə mal azlığı əmələ gəlir və tələbat çoxaldığı üçün qiymətlər süni surətdə qalxmağa başlayır. Möhtəkirin məqsədi də məhz elə budur. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur:
Möhtəkir nə pis bir bəndədir! Qiymətlərin düşdüyünü öyrəndikdə qəmgin olur, qalxdığını eşitdikdə isə sevinir”. (Kamil Miras, “Tecrid-i Sarih”, VI, 549)
Başqa bir hədisdə isə belə buyurulur:
Bir qida məhsulunu 40 gecə (ehtiyac duyulan zaman) anbarda yığıb saxlayan Allahdan uzaqlaşmış, Allah da onu özündən uzaqlaşdırmışdır”. (Əhməd İbn Hənbəl, “Müsnəd”, II, 33.)
Ehtikarlığın meydana gəlməsi üçün aşağıdakı şərtlər olmalıdır:
- a) Anbarda yığılan mal satın alınmış bir mal olmalıdır.
- b) Qida məhsulu olmalıdır.
İnsanlar yığıb saxlanılan malı almada çətinlik çəkməli və ehtiyacı olmalıdır. Əbu Yusifə görə, qida məhsullarından başqa, tədavülə çıxarılmaması cəmiyyətə zərər verən hər növ malda ehtikarlıq ola bilər. Malı yığıb saxlama müddəti qırx gündür, lakin cəmiyyətin ehtiyac duymasına görə bu müddət qısaldıla bilər. Belə ki, hal-hazırkı dövrdə benzin, neft və qaz kimi ehtiyac maddələri iki üç gün kimi qısa müddət ərzində satışa çıxarılmazsa, insanlar dərhal sıxıntıya girərlər. ( Kəsəni, “Bədaiüs-sənai”, V, 129)
Ümumiyyətlə, möhtəkirlik insanların ehtiyaclarının sui-istifadə edilməsi ilə çox az zəhmət çəkərək asan qazanc əldə etmək məntiqinə söykənən və mənəviyyatın pozğunluğundan irəli gələn antisosial bir hərəkətdir. Xüsusilə də, zəruri ehtiyac maddələri olduqda cəmiyyətin zərərinə yol verməklə yanaşı, uzun müddət davam etdiyi təqdirdə, sosial və iqtisadi böhranlara da gətirib çıxara bilər. (Cengiz Kallek, “Devlet ve Piyasa”, Bilim ve Sanat Vakfı yay., İstanbul 1992, s. 56.)
Yuxarıda qeyd edilən hədis, məhz bu kimi insanların əhavali-ruhiyyəsini və insanlıq baxımından düşdüyü səviyyəni açıq-aşkar göstərir. (Celal Yeniçeri, “İslam İktisadının Esasları”, Şamil yay., İstanbul 1980, s. 285)
Nəticə etibarilə, müctəhidlər haram olan ehtikarın meydana gəlmə şərtlərində ixtilaf edərək, əsasən heyvan və insan qidaları üzərində dayansalar da, Hz. Peyğəmbərin (s.ə.s) “Bazara mal gətirənə ruzi verilmiş, möhtəkir isə lənətlənmişdir” (İbn Macə, Ticarət, 6) hədisi sözügedən qadağanın sadəcə olaraq yeyinti məhsullarına yox, ehtiyac duyulan bütün mallara şamil olduğuna dəlalət edir. Müasir dövrdə də müxtəlif formada ehtikarlıq növləri vardır. Belə ki, müxtəlif beynəlxalq şirkətlərin birja ilə bağlı qeyri-qanuni fəaliyətlərini burada qeyd etmək olar. Sözügedən şirkətlər öz sahiblərinə iqtisadi, mali və digər mənfəətlər təmin etsələr də, bəzi işləri ilə ölkə iqtisadiyyatına və istehlakçı kütləsinə böyük ziyan vura bilərlər. (Akar, e.a.m., s. 62)
5. Müştəri ilə yaxşı rəftar etmək
Alış-veriş zamanı tərəflərin ikisi də bir-biri ilə yaxşı rəftar etməlidir. Hz. Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində: “Satarkən və alarkən, borcunu istəyərkən və verərkən asanlaşdırana Allah mərhəmət etsin!” (Buxari, Büyu, 16) – buyuraraq Allahın mərhəmət və sevgisinin bir-biri ilə yaxşı rəftar edən alıcı və satıcılara olsun deyə dua etmişdir.
Şübhəsiz ki, alıcı və satıcıların bir-birinə qarşı yaxşı rəftar etmələri İslamın cəmiyyətdəki fərdlər arasında əsas məqsədi olan vəhdət, birlik və tolerantlığın təmin edilməsinə köməklik göstərir. O cümlədən fərdlər arasındakı ticarət münasibətləri yalnız mal və pul mübadiləsi yox, eyni zamanda mənəvi tərəfi də olan müqavilələr toplusudur. Bu İda inananlar üçün mühüm əhəmiyyət kəsb edən bir məsələdir. (Akar, e.ə.m., s. 62)
Bundan əlavə, “Bəqərə” surəsinin 280-ci ayə- sində Uca Allah: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!”, – buyuraraq, eləcə də Hz. Peyğəmbər (s.ə.s): “Kim Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı gündə Allahın onu kölgələndirməsindən sevinc hissi keçirmək istəyirsə, imkanı olmayan borclusuna güzəştə getsin, ya da alacağından imtina etsin” (Təbərani, “əl-Möcəmül-kəbir”, I, 387), – buyuraraq, satıcının lazım gəldikdə müştərinin xeyrinə fədakarlıq etməsi, üxrəvi cəhətdən məhz özünün xeyrinə olacağını vurğulamışlar.
6. Müştərini qızışdırmamaq (nəcəş)
Əsassız və haqsız rəqabət növlərindən biri olan “nəcəş” kəlməsi “malın qiymətini artırmaq üçün hiylə etmək” mənasına gəlir. Belə ki, müştəri mal almaq istəyən zaman satıcı ilə sözləşən üçüncü bir şəxs sanki alıcı kimi müdaxilə edərək, müştərinin verdiyindən daha çox qiymət təklif etməklə malın qiymətini hiylə ilə artırar. Beləcə, başqasının almasını istəməyən müştəri istər-istəməz daha çox pul vermək məcburiyyətində qala bilər. Təbii ki, nəcəşin reallaşması üçün üçüncü şəxslərin satıcı ilə əvvəlcədən sözləşməsi vacib deyil. Müqavilə bağlanan zaman və ya müqavilə bağlandıqdan sonra üçüncü şəxsin müdaxilə edərək daha çox qiymət qoyması yenə də mənfi nəticələrin ortaya çıxmasına səbəb ola bilər. Ancaq həmin müştəri ilə razılığa gəlinməzsə, sonrakının müdaxiləsi nəcəş sayılmır. (Kallek, e.a.ə., s. 115-116)
Odur ki, sərbəst rəqabətə xələl gətirərək əsassız və haqsız rəqabətə yol verən, qardaşlıq münasibətlərinə xələl gətirən və hiylə ilə istehlakçıya ziyan vurmaq kimi hərəkətlər Hz. Peyğəmbər (s.ə.s) tərəfindən qadağan edilmişdir. Odur ki, Hz. Peyğəmbərin (s.ə.s) “Bir malı alırmış kimi görünərək qiymətini artırmayın!” (Buxari, Büyu, 60; Müslim, Büyu, 13) və “Nəcəş etməyin. Bir şəxs qardaşının alış-verişi üzərinə alış-veriş etməsin!” (Buxari, Büyu, 58; 64, 70; Müslim, Büyu, 11) kimi hədisləri əsas alaraq müsəlman tacir bu kimi mənfi davranışlardan çəkinməlidir.
7. Malları bazardan kənarda satışa qoyulmadan əvvəl qarşılayaraq istehsalçı və istehlakçılara zərər verməmək
Hz. Peyğəmbər (s.ə.s) dövründə kəndli, istehsalçı və ya ixracatçının şəhərə gətirdikləri mallarını müvafiq qiymətlə satışa çıxarmalarına əngəl olan və onlar adına az-az, yaxud müəyyən müddət anbarda saxladıqdan sonra satmaq istəyən vasitəçilər sinfi vardı və xalq bu kimi müqavilələrdən əziyyət çəkirdi.(Ətraflı məlumat üçün bax. Yeniçeri, e.a.ə., s. 303-321) Məhz bu səbəbdən Hz. Peyğəmbər (s.ə.s) şəhərə mal gətirən hər hansı miniyin və ya piyadanın yolda qarşılanaraq, mallarının satın alınmasını qadağan etmişdir. Buna “tələqqir-rükban” qadağası deyilir. (Bax. Buxari, Büyu, 72; İcarə, 11, 19)
Hənəfilər bu qadağanı iki cür izah etmişlər:
a. Şəhərə mal gətirəni alverçilərdən birinin yol-da qarşılayıb bütün malını satın alması və şəhərdə bu maldan olmadığı üçün istədiyi qiymətə satması;
b. Şəhərdəki qiymətləri bilməyəni yolda qarşılayıb gətirdikləri malları bazar qiymətindən aşağı qiymətə satın alması. Bunlardan birincisində şəhər camaatı ziyan görür, ikincisində isə mal gətirənlər bazar qiymətlərini bilmədiklərindən aldadılmış olurlar. Ona görə də, sözügedən davranış məkruhdur. Ancaq yuxarıda qeyd edilən ziyanlardan heç biri olmaz, topdansatışlarda olduğu kimi xalqın münasib və müntəzəm qida məhsulları əldə etməsinə köməkçi olunarsa, bu kimi alğı-satqılarda heç bir əngəl və qəbahət yoxdur.
Malik ibn Ənəs isə, bu qadağaya alverçi nöqteyi-nəzərindən baxaraq, aralarından birinin beləliklə çox ucuz mal təmin etməsinin haqsız rəqabətə səbəb olduğunu, ancaq bununla yanaşı satışın etibarlı olduğunu, malın alındığı yer şəhər və ya qəsəbəyə uzaqdırsa, bunda hər hansı əngəlin olmadığını söyləmişdir.
Şafeiyə görə isə, bu kimi alış-verişlərdə kənardan mal gətirən aldadılmışsa, həmin müqaviləni pozma hüququna malikdir.
Bundan başqa, Hz. Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurur: “Şəhərli kəndli adına satmasın. Xalqı özbaşına buraxsın. Allah xalqın bir qismi ilə digər qismini ruziləndirər”. ( Müslim, Büyu, 21)
İbn Abbas “şəhərlinin kəndli üçün satmağı nə deməkdir” sualına, “ona vasitəçilik edib onun malını sata bilməz”, – deyə cavab vermişdir. (Buxari, Büyu, 72, İcarə, 11, 19; Nəsai, Büyu, 18)
Başqa bir hədisdə bunlar bir-birinin atası və ya qardaşı olsa da bir-birinə vasitəçilik edə bilməyəcəkləri bildirilmişdir. (Müslim, Büyu, 21; Əbu Davud, Büyu, 45)
Burada şəhərlinin kəndliyə məxsus malları hər hansı əvəz vermədən yığıb saxlaması, nəzarətli bir şəkildə satışa qoyaraq haqsız rəqabət etməsi və süni şəkildə qiymətlərin bahalaşması kimi problemlər əmələ gətirməsi ağla gələn məsələlərdir. Nəticədə cəmiyyət bundan ziyan görür.
Hənəfi, şafei və malikilərə görə, bu növ satışlar məkruh olmaqla birlikdə, icra olunduğu təqdirdə alğı-satqı müqaviləsi etibarlıdır. Hənbəlilərdə əsas fikrə görə, bu cür satışda problem əmələ gələrsə, bağlanan müqavilə haram və batildir (etibarsızdır).
Zəmanəmizdə bir sıra təməl ehtiyac məhsullarının topdansatış və pərakəndə satışları ilə məşğul olanlar, göy-göyərti, meyvə və bu kimi qida məhsulları yetişdirənlər süni qiymət bahalaşmasına fürsət vermədən, istehsalçı və istehlakçının mənfəətlərini birlikdə gözləmək surətilə ticarət və ya vasitəçilik edərlərsə, yuxarıdakı hədisdə bildirilən müjdəyə qovuşacaqları ümid edilir.
Zəmanəmizdə ticarət münasibətləri baxımından yuxarıda qeyd edilən hədislərə nəzər saldıqda, Hz. Peyğəmbərin (s.ə.s) sözügedən qadağasının ümumi, yoxsa bəzi qeyd-şərtlərlə olduğu barədə sual yaranır. Vurğulamaq lazımdır ki, İslam dini möhtəkirliyi qadağan etdiyi kimi, qiymətlərin süni şəkildə qalxmasına səbəb olan alverçiliyi də qadağan etmişdir. Buradan aydın olur ki, bu məsələ ilə bağlı qadağanın əsas məqsədi istehsalçının malı bilavasitə satışa çıxara bilməsi və vasitəçilərin müdaxilə edərək qiymətin süni şəkildə qalxmasına səbəb olmamasıdır. Ona görə də, qiymətlərin bahalaşmasına səbəb olmayan hər növ xidmət, yardım və satışa qoyma kimi işlər sözügedən qadağanın əhatəsinə daxil deyil. İstehsalçının malını istehlakçıya təqdim edən, satıcıya müştəri tapan və bunun müqabilində müəyyən qədər xidmət haqqı alan və ya komissiya vasitəçilik qəbulediləndir və günümüzdə bu kimi xidmətlərə ehtiyac var. (Karaman, “Günlük Hayatımızda Helaller Haramlar”, s. 80)
8. Bağlanan müqavilələrin sənədləşdirilməsi
Ticarət münasibətlərində müşahidə olunan mənfiliklərin əsas səbəblərindən biri də tərəflərin ortaya qoyduqları şərtlərin açıq-aşkar qeydə alınmamasından irəli gəlir. İslam ölçü və çəkidə düzgün olmağı, tərəflər arasındakı etibarın mövcud olmasını tələb etməsi ilə yanaşı, alış-veriş və borc münasibətlərinin sənədləşdirilməsini də tövsiyə et- mişdir. Belə ki, Qurani-Kərimdə bu məsələ ilə bağlı belə buyurulur:
“Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə, yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun əvəzinə vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər biri unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nağd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah sizə öyrədir. Allah bütün işləri biləndir!” (Bəqərə, 2/282)
Yuxarıda qeyd edilən ayədə Uca Allah uzun- uzadı borc münasibətlərinin sənədləşdirilməsi, şahid tutulması və bunların ədalətlə yerinə yetirilməsinin lazımlığına diqqət çəkir və nə qədər mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Etibar duyğusunun, doğruluq və dürüstlüyün daha çox zədələndiyi zəmanəmizdə isə, istər satıcı, istərsə də alıcı baxımından sənədləşdirilməsinə daha çox ehtiyac var.
© Halal Ekosistem