30 November 2024

Halal olmayan bəzi reklam formaları

Halal Ekosistem|Marketinq-Reklam

Türkiyənin Ticarət Nazirliyindən verilən məlumata görə Dövlət Reklam Şurası istehlakçıları aldadan reklamlar barədə araşdırma aparıb. İlk öncə burada həmin aldadıcı reklamın mahiyyətini qısa şəkildəqeyd edək.

1. Bu halla bəlkə də çoxumuz qarşılaşmışıq. İnternetdə bir şirkətin reklamı qarşımıza çıxır. Reklamda məhsul və ya xidmətin qiyməti qeyd edilib. Biz də bunun çox ucuz olduğunu görüb dərhal maraqlanmağa başlayırıq. Əsas satış mərhələsinə çatanda isə əslində qiymətin o qədər də ucuz olmadığını, reklamın fərqli yollarla bizi çaşdırdığını öyrənirik. Bəzi hallarda isə məhsul və xidməti aldıqdan sonra bunu öyrənmiş oluruq.

2. Şirkət paylaşdığı reklam məzmununda faktiki olaraq satmadığı məhsulu, göstərmədiyi xidməti qeyd edir. Bu həmin şirkətə əlavə prestij gətirir və ya onun aşağı səviyyəli məkan kimi bilinməsinin qarşısını alır. Müştəri isə həmin məkana getdikdən sonra reallığı öyrənir. Amma bəzi hallarda artıq bu gec olur. Çünki ya ödənişi artıq edib və ya imtina etməsi ona əlavə xərc və vaxt itkisinə səbəb olacaq. Dolayısı ilə qarşılıqlı razılıq prinsipi tam şəkildə həyata keçmədən müştəri məhsul və ya xidməti almaq məcburiyyətində qalır.

Türkiyənin Ticarət Nazirliyi istehlakçıları çaşdıran, onları aldadan, yalan məlumat verən bir çox şirkətə cərimə tətbiq edib

Bir xarici şirkətin təklif etdiyi eyni xidmətə reklam məzmununda və birbaşa saytda olmaqla iki ayrı qiymət qoyduğu təsbit edilmişdir. Belə ki, onlayn axtarış sistemində edilən axtarış zamanı önümüzə çıxan həmin şirkətin reklamında təklif edilən xidmətlə bağlı qiymətə yer verilmişdir. Lakin axtarışda qarşımıza çıxan həmin reklama klikləyərək şirktin saytına daxil olduğumuz zaman buradakı qiymətin fərqli olduğu müəyyən edilmişdir. Yəni şirkət axtarış zamanı müştərilərin qarşısına çıxan reklamda qiymətləri aşağı göstərərək onların sayta daxil olmasını təmin etməyə çalışıb. Ona görə də axtarış nəticəsinin istehlakçıları aldadıcı və yanıltıcı olduğu nəzərə alınmış və nəticədə turizm sektorunda fəaliyyət göstərən bu xarici şirkətə aid aldadıcı qiymət təklifləri edən reklam və tanıtımlara inzibati cərimələr tətbiq edilməsinə qərar verilmişdir.

Digər maraqlı cərimə hallarından biri də məhz turizm sektorunda müşhidə edilib. Belə ki, müştərilərinə uzun müddət qalmaqla istirahət etmə imkanı təqdim edən obyekt faktiki olaraq göstərə bilmədiyi xidmətləri reklam tanıtımında qeyd etmişdir.

Səhiyyə turizmində istehlakçıların tez-tez üstünlük verdiyi bu qonaqlama obyektinin tanıtım fəaliyyətinin Türkiyə reklam qanunvericiliyi çərçivəsində araşdırılması nəticəsində müəyyən edilib ki, obyektin termal bulaq sahələri möhürlənib bağlanmasına rəğmən reklamlarında hovuzun şəkilləri və ‘termal’ ifadəsi işlədilmişdir. Bunlar qurum tərəfindən istehlakçıları çaşdırıcı və yanıldıcı tanıtımlar olaraq hesab edilərək sözügedən şirkətlə bağlı reklamların dayandırılması və inzibati cərimə tətbiq edilməsinə qərar verilmişdir.

Qeyd edək ki, Türkiyədə Reklam Şurası avqust ayı ərzində aparılan araşdırılmada 138 reklam fəaliyyətindən 128-nin qanunvericiliyə zidd olduğunu deyib və həmin reklamların dayandırılıb. Həmçinin sözügedən reklamlar, 5 milyon dollar məbləğində cərimələnib.

3. Hal-hazırda bazar halal olmayan reklam formalarından biri də xalça yuma sektorunda müşahidə edilir.

Belə ki, xalça yuma xidməti göstərən tərəf xalçaların yuyulmasında xüsusi avadanlıqdan istifadə etmədiyi halda öz instaqram səhifəsində həmin avadanlığın şəklini, videolarını paylaşır. Bu müştərilərdə onların xalçalarının da məhz bu keyfiyyətli aparatla yuyulduğu təəssüratını yaradır. Əslində isə xalçalar ənənəvi xüstar üsullarla yuyulur.

Yekun olaraq bu cür reklamlar həm yalan informasiya ötürür həm də istehlakçıları aldadır. Ona görə də Halal olmayan reklamlar kateqoriyasına aid edilir.

4. Türkiyədə Ticarət Nazirliyi tərəfindən ayaqqabı satışı ilə məşğul olan məşhur xarici şirkətin Türkiyə və xarici ölkə domenli iki ayrı saytında eyni məhsulun tərkibi ilə bağlı verilən məlumatlar arasında fərqlilik təsbit edilmişdir.

Sözügedən şirkətin Türkiyə müştərilərinə xitab edən saytında digər saytdan fərqli olaraq məhsulun istehsalı zamanı donuz dərisindən istifadə olunması ilə bağlı məlumatın silindiyini təsbit etmişdir.

Reklam Şurasının prioritet istiqamətlərindən biri istehlakçıları almaq niyyətində olduqları mal və ya xidmətlərin keyfiyyət və ya komponentləri barədə aydın və düzgün məlumatlandırmaqdır

Ayaqqabı sektorunda fəaliyyət göstərən bir şirkətin xarici domen adlı internet saytında məhsulun komponentləri ilə bağlı yerləşdirdiyi reklamlarda donuz dərisi olduğuna dair məlumat qeyd edilmişdir. Lakin Türkiyə domenli internet saytında eyni məhsul üçün yerləşdirilən reklamlarda isə məhsul komponentləri arasında donuz dərisinin olması ilə bağlı hər hansı məlumatın olmadığı müəyyən edilmişdir.

Şura tərəfindən aparılan araşdırma nəticəsində istehlakçılara natamam məlumat verən sözügedən reklamların dayandırılması və reklam verənə inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır.

Türkiyə tərəfindən yayılan məlumatda qeyd edilməsə də araşdırmalarımıza görə böyük ehtimal bu ayaqqabı şirkəti dünya brendi New Balance şirkətidir.Belə ki, bu məşhur dünya brendi ingilis dilində olan və əsasən Amerika və Avropa seqmentinə xitab edəb saytında bəzi ayqqabıların donuz dərisindən hazırlandığını qeyd edib. Lakin həmin şirkətin Türkiyəyə aid olan saytında eyni məhsulun kompenentləri içərisində donuz dərisi məlumatı silinmişdir. Ehtimal edirik ki, Türkiyə cəmiyyətində donuz məhsulları birmənalı qarşılanmadığı üçün şirkət tərəfindən müvafiq məhsulla bağlı bu məlumat qəsdən silinmişdir.

© Halal Ekosistem