İslamda marketinq – müştərini tora salmaq yox, ona doğru qərar verməkdə kömək etməkdir, bir sözlə - Nəsihətdir.
Biz inanırıq ki
- ticarət sadəcə mal satmaq deyil, həm də insana xidmət və Allaha ibadət formasıdır.
- insanların ehtiyacları olan mal və xidmətlərin ticarəti ictimai bir vəzifədir (fərzi-kifayə).
- bazar qiymətinə insanların ehtiyacı olan malları gətirib satan sədəqə savabı qazanır.
Biz aşağıdakı prinsipləri qəbul edir və əməl edirik:
1. Dürüstlük (Sidq) – Yalan Danışmarıq
- Biz məhsulumuzu satmaq üçün olmayan xüsusiyyətləri varmış kimi göstərmirik.
- "Endirim" adı altında qiymətləri əvvəlcədən şişirdib, sonra endirmirik.
- Anbarda mal olduğu halda, müştərini tələsdirib iradəsini əlindən almaq üçün "son 1 ədəd qaldı" yalanını söyləmirik.
- Etibar qazanmaq üçün müştəri sayımızı real olandan çox göstərmirik
Şüarımız: "Olduğu kimi görün, göründüyü kimi ol."
2. Şəffaflıq (Bəyan) – Qüsuru Gizlətmərik
- Biz "Tədlis"dən (eybi gizlətmək) uzağıq. Malımızın bir qüsuru varsa, satarkən onu müştəriyə açıq şəkildə bildiririk.
- Müştərinin bilgisizliyindən istifadə edərək ona keyfiyyətsiz malı keyfiyyətli kimi sırımağı (ğişş) xəyanət hesab edirik.
- Uzun və çətin müqavilə formalarından, incə şriftlərlə yazılmış gizli şərtlər taktikasından istifadə etmirik.
3. İradəyə Hörmət (İxtiyar) – Manipulyasiya Etmirik
- Biz neyromarketinq və psixologiyadan insanları aldatmaq üçün yox, onlara daha yaxşı xidmət etmək üçün istifadə edirik.
- Müştərini utandıraraq, psixoloji təzyiq edərək (məsələn, hədiyyə verib borclu hiss etdirərək) "yox" deyə bilməyəcəyi vəziyyətə salmırıq.
- Alış-verişin əsası "könül xoşluğu"dur (razılıq), məcburiyyət deyil.
4. Məsuliyyət – İsrafa Təşviq Etmərik
- Biz insanların zəif tərəflərindən istifadə edərək onlara ehtiyacları olmayan malları satıb israfa sürükləmirik.
- Bizim məqsədimiz süni istəklər yaratmaq deyil, real ehtiyacları ən faydalı və səmərli şəkildə qarşılamaqdır.
- Zərərli, cəmiyyətin əxlaqını və sağlamlığını pozan məhsulların reklamını etmirik.
5. Rəqabət Əxlaqı – Başqasını Qaralamarıq
- Öz malımızı tərifləyərkən rəqiblərimizi pisləmirik, onlara böhtan atmırıq.
- Ruzini verənin Allah olduğuna inanır, rəqibimizi düşmən yox, bazarın bir parçası kimi görürük.
Bizim Öhdəliyimiz
Marketinq strategiyamda müştərini sadəcə "gəlir mənbəyi" kimi yox, "Allahın ruzi qapısı" kimi görürük.
© Halal Ekosistem