
Vədəli (Nisiyə) Alqı-Satqıda Gecikmə Cəriməsi (Dəbbə Pulu) Halaldırmı?
Müasir ticarət münasibətlərində ən çox verilən suallardan və ən sıx rast gəlinən problemlərdən biri vədəli (nisiyə) ödənişlər zamanı tətbiq edilən gecikmə faizi və ya cərimələrdir. Təəssüf ki, cəmiyyətimizdə bu məsələnin fiqhi və iqtisadi mahiyyəti ilə bağlı hələ də məlumatsızlıq və fərqli yanaşmalar mövcuddur. Məhz bu səbəbdən, ölkəmizdəki ticarət əxlaqına və halal qazanc axtarışına dəstək olmaq məqsədilə, bu problemli mövzuya daha sistemli və aydın hüquqi cavablar vermək qərarına gəldik.
Maliyyə və ticarət əməliyyatlarında "gecikmə faizi" (dəbbə pulu, cərimə) əsasən iki fərqli vəziyyətdə ortaya çıxır:
- Nağd pul borcunda yaranan gecikmə: Bir şəxsə və ya quruma verilən nağd pul borcunun təyin edilmiş vaxtda qaytarılmadığı təqdirdə borclunun üzərinə qoyulan əlavə cərimə məbləğidir. İslam hüququna görə, bu cür cərimə birmənalı olaraq faizdir (riba) və qəti şəkildə haramdır.
- Vədəli ticarətdə yaranan gecikmə: Nisiyə (hissə-hissə və ya sonradan ödənişlə) alınan hər hansı bir malın (əşyanın) pulunun vaxtında ödənməməsi səbəbilə satıcının tələb etdiyi əlavə cərimədir.
Bu məqalədə biz məhz günümüzdə insanların və bizneslərin ən çox ehtiyac duyduğu və qarşılaşdığı ikinci halı – vədəli ticarətdəki gecikmə cərimələrini müzakirə edəcəyik.
Bu məsələnin fiqhi hökmünü anlamaq üçün əvvəlcə vədəli alqı-satqının mərhələlərini doğru təhlil etməliyik: Nisiyə ticarət zamanı satıcı malı nağd şəkildə alıcıya təhvil verir, alıcı isə onu qəbul edərək (qəbz) pulunu sonradan ödəməyi öhdəsinə götürür. İqtisadi və hüquqi baxımdan bu addımla Alqı-Satqı (Bey') müqaviləsi yekunlaşır və malın mülkiyyət hüququ tamamilə alıcıya keçir.
Lakin alıcı hələ malın pulunu tam ödəmədiyi üçün, o, satıcıya qarşı pul öhdəliyi daşıyır. Yəni, mülkiyyət hüququnun keçməsi ilə alqı-satqı (Bey') əqdi başa çatır və həmin andan etibarən tərəflər arasında Borc (Deyn) münasibəti başlayır. Məhz buna görə də, ödəniş mərhələsində artıq ticarət qaydaları deyil, İslamın borc hüququnun (qərz/deyn) təməl hökmləri tətbiq edilməlidir.
1. İslam Fiqhinə görə Gecikmə Faizi (alan baxımından)
İslam fiqhində ümumi qayda budur ki, borcun qaytarılmaması və ya gecikdirilməsi müqabilində tələb olunan hər hansı maddi artım riba (sələm/faiz) hesab olunur.
- Cahiliyyə ribası: İslamdan əvvəl ticarətdə "ya borcu ödə, ya da məbləği artır" prinsipi var idi. Müasir bankçılıqdakı və ya mağazalardakı gecikmə faizi birbaşa bu növə daxil olur.
- Hökm: Satıcının (və ya kreditorun) gecikməyə görə öz xeyrinə faiz tələb etməsi haramdır.
Ən mötəbər beynəlxalq təşkilatlardan olan AAOIFI də eyni mövqeyi paylaşır. Lakin AAOIFI yeni bir mexanizm gətirir və müqaviləyə aşağıdakı şərtin qoyula biləcəyini bildirir:
- Əgər alıcı borcunu vaxtında ödəməsə, müəyyən məbləğdə cərimə tətbiq edilə bilər. Bu məbləğ isə satıcı tərəfindən mütləq şəkildə xeyriyyə işlərinə sərf olunmalıdır. Məqsəd alıcının ödənişi qəsdən gecikdirməsinin qarşısını almaq və satıcının qarşılaşacağı riski minimuma endirməkdir.
- Alıcının (borclunun) ödədiyi bu cərimə məbləği heç bir halda satıcının gəlirinə çevrilə bilməz, yəni cibinə, kassasına gedə bilməz. Və dolyalı belə olsa heç bir mənfəət, fayda gözləmədən mütləq şəkildə xeyriyyə işlərinə sərf edilməlidir.
2. Belə bir müqavilə ilə mal almağın hökmü (verən baxımından)
Burada iki fərqli məqamı bir-birindən ayırmaq lazımdır:
A) Alınan malın hökmü:
Əgər satışın əsas şərtləri (malın mövcudluğu, qiymətin dəqiqliyi, tərəflərin razılığı) yerindədirsə, alınan mal halaldır və alıcının mülkiyyətinə keçmiş sayılır. Müqavilədəki faiz şərtinin haram olması malın özünü haram etmir, lakin müqaviləni "fasid" (naqis/qüsurlu) edir.
B) Müqaviləni imzalamağın hökmü:
- Prinsip etibarilə, içində faiz şərti olan bir müqaviləni imzalamaq İslam hüququna görə caiz deyil. Çünki bu, gələcəkdə riba verməyi öhdəsinə götürmək deməkdir yəni haram şərtə razı olmaqdır.
- Müasir alimlərin bir qismi qeyd edir ki, əgər insan həyati ehtiyaclarını (məsələn, ev, tibbi avadanlıq və s.) başqa cür təmin edə bilmirsə və ödənişləri vaxtında edəcəyinə qəti əmindirsə, bu müqaviləni imzalaya bilər (lakin bu, fərdi fətva tələb edən müstəsna haldır).
İslam müqavilə hüququnda (müamilat) müqavilələrin etibarlılıq dərəcələrində Hənəfi məzhəbi ilə digər üç məzhəb (cümhur - Şafii, Maliki, Hənbəli) arasında fundamental fərqlər mövcuddur. Konkret olaraq fərqləri aşağıdakı şəkildə sistemləşdirə bilərik:
1. Cümhurun (Şafii, Maliki, Hənbəli) Yanaşması
Bu hüquq məktəblərində ibadətlərdə olduğu kimi, müamilatda da (maliyyə işlərində) "Batil" və "Fasid(hökmsüz)" eyni mənanı ifadə edir. Onlar arasında heç bir hüquqi fərq yoxdur.
- Prinsip: Əgər müqavilənin bir rüknü (əsas şərti) və ya şəriətə uyğun bir vəsfi çatışmırsa, o müqavilə yox hökmündədir.
- Nəticə: Müqavilə heç bir hüquqi nəticə doğurmaz, mülkiyyət qarşı tərəfə keçməz. Dolaysıyla belə bir müqavilə ilə nəsə almaq qəsb sayılır. Çünki insanlar arasında mal mübadiləsi o zaman halal hesab edilir ki, bu əməliyyat doğru bir müqaviləyə əsaslansın.
2. Hənəfi Məktəbi Yanaşması
Hənəfilər müqavilənin pozulma dərəcəsini iki yerə bölürlər: Əsl (mahiyyət) və Vəsf (əlamət/şərt).
a) Batil Müqavilə
Müqavilənin həm əslində, həm də vəsfində problem olan müqavilədir. Yəni müqavilənin təməli (rüknü) və ya mövzusu (obyekti) şəriətə ziddir.
- Nümunə: Leşin, donuzun və ya mövcud olmayan bir şeyin satışı. Burada satışın mövzusu (mal) İslam hüququna görə "mal" sayılmır.
- Hüquqi Nəticə: Müqavilə yox hökmündədir. Tərəflər malı bir-birilərinə təhvil versələr belə, mülkiyyət keçmir. Alınan hər şey geri qaytarılmalıdır.
b) Fasid Müqavilə
Müqavilənin əsli (təməli) düzgündür, lakin vəsfində (şərtlərində və ya xüsusiyyətlərində) şəriətə zidd bir nöqsan var.
- Nümunə: Satılan mal və qiymət bəllidir (əsl düzdür), lakin müqaviləyə "faiz" şərti və ya qeyri-müəyyənlik (ğərər) gətirən bir şərt əlavə edilib, yaxud qiymət məlum deyil.
- Hüquqi Nəticə: Bu müqavilə "müvəqqəti etibarlı" sayılır. Əgər mal təhvil verilərsə (qəbz), mülkiyyət alıcıya keçir, lakin bu mülkiyyət "xəbis" (naqis, günahlı) mülkiyyətdir. Yəni, mal sizin sayılsa da, bu sahiblik şəriət baxımından tam qanuni və təmiz bir sahiblik deyil.
- Məhsuldan istifadənin hökmü: Fasid müqavilə ilə əldə edilən maldan istifadə etmək və ya onu istehlak etmək caiz deyil (təhrimən məkruhdur). Çünki müqavilədəki fəsad (məsələn, faiz şərti) aradan qaldırılana qədər mal üzərindəki mülkiyyət "qüsurlu" qalır.
- Vəzifə: Hər iki tərəfin üzərinə düşən borc, müqaviləni ləğv etmək (fəsx) və malı satıcıya qaytarmaqdır. Bu, günahdan qurtulmaq üçün vacibdir.
- Malın başqasına satılması: Əgər alıcı fasid müqavilə ilə aldığı malı başqa bir şəxsə (üçüncü tərəfə) satarsa: Bu ikinci satış səhih (etibarlı) sayılır. Lakin birinci alıcı (yəni siz), qüsurlu müqavilə ilə malı satdığınız üçün günah qazanmış olursunuz. Bu ticarətdən əldə edilən mənfəət (qazanc) təmiz sayılmır və sədəqə şəklində ehtiyacı olanlara verilməsi tövsiyə olunur.
4. Vəziyyəti necə düzəltməli?
Fasid müqaviləni "səhih" (sağlam) hala gətirmək üçün iki yol var:
- Müqavilənin ləğvi: Malı qaytarıb pulu geri almaq.
- Fəsadın aradan qaldırılması: Müqavilədəki o haram şərti (məsələn, gecikmə faizi bəndini) qarşılıqlı razılıqla ləğv etmək. Əgər satıcı faiz tələbindən imtina edərsə, müqavilə səhih olar və malın istifadəsi halal olar.
Yekun: Azerbaycan reallığında yuxarıda qeyd edilən fasid müqavilə ilə nəsə almaq o halda icazəli ola bilər ki, zərurət halı yaransın. Yəni;
- 1-ci şərt: alınan mal zəruri ehtiyac olsun, ona ciddi ehtiyac yaransın
- 2-ci şərt: bu malı başqa halal yolla almaq mümkün olmasın.
DİQQƏT: Bu yazının hazırlanmasında Azərbaycanlı bir neçə elm əhlinə (xocaya) müraciət edilmiş və onlardan icazə, təsdiq alınmışdır.
- Ətraflı məlumat üçün Dr. Ozat Şəmşiyev tərəfindən təqdim edilən "Fiqhül-Büyu" oxumalarına baxa bilərsiniz. Qeyd edək ki, bu 2 cildli əsər dövrümüzün böyük hədis və fiqh alimlərindən olan Muhamməd Taqi əl-Osmaninin maliyyə münasibətləri (maliyyə müamilatı) sahəsində qələmə aldığı mühüm əsərdir. Kitab dörd məzhəbə əsasən və bəzi Qərb dövlətlərinin ticarət hüququ ilə müqayisəli şəkildə yazılmışdır. Bu tədqiqatın ən bariz xüsusiyyəti İslam iqtisadiyyatı sahəsindəki aktual məsələlər və maliyyə yeniliklərini də nəzərə alaraq, dörd məzhəbin mötəbər mənbələrində yer alan "Kitabul-Büyu" (Ticarət bölməsi) fəsillərini bir araya gətirməsidir.
© Halal Ekosistem