Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında qeyd edib ki, 2019-cu ilin yekunlarına əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində yaranan 200 milyon manatlıq ehtiyat bu il sosial ödənişlərin dayanaqlılığına yönəldiləcək.
Müasir dövr bizneslər biznes etikası üzərində böyük diqqət yetirirlər. Biznes etikası anlayışı, prinsipləri və əhəmiyyəti uzunmüddətli dövrdə biznesin inkişafı üçün təməl faktor hesab olunur, çünki yaxşı davranış kodeksi işçilərin davranışında daha yüksək məhsuldarlıq yarada və biznesin gəlirinə güclü təsir göstərən davamlı reputasiya formalaşdıra bilər.
Təəssüflər olsun ki, modern dövlətlər öz xalqlarının milli-mənəvi baxımdan tərəqqi etməsi üçün ciddi, sistemli işlər görmür, bunla bağlı dövlət büdcəsinin xərclərində bu sahə unudulmuş, tərk edilmiş haldadır.
Saxta şəkildə dövlətdən müavinət alan şəxslərin dövlətə vurduğu ziyanı gəlin düşünək: saxta müraciətin dövlət tərəfindən baxılması zamanı çəkilən xərclər, buna sərf edilən zaman, bunun nəticəsində digər həqiqi haqq sahiblərinin kənarda qalması, dövlət onu aşkar edənə qədər o saxtakarın dövlət büdcəsindən oğurladığı pulun miqdarı və s. Eyni zamanda dövlətin bu müavinətlərin şəffaf şəkildə, layiq olan yerlərə ayrıla bilməsi üçün qurduğu mexanizmin və tədbirlərin səbəb olduğu maddi məsrəfləri də diqqətə alsaq cəmiyyətin ehtiyac sahibi kəsiminə maddi yardım etmək üçün istifadə edilən alətin özünün baha başa gəlməsi prosesinin səmərəliliyini və effektivliyini xeyli şəkildə azaldır
Bütün bunların qarşılığında milli-mənəvi, əxlaqi dəyərlərin cəmiyyətin bütün təbəqələri arasında güclü və doğru bir şəkildə bilinməsi, mənimsənilməsi üçün strateji və köklü işlər görülsə bu qədər məsrəflərin və problemlərin ortaya çıxmasının qarşısı alınmış olar. Cəmiyyətin əxlaqi tərəqqisi ölkənin hər tərəfli, geniş əhatəli inkişaf və tərəqqisinin ən önəmli, ən ucuz, ən asan, ən effektiv, ən məntiqli qaynağıdır. Burda ən önəmli nüans odur ki, əxlaqi dəyərlər insanlar tərəfindən mənimsənildikdən sonra ölkədəki problemlərin və xüsusilə də yardıma ehtiyacı olan təbəqənin ehtiyaclarının aradan qaldırılması prosesi avtomatik olaraq cəmiyyətin fərdlərinin şəxsi təşəbbüsləriylə reallaşacaqdır. Həmçinin, yardım fəaliyyətlərinin çox böyük qisimləri məhz məsrəf tələb etməyən könüllü təşəbbüslərlə həyata keçirilir. Bunun nəticəsində xalq öz boş vaxtını və əlavə maddi imkanlarını daha səmərəli, faydalı sahələrə sərf edəcəkdir.
Bütün bu zəncirvari prosesin nəticəsində hər kəsin arzu edib axtardığı ədalətli, maddi-mənəvi tərəqqi etmiş bir cəmiyyət və dövlət ortaya çıxacaqdır.
İqtisadiyyatın subyektləri, yəni onu hərəkətə gətirən qüvvə insanlardır. Müasir iqtisadi nəzəriyyədə isə həmin bu subyekt milli-mənəvi dəyərlərdən, ülvi duyğulardan məhrum edilmiş, sadəcə rasyonal və materialist düşünüb qərar verən ‘homoeconomiks’ adlı şəxsdir. Bütün İqtisadi modellər məhz bu homoeconomiks adlı şəxsin rasyonallığı əsasında formalaşdırılmışdır. Ona görə də cari İqtisadi nəzəriyyələr dəyişmədiyi müddətcə dünyada hər hansı bir müsbət dəyişiklik gözləmək sadəlövhlük olar.
© Halal Ekosistem