17 December 2025

Əsas Halal Müqavilə Növləri

Halal Ekosistem|Halallıq Standartları

Aşağıda əsrlərdir mövcud olan və hələ də tətbiq edilən əsas halal müqavilə növlərinə qeyd edib qısa izah edəcəyik. Lakin bu müqavilələr üzrə ətraflı şərtlər və qaydalar mövcuddur.

Onu da əlavə edək ki, halal müqavilələr sadəcə aşağıdakılarla məhdudlaşmır. Təməl halal müqavilə qaydalarına uyğun gələn müasir fərqli müqavilə növləri də halal müqavilə olaraq qəbul edilə bilər.

1. Mübadilə əsaslı müqavilələr (Ticarət-bey`)

1.1 Sələm (Salam): Pulun əvvəlcədən nəğd ödənildiyi, malın isə gələcəkdə müəyyən edilmiş bir tarixdə təslim edildiyi satış növüdür (adətən kənd təsərrüfatında istifadə olunur).

1.2. İstisna (Istisna’): Sifarişli istehsal müqaviləsi. Hələ mövcud olmayan bir məhsulun hazırlanması və ya tikilməsi üçün bağlanan müqavilədir. Əsasən tikinti-inşaat işlərində istifadə edilir.

1.3. İcarə (Ijarah): Kirayə və ya lizinq. Bir əmlakın və ya avadanlığın istifadə hüququnun müəyyən ödəniş qarşılığında başqasına verilməsidir. İşçi-işverən münasibətlərinə də əməyin icarəyə verilməsi konteksində baxılır.

1.4. Murabaha: Maya dəyəri üstəgəl mənfəət satışı. Satıcı malın maya dəyərini və üzərinə qoyduğu qazancı alıcıya açıq şəkildə bildirir.

1.5. Tövliyə (Tawliyah): Malın maya dəyərinə satılması. Satıcı heç bir qazanc əldə etmədən və zərər etmədən malı aldığı qiymətə satır.

1.6. Musavama (Musawamah): Bazarlıq üsulu ilə satış. Satıcı malın maya dəyərini açıqlamır, qiymət tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir (adi ticarət).

1.7. Cuala (Ju’alah): Mükafat/Xidmət haqqı. Müəyyən bir nəticəyə çatmaq və ya işi görmək qarşılığında vəd edilən ödənişdir (məsələn, itmiş əşyanı tapana verilən mükafat).

2. Vasitəçilik və Təmsilçilik

2.1. Vəkalət (Wakalah): Agentlik müqaviləsi. Bir şəxsin (müvəkkil) başqa bir şəxsi (vəkil) öz adından hərəkət etmək üçün səlahiyyətləndirməsidir (məsələn, investisiya idarəçiliyi).

2.2. Vəsiyyət (Wasiyyah): Şəxsin vəfatından sonra əmlakının müəyyən bir hissəsinin (maksimum 1/3-i) xeyriyyə və ya vərəsə olmayan şəxslərə verilməsi barədə sərəncamı.

2.3. Fuduli (Füzuli): Səlahiyyətsiz vəkil/agent. Bir şəxsin icazəsi olmadan onun adından alğı-satqı etmək və ya müqavilə bağlamaqdır. Bu müqavilənin qüvvəyə minməsi üçün əsas sahibin sonradan icazə verməsi (ratifikasiya) lazımdır.

3. Qarşılıqsız (Xeyriyyə/Yardım) Müqavilələr

3.1. Qərz (Qard): Faizsiz borc (Qərz-i Həsən). Borc verənin heç bir əlavə qazanc (faiz) gözləmədən, yalnız verdiyi məbləği geri almaq şərti ilə verdiyi borcdur.

3.2. Kəfalə (Kafalah): Zəmanət. Bir şəxsin başqasının borcunu və ya öhdəliyini yerinə yetirməsi üçün zamin durmasıdır. Bu cəmiyyətdə xeyriyyə işlərinin yayılmasını təşviq edir.

3.3. Həvalə (Havalah): Borcun köçürülməsi. Borclunun öz borc öhdəliyini başqa bir şəxsin üzərinə keçirməsi prosesidir.

3.4. Hibah (Hibə): Hədiyyə. Bir malın və ya mülkiyyətin heç bir qarşılıq gözləmədən könüllü olaraq başqasına verilməsidir. Hədiyyənin geri alınmasına icazə verilmir.

3.5. Fond (Vəqf): Daimi, davamlı xeyriyyə. Bir əmlakın (bina, torpaq və s.) satılmamaq şərti ilə dondurulması və gəlirinin daimi olaraq xeyriyyə məqsədləri üçün istifadə edilməsidir.

3.6. Rahn (Rəhn): Girov. Borc qarşılığında kreditora (borc verənə) təminat kimi maddi bir dəyərin saxlanılması üçün verilməsidir.

3.7. Ariyah (Ariyə): Müvəqqəti istifadəyə vermə. Bir əşyanın (istehlak yox istifadə edilə bilən) mülkiyyəti verilmədən, sadəcə istifadəsi üçün təmənnasız olaraq başqasına verilməsi və sonra geri qaytarılmasıdır.

3.8. Wadi’ah (Vadiə): Əmanət saxlama. Bir malın qorunmaq məqsədilə başqa bir şəxsə və ya quruma (məsələn, banka) etibar edilməsidir.

4. Tərəfdaşlıq Müqavilələri (Partnership Contracts)

4.1. Mudarabah (Mudaribə): Əmək və sərmayə ortaqlığı. Bir tərəf kapitalı (sərmayəni) təmin edir (Rəbbul-mal), digər tərəf isə işi və ya təcrübəni qoyur (Mudarib). Mənfəət əvvəlcədən razılaşdırılmış nisbətdə bölünür, lakin maliyyə zərəri yalnız sərmayə sahibinin üzərinə düşür.

4.2. Shirkah (Şirkət/Muşarakə): Tam ortaqlıq. Bütün tərəflər həm kapital qoyur, həm də mənfəət və zəreri paylaşırlar. İdarəetmədə də birgə iştirak edə bilərlər.

4.3. Musaqat (Musaqət): Bağçılıq/Suvarma ortaqlığı. Bir növ kənd təsərrüfatı ortaqlığıdır; bağ sahibi ağacları işçiyə həvalə edir, işçi onlara qulluq edir (suvarır) və məhsul aralarında bölünür.

4.4. Muzara’ah (Muzaraə): Əkinçilik ortaqlığı (paylı əkin). Torpaq sahibi torpağı verir, işçi isə əməyini sərf edir. Yekun məhsul əvvəlcədən razılaşdırılmış nisbətdə bölünür.

© Halal Ekosistem