Qurani-Kərim və sünnə başda olmaqla İslam mədəniyyətində, ticarət münasibətlərinin təməl əxlaq normaları çərçivəsində yerinə yetirilməsi, ticarətin sadəcə olaraq maddi baxımdan bir qazanc vasitəsi yox, eyni zamanda insanların ehtiyac duyduqları müxtəlif növ əşyaları onlara təmin etmək surətilə Allahın razılığına nail olmaq üçün bir vasitə kimi qiymətləndirilməsini təlqin edən bir əxlaq anlayışı ortaya qoyulmuşdur. Ona görə də, İslam alimləri əxlaq normaları çərçivəsində və şüurlu bir şəkildə edilən ticarəti fərzi-kifayə hesab etmişlər.Hətta İslamın ilk dövrlərində heç kəsə alış-verişlə bağlı hökmləri, yəni əqdlərlə bağlı qanunları öyrənmədən ticarətlə məşğul olmağa icazə verilmirdi. Belə ki, möhtəsiblər bazarlara nəzarət edərək, ticarətlə məşğul olanları sorğu-sual edir və kifayət qədər məlumatı olmayanlara öyrənənə qədər ticarət etməyə icazə vermirdilər.
Odur ki, bu kimi anlayış və həssasiyyətlərə görə tacirlər səfərə çıxarkən, ehtiyac olanda məsləhətləşmək üçün özləri ilə birlikdə əqdlərlə bağlı hökmləri dərindən bilən fəqihləri də aparardılar. Çünki ticarətlə məşğul olan bir müsəlmana, onunla əlaqədar dini hökmləri öyrənmək fərzdir.
İslam alimləri arasında ticarət əxlaqını ən mükəmməl şəkildə işləyənlərin başında İmam Qəzzali gəlir. Belə ki, o, qırx bölmədən meydan gələn "Əhyaü ülumid-din" adlı əsərinin on üçüncü bölməsini "Qazanma və məişəti təmin etmə ədəbləri" başlığı ilə iş və ticarət həyatına həsr edərək alğı-satqı, fiaz (sələmçilik), icarə, şəriklik kimi ticarət məsələləri ilə bağlı fiqhi hökmləri xülasə etmişdir. Bundan sonra halal olan ticarətlə bağlı məsələləri üç dərəcədə ortaya qoyaraq, ən aşağı dərəcəsini ədalətə riayət etmək, ikincisini ehsan, ən ali dərəcəsini isə, tacirin ticarət münasibətlərində dini vəzifələrinə riayət etməsi olaraq qeyd etmişdir.
O, ticarətlə bağlı fəaliyyətlərdə ədalətə riayət edib haqsızlıqlara yol verməkdən çəkinməyin yollarını şərh edərkən zərəri "cəmiyyətə və fərdə" toxunanlar olmaqla iki hissəyə ayırmışdır. Birincisində "möhtəkirlik və saxta pul" məsələlərini təhlil etmiş; ikincisində "zərəri satıcı və ya alıcı ilə məhdudlaşan ticarət münasibətləri"ni sadalamışdır.
Onun fikrincə, ticarətin tərəflərindən birinə ziyan vuran davranış zülmdür. Bununla bağlı Qəzzali ən ümumi meyarın "özün üçün istəmədiyin bir şeyi qardaşın üçün də istməməlisən" tərzindəki məşhur prinsip olduğunu bildirir. Bu prinsip dörd əxlaqi vəzifəyə riayət etməyi tələb edir: birincisi; satılan mal onda olmayan xüsusiyyətlərlə təriflənməməlidir. Çünki bu, yalan və aldatma olub haramdır. Ancaq mal sahibinin malını onda olan xüsusiyyətlərə müvafiq olaraq tanıtmasında hər hansı qəbahət yoxdur.
Bundan əlavə, Qəzzali satıcının hər halda and içməkdən, Allahın adını bəsit dünya mənfəətinə alət etməkdən çəkinməsinin vacibliyini xüsusilə vurğulamışdır. İkincisi, malın gizli və ya açıq olan bütün qüsurları bildirilməlidir. Malın qüsurunu gizlətmək də zülm və aldatma olub haramdır. Bununla əlaqədar olaraq Hz. Peyğəmbər (s.ə.s) taxılın islaq tərəfini alta, quru tərəfini üstə qoyan bir satıcını "Bizi aldadan bizdən deyil" (Müslim, İman, 164; Tirmizi, Büyu, 74) sözü ilə tənbeh etmişdir.
Üçüncüsü; malın miqdarı tam şəkildə bildirilməli, ölçü və çəkidə hər hansı hiyləyə yol verilməməlidir. Burada Qəzzali müxtəlif yollarla hiylələrə müraciət edən, ölçü və çəkidə insanları aldadanları sərt üslublarla tənbeh edən və qınayan ayələri, eləcə də Hz. Peyğəmbərin (s.ə.s) müxtəlif hədisi-şəriflərini qeyd edərək şərh etmişdir.
Dördüncüsü, dövrün halal çərçivədəki bazar üsullarına riayət edilməlidir. Belə ki, Rəsulullah (s.ə.s) satıcının yolda qarşılanaraq bazardakı qiymətləri öyrənməsinə imkan verilmədən mallarının ucuz qiymətə alınmasını (Buxari, Büyu, 68; Müslim, Büyu, 11, 19) və alış-veriş edən zaman satıcı ilə alıcı arasına girərək süni şəkildə qiyməti artırmaq surətilə alıcının zərərə məruz qoyulmasını qətiyyətlə qadağan etmişdir (Buxari, Büyu, 60; Müslim, Büyu, 13).
Qəzzali "Ticarət münasibətlərində ehsan" başlığında alıcı və satıcını qarşısında olan insanın mənfəətini ən azı özününkü qədər düşünməyə təşviq edən izahlar verir. Belə ki, satıcı malını məqsədəuyğun bir qiymətdən daha çoxuna satmamalıdır. O cümlədən müştəri zəif və yoxsul olan satıcıya malın dəyərindən daha çox məbləğ verməlidir. Bundan əlavə, satıcı müştəriyə ödəmə baxımından asanlıqlar təşkil etməlidir. Alıcı da borcunu xoşluqla verməlidir. Təfərlərdən biri müqavilədən vaz keçərsə, digər tərəf bunu qəbul etməlidir. Həmçinin, yoxsul olan borcluya möhlət verilməlidir.
Qəzzali "Ticarət münasibətlərində dini vəzifələrə riayət etmək" başlığında isə bunları qeyd etmişdir: "Tacir dünyada dolanışığı ilə məşğul olarkən axirətini unutmamalıdır. Əks təqdirdə, ömrünü əbəs yerə keçirmiş, ticarətinin sonu da ziyanla qurtarmış olar. Ağıllı insan özünə qarşı mərhəmətli davranar, özünə mərhəmət edən də əsil sərmayəsini xilas edər. İnsanın əsil sərmayəsi, onun dini, əsil ticarəti də dini həyatdakı qazancıdır". Bundan sonra İmam Qəzzali tacirin ticarət həyatında dinini tam yaşaya bilməsi üçün riayət etməli olduğu şərtləri belə sadalayır: "Ticarətə yaxşı niyyətlə və möhkəm etiqadla başlamaq lazımdır.
Ticarətdə, sadəcə, qazanmağı düşünməyib, bunun fərzi-kifayə və insanlara xidmət olduğunu bilmək lazımdır. Dünya bazarına qərq olub axirət bazarı olan məscidlər yaddan çıxarılmamalıdır. Bir tərəfdən ticarətlə məşğul olarkən, digər tərəfdən də Allahı zikr və təsbeh etməkdən geri qalmamaq lazımdır. Ticarətdə ifrata vararaq həddindən artıq çox qazanmaq hərisliyinə qapılmamaq lazımdır. Yalnız haramlardan yox, eyni zamanda şübhəli şeylərdən də çəkinmək, fiqhdəki fitvalarla kifayətlənməyib, vicdanın fitvası da alınmalıdır. Ticarətlə bağlı hər cür fəaliyyət barədə haqq-hesab olunacağını bilib bunun üçün daim hazır olmaq lazımdır".
Qeyd edilən bütün bu qayda-qanunların, prinsiplərin əsas məqsədi iş və ticarət həyatının nizam-intizam və etimad əsasında, haqsızlıq və sui-istifadələrdən uzaq bir şəkildə həyata keçirilməsini təmin etməkdir. Ona görə də, yuxarıda qeyd edilən əxlaqi prinsiplər kimi mənəvi dəyərlərə riayət etməklə yanaşı, Uca Allahın istifadəsini qəti şəkildə qadağan etdiyi spirtli içkilər, narkotik maddələr, donuz, qeyri-əxlaqi şəkil və əşyalar kimi şeylərin ticarətini etmək də haram buyurulmuş; mübah (halal, caiz) olan malların tic
© Halal Ekosistem