2 December 2024

COCA-COLA və ya PEPSİ içmək olar mı? Qida mühəndisdən colaya e-mail.

Coca-cola içkisi amerikan mənşəli “The Coca-cola Company” şirkətinə məxsusdur. 1886-cı il may ayının 8-də Corciya əyalətinin Atlanta şəhərində əczaçı Pemberton tərəfindən kəşf edilmişdir.

Pepsi içkisi ABŞ-ın Şimali Karolina ştatında anadan olan kimyaçı Caleb Bradham tərəfindən tapılmışdır. 1898-ci ildə New Bern, Şimali Carolinada “Brad’s Drink” (“Bradın içkisi”) olaraq satışa çıxarıldı və Bradham, içkisini öz əczaxanasında (aptekində) düzəltdi. Kimyaçı olan Caleb Bradham, Pepsini həzmə köməkçi olması və enerji verməsi məqsədiylə inkişaf etdirmişdir. İlk Pepsi 1893-cü ildə satışa təqdim edilmişdir.

Xüsusilə Coca-cola barədə cəmiyyətdə birmənalı fikirlər mövcud deyil. Aşağıda rəflərdə olan hər 2 məhsulun tərkibinin şəklini paylaşıram. Tərkibində bəzən “aromatizatorlar”, bəzən də “təbii dad vericilər” kimi qeyd etdikləri əlavələr barədə ətraflı məlumat verilmir. İrəlidə bununla bağlı rəsmi cavablarını da paylaşacam (bu 2 məhsuldan ən çox qara PR aparılan məhsul Coca-cola olduğu üçün araşdırmanı onun üzərindən etmişəm).

Onu da qeyd edim ki, 2012-ci ildə Coca-Cola və Pepsi şirkətləri ABŞ qanunları (Kaliforniya) əsasında məhsullarının üzərinə xərçəng xəbərdarlıq məlumatı qoymadıqları üçün içkiyə karamel rəngi verən 4-metilimidazol maddəsini azaltmalı oldular. Şirkətlər məhsullarında hər hansı bir xərçəng riski olmadığı amma bunun tədbir almaq üçün lazımlı olduğunu bildiriblər. Eyni zamanda məhsulların dadında hər hansı bir dəyişiklik olmayacağını da qeyd ediblər.

“Coca-cola” içkisini araşdırmaq məqsədilə info@cci.com.az rəsmi elektron poçt ünvanlarına aşağıdakı məzmunda sorğu göndərdim:

“Salam,

İstehsal etdiyiniz alkoqolsuz içkilərin, xüsusilə “Coca-cola”-nın tərkibindəki inqrediyentləri paylaşa bilərsiz? Hazırda qazlı içkilərin insanlara zərərinin olub olmadığı barədə araşdırma aparıram. Araşdırmam halal mövzusunu da əhatə etdiyi üçün, şirkətlərdən istehsal etdikləri məhsulların tərkibi barədə dolğun məlumat alıram. Siz də bilirsiz ki, cəmiyyətdə coca-cola ilə bağlı fikirlər birmənalı deyil. Ona görə də xahiş edirəm araşdırmanın obyektiv və ətraflı aparılması üçün mənə yardımçı olasınız.

Öncədən təşəkkür edirəm”

Rəsmi cavab isə aşağıdakı şəkildə oldu:

“Salam,

Məhsulun tərkibi ilə resepti bütün ölkələrdə eynidir. Məhsullarımızın tərkibi barədə məlumatı etiketlərin üzərində tapa bilsəniz də resept kommersiya sirri olaraq saxlanılır ki, bu da rəqiblərin və ya digər şirkətlərin eyni məhsul istehsal edə bilməməsi üçün edilir”.

Şirkətin “aromatizatorlar” və ya “təbii dad vericilər” olaraq adlandırdığı qida əlavələrinin adlarının bəyan edilməsini resept olduğu üçün bəhanəsi ilə açıqlamaması düzgün deyil. Çünki istehlakçı olaraq qanunla nə istehlak etdiyimiz barədə ətraflı məlumat almaq hüququmuz var. Həm də sadəcə qida əlavəsinin adının açıqlanması resept kimi təqdim edilib, kommersiya sirri sayıla bilməz. Biz şirkətdən sadəcə qida əlavəsinin adını açıqlamasını istəyirik, onu hansı faizlə və hansı texnoloji mərhələdə qatıldığını soruşmuruq. Hər bir şirkətin özünə aid resepti ola bilər və bu kommersiya sirri sayıla bilər. Lakin hər bir şirkət məhsulun tərkibində olan inqrediyentləri açıqlamaq məcburiyyətindədir və bu istehlakçıların təbii haqqıdır.

Hər bir qida məhsulunun tərkibindəki inqrediyentlərin açıqlanması həm də qanunvericiliyin tələbi olduğu üçün bununla bağlı AQTA və AQTİ-yə aşağıdakı məzmunda məktub göndərdim (15.03.2023):

“Salam,

Coca-cola içkisinin insan sağlığı üçün zərərli olub olmaması barədə araşdırma aparıram və araşdırma üçün şirkətin Azərbaycan və Türkiyədəki nümayəndəliklərinə məhsulun tərkibi ilə bağlı sorğu göndərmişəm. Hər 2 nümayəndəlik məhsulun üzərində yazılan “təbii aroma vericilər” barədə ətraflı məlumat vermirlər və bunun kommersiya sirri olduğunu iddia edirlər. Azərbaycan nümayəndəliyi aşağıdakı cavabı verib:

“Məhsulun tərkibi ilə resepti bütün ölkələrdə eynidir. Məhsullarımızın tərkibi barədə məlumatı etiketlərin üzərində tapa bilsəniz də resept kommersiya sirri olaraq saxlanılır ki, bu da rəqiblərin və ya digər şirkətlərin eyni məhsul istehsal edə bilməməsi üçün edilir.”

Əgər məhsulun tərkibi ilə resepti eynidirsə, niyə qanunveriliciyin tələbi kimi tərkibi tam açıqlamırlar? “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsi istehlakçıların hüquqlarının müdafiəsini əhatə edir. İstehlakçı olaraq hər bir məhsulun tərkibi ilə tam və aydın şəkildə tanış olmaq hüququmuz var. Bundan əlavə əgər şirkət “təbii aroma vericiləri” açıqlamırsa, qanunun 10.2.3 maddəsi ilə təhlükəli inqrediyentləri necə aşkar edirsiz?

Onu da qeyd edim ki, şirkətdən yalnız məhsulun tərkibində olan “təbii aroma vericilərin” adını tələb edirik, bizə onun hansı faiz miqdarında və hansı mərhələdə qatıldığı önəmli deyil. Yəni, məlumatı kommersiya sirri deyib gizlətməyə çalışmasınlar. Hər bir şirkət istehsal etdiyi məhsulun tərkibi ilə bağlı (lakin resept, yəni nədən hansı miqdarda qatılması sirr ola bilər və açıqlanması üçün tələb ola bilməz) tam məlumat verməyə borcludur.

Sualım:Coca-Cola şirkəti dövlət qurumu olaraq AQTA-ya məhsulun tərkibi ilə bağlı tam və ətraflı məlumat verirmi? Əgər verirsə “təbii aroma vericilər” adlandırdıqları maddə həqiqətən təhlükəsizdirmi?”.

AQTA-nın cavabı aşağıdakı şəkildə oldu:

“Bir sıra qazlı içkilərin etiket məlumatlarında içkinin tərkibində olan təbii aroma vericilərin qeyd edilməməsi və onların təhlükəsizliyi ilə bağlı müraciətə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aidiyyatı üzrə baxılmışdır.

Nəzərinizə çatdırırıq ki, Ölkəmizdə, qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və əhalinin sağlamlığının qorunması istiqamətində Agentlik tərəfindən mütəmadi olaraq yoxlama və nəzarət tədbirləri həyata keçirilir. Agentliyin fəaliyyət göstərdiyi müddət ərzində qeyd olunan nəzarət tədbirləri çərçivəsində yerli istehsal olunan və Ölkə ərazisinə idxal edilən qazlı içkilərin tərkibində olan aroma vericilərdə insan həyat və sağlamlığı üçün hər hansı təhlükəli maddənin aşkar edilməsi hallarına rast gəlinməmişdir.

Məlumat üçün bildiririk ki, ölkəmizin 2011-ci ildən üzv olduğu Kodeks Alimentarius Komissiyasının “Qablaşdırılmış qida məhsullarının etiketlənməsinə dair CODEX STAN 1-1985” standartına əsasən hazır məhsulda qida əlavələri istisna olmaqla, qida məhsulunun 5%-dən azını təşkil edən, iki və ya daha çox inqrediyentlərdən ibarət mürəkkəb inqrediyentin komponentlərinin etiket məlumatlarında göstərilməsi zəruri tələb kimi müəyyən olunmur”.

Sözsüz ki, cavab məni qane etmədiyi üçün daha bir məktub göndərmək qərarına gəldim:

“Salam,

Cavabınız üçün təşəkkür edirəm. İcazənizlə bəzi məsələləri dəqiqləşdirmək istəyirəm. İlk öncə qeyd etmək istəyirəm ki, qazlı içkilər bazarında apardığınız monitorinqlər təqdirə layiqdir. Lakin bu bazarda insan həyatı və sağlamlığı üçün təhlükəli maddəyə rast gəlməməniz məndə təəccüb doğurur. Bazarda kifayət qədər E102 tartrazin istifadə edən şirkətlər var, hansı ki, qəbul edilən normadan yüksək həddə istifadə edirlər. Siz də bilirsiz ki, hətta norma daxilində olsa da, bəzi ölkələr ciddi fəsadlarına görə (xüsusilə uşaqlarda) bu qida əlavəsindən istifadəni qadağan ediblər. Təəssüflər olsun ki, ölkəmizdə bu rəngləndiricini bəzi şirkətlər norma daxilində istifadə etmirlər.

Qaldı ki, Kodeks Alimentariusda qeyd edilən 5% məsələsinə. Bəli, mürəkkəb inqrediyentlər əgər məhsulun 5%-dən azını təşkil edirsə onu etiketdə qeyd etmək tələb edilmir. Amma istehsalçı şirkətlər hazırladığı məhsulun tərkibini tələb olarsa istehlakçıya, qanunvericilik tələbinə görə isə dövlət qurumuna açıqlamaq məcburiyyətindədirlər. Sözsüz ki, burda söhbət tərkibdən gedir, reseptdən yox.

Coca-cola-nın etiketində qeyd edilən aromatizatorlar qida əlavəsi olduğu üçün zatən etiketdə açıq qeyd edilməlidir. Amma şirkət bunu açıqlamaqdan boyun qaçırır. https://merakettim.coca-colaturkiye.com/icerginde-bulunan-aroma-verici-maddeleri-acar-misiniz–64939 açıqlamadan da göründüyü kimi bunu kommersiya sirri ilə əlaqələndirir. Bundan əvvəlki məktubumda da bildirdim ki, bu şəkildə kommersiya sirri olmur. Məhsulun tərkibini kommersiya sirri adı altında gizlətmək olmaz!

Son olaraq sualım belədir: Coca-cola və ya Pepsi şirkəti istehsal etdikləri içkilərin tərkibini (resepti yox) tam şəkildə dövlət qurumuna açıqlayır mı? Əgər açıqlayırsa həmin aromatizatorlar insan sağlamlığı üçün təhlükəsizdir mi? Həmçinin həmin aromatizatorların mənşəyi nədir? (halal və ya haram olduğunu müəyyənləşdirmək üçün)

Öncədən təşəkkürlər”.

Son məktubuma cavab almadım (açığı tam cavab almayacağımı da bilirdim).

Coca-cola barədə bugünə kimi yayılan xəbərlərin demək olar ki, hamısı yalandır. Aşağıda bu barədə daha ətraflı məlumat verəcəm. Qısa olaraq bildirim ki, coca-cola sözünün tərsinə oxunuşu barədə səsləndirilən fikirlər batildir. Həmçinin tərkibində “E120 karmin” olması da yalandır, zatən şirkət bununla bağlı rəsmi cavab da verib. Düşünürəm ki, bu xəbərlərin yayılması insanları əsas problemdən uzaqlaşdırmaq üçün məqsədli şəkildə edilib.

Şirkətə Böyük Britaniyadakı coca-cola içkilərinin halal sertifikatlaşdırılması barədə sual verilir və şirkət “yox” cavabı verir. Lakin İslam ölkələri daxil, 200-dən çox ölkənin onu alkoqolsuz içki kimi tanıdığını da qeyd edir. (https://www.coca-cola.co.uk/our-business/faqs/is-coke-halal#:~:text=No.,Did%20you%20know%3F)

Coca-cola şəkərsiz ilə Coca-cola light arasında fərq varmı? Şirkət hər ikisinin “şəkərsiz” olduğunu bildirir. Bu linkdən https://merakettim.coca-colaturkiye.com/Coca-Cola-Sekersiz-ile-Coca-Cola-Light-arasindaki-fark-nedir–64143 ətraflı cavabla tanış ola bilərsiniz. Şəkərsiz yazıb guya daha sağlam kimi qeyd etdikləri məhsullarda istifadə edilən şəkər əvəzedicilər daha təhlükəlidir.

Gələk yuxarıda qeyd edilən məsələlərdən birinə. Coca-colanın içində böcək qanı, tozu və.s varmı? Və ya E120 Karmin varmı? Yuxarıda da qeyd etdiyim ki, bu yanlış ittihamdır. Zatən şirkət rəngləndirici kimi karameldən istifadə etdiyini bildirir. Daha ətraflı bu linkdən tanış ola bilərsiniz. https://merakettim.coca-colaturkiye.com/Cola-nin-icinde-bocek-varmi–63891

Coca-colanın içində spirt varmı? Bu suala tam cavab vermək çətindir. Lakin şirkət bununla bağlı laborator nəticə ilə açıqlama verib və məhsulunda alkoqol olmadığını göstərib (ən azından həmin nümunədə alkoqol olmayıb). Bu linkdən https://merakettim.coca-colaturkiye.com/Coca-Cola-nin-icerisinde-alkol-var-mi–64140 ətraflı tanış ola bilərsiniz.

Coca-colanın içərisində nə var? Yuxarıda da qeyd etdiyimiz kimi etiketində yazılan “aromatizatorlar” və ya “təbii dad vericilər” nədir? Bununla bağlı şirkətin Türkiyə nümayəndəliyindən aşağıdakı açıqlamalar var:

https://merakettim.coca-colaturkiye.com/Coca-Cola-nin-icerisinde-ne-var–64141

https://merakettim.coca-colaturkiye.com/icerginde-bulunan-aroma-verici-maddeleri-acar-misiniz–64939

https://merakettim.coca-colaturkiye.com/Kolanin-icindeki-renklendirici-neyden-yapiliyor–64817

Açıqlamalardan da görünür ki, şirkət hər vəchlə tərkibindəki maddələri, xüsusilə “təbii aroma vericiləri” gizlətməyə çalışır. Bu da həm qanunvericiliyin tələblərinin, həm də istehlakçıların məlumat almaq hüququnun pozulmasıdır.

Coca-colanın pH dəyəri maraqlıdırsa bu linkdən https://merakettim.coca-colaturkiye.com/Coca-cola-nin-ph-degeri-kactir–64361 tanış ola bilərsiniz. Asitlik xüsusiyyətinə görə bir çox işlərdə təmizlik vasitəsi kimi istifadə edə bilərik ?

1 şüşə coca-cola içkisində (250 ml) 28 q şəkər var. Xatırladım ki, Ümumdünya Səhiyyə Təşkilatı 25-50 q arası şəkər istehlakını tövsiyyə edir. Qalanını özünüz düşünün. Aşağıdakı linkdən ətraflı məlumatla tanış ola bilərsiniz.

https://merakettim.coca-colaturkiye.com/bir-bardak-kolada-14-adet-kup-seker-mi-var–64209

Onu da qeyd edim ki, coca-colanın resepti (hansı ki, “təbii aroma vericilər” dedikləri və adını kommersiya sirri qoyub 135 ildən çoxdur gizlətdikləri qida əlavələri) illərdir çox ciddi mühafizə olunur.

https://merakettim.coca-colaturkiye.com/Coca-colanin-formulunu-kac-kisi-biliyor-64024

Coca-colanın halal olub olmaması barədə şirkətin açıqlaması aşağıdakı kimidir:

https://merakettim.coca-colaturkiye.com/Coca-cola-helal-mi-haram-mi-Delilleri-ile-aciklar-misiniz–63457

Yenə cavabdan da görünür ki, şirkət israrla qanunvericiliyə və standartlara uyğun olduğunu bildirir və “halal” sertifikat üçün müraciət etmədiyini bildirir.

Nəhl surəsinin 116-cı ayəsində belə buyurulur: “Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır, o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!”. Bu ayəyə görə bu içkinin şəri hökmünü şəriət elminə sahib elm əhlinə buraxıram.

Lakin fərd olaraq, müsəlman kimi və qida elmi barədə bir az da olsa məlumatı olan şəxs kimi şirkətin içkinin tərkibini tam açıqlamaması mənə bu içkidən imtina etmək üçün yetərlidir.

İçkinin tərkibini bilmədiyimə görə bu mənim üçün ən azından şübhəli hökmünə daxil olur. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurub: “Halal da bəllidir, haram da. Bir də bunların arasında halal, yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər vardır ki, çox insanlar bunları bilməzlər. Kim şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar. Kim də şübhəli şeylərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi çox keçməz qoruğa düşər”.

Özümə və sizə halal, sağlam və keyfiyyətli qida arzulayıram!Yusif Həkim / Qida mühəndisi / Kəsim, ət emalı, halal istehsal və qida təhlükəsizliyi üzrə məsləhətçi

https://dogal.az/coca-cola-ve-ya-pepsi-icmek-olar-mi/

© Halal Ekosistem