Müqavilənin bağlanması və hüquq münasibətinin əmələ gəlməsi üçün əqdin əsas üç ünsür bir sıra şərtlər daşımalıdır. Yəni, müqavilənin bağlanması üçün sadəcə olaraq ünsürlərin mövcud olması kifayət deyil, eyni zamanda həmin ünsürlər bir sıra şərtləri də daşımalıdır. İslam hüquqşünasları sözügedən şərtlərin müqavilənin bağlanmasında oynadıqları rolun əhəmiyyətinə görə müxtəlif dərəcələrə ayırmışlar və onlardan hər hansı birinin əskikliyi ilə müqaviləyə təsiri məsələsində də fərqli rəylər irəli sürmüşlər. İslam hüquqşünaslarının əksəriyyətinə görə, müqavilə “bağlanma/iniqad”, “etibarlılıq/səhhət” və “həyata keçmə/nəfaz” baxımından bütöv qəbul edilməli və sözügedən şərtlər eyni əhəmiyyətli hesab edilməlidir.
Hənəfi məzhəbinin hüquqşünaslarına görə isə, müqavilənin bağlanıb nəticələrini əmələ gətirməsi bir neçə mərhələdə meydana gəlir və hər bir mərhələnin fərqli dərəcədə şərtləri vardır. Sözügedən mərhələlər ardıcıllıqla belə sadalanır: “iniqad/bağlanma”, “səhhət/etibarlılıq”, “nəfaz/həyata keçmə” və “lüzum/bağlayıcılıq” şərtləri. Müqavilənin etibarsızlığı da həmin mərhələlər əsasında nəzərə alınmışdır. Belə ki, iniqad şərtlərindən hər hansı birində nöqsanlıq olan bir müqavilə “batil/ etibarsız”, etibarlılıq şərtlərində olarsa, “fasid” və həyata keçmə şərtlərindən birində olarsa, “mövquf” olur. Müqavilənin bağlanması və meydana gəlməsi üçün tələb olunan şərtlər aşağıdakılardır:
1. Tərəflərlə əlaqədar olan şərtlər: bir müqavilənin meydana gəlməsi üçün tərəflərin mövcud olması qaçınılmazdır. Xüsusilə, hər iki tərəfə borc yükləyən əvəzli əqdlərdə tərəflər mövcud olmalı və onların hüquq münasibətini əmələ gətirmə səlahiyyətləri olmalıdır.
Hənəfi məzhəbinə görə, müqavilənin bağlana bilməsi üçün tərəflərin təmyiz gücünə (yaxşı ilə pisi bir-birindən ayırd etmə qabiliyyətinə) sahib olmaları kifayətdir və əlavə olaraq həddi-büluğ və rüşd şərti tələb olunmamışdır. Odur ki, müməyyiz uşağın özünə məxsus olan mal-dövlətlə onun qanuni təmsilçisinin əvvəldən verdiyi icazə və yaxud sonradan verilən razılığı ilə hüquq münasibəti əmələ gətirmə ixtiyarı vardır. Ancaq icazə verilməzsə, bağladığı müqavilə tamamilə etibarsız olar.
Şafei məzhəbinə görə isə, uşağın təmyiz gücünə sahib olması kifayət olmayıb həddi-büluğa da çatması şərti qoşulmuşdur.
2. İradə ifadəsi ilə bağlı olan şərtlər: müqavilənin bağlana bilməsi üçün iradə ifadələri eyni məclisdə və bir-birinə uyğun olmalıdır. Əqd məclisi hənəfilərə görə, təklif ilə başlayıb qarşı tərəfin qəbul etməsi, yəni tərəflərin qarşılıqlı anlaşmaları ilə sona çatan və müqavilə bağlamaq məqsədilə aparalın görüşə hər hansı xələl gəlməyən zaman kəsiyidir. Odur ki, mühüm olan məkanın eyni olması yox, təklifin hər hansı fasiləyə məruz qalmadan qəbul ilə birləşənə qədər keçən zamanın eyni olmasıdır.
Bir müqavilənin etibarlılığı üçün təklif və qəbul bir-birinə müvafiq olmalıdır. Əks təqdirdə müqavilənin etibarlılığından söhbət gedə bilməz. Bundan əlavə, təklif qəbul edilənə qədər geri alınmamalı və beləliklə də, öz etibarlılığını itirməməlidir. Hənəfi məzhəbində təklif qəbul edilənə qədər geri alına bilər. O cümlədən təklif edən qəbuldan əvvəl ölər, yaxud əhliyyətini itirərsə, qəbul ilə bağlı iradə ifadəsi olsa da müqavilə etibarsız olar. Bundan əlavə, iradə ifadələrinin eyni məclisdə ortaya qoyulması əqdin şərtlərindəndir və buna “məclis birliyi” deyilir. Təklifdən sonra qəbulun dərhal ifadə edilməsi vacib deyil. Məclis birliyi pozulmadığı müddətdə qarşı tərəf öz razılığını bildirə bilər. Məclis birliyinin pozulması həmin məclisi tərk etməklə və ya tərəflərdən birinin tamamilə başqa (fərqli) bir işlə məşğul olması ilə əmələ gəlir. (Aydın, “Hukuk Tarihi”, s. 411-412)
3. Müqavilənin predmeti ilə əlaqədar olan şərtlər: müqavilənin mövzusu olan əşya müqavilə bağlanan zaman mövcud olmalıdır. Əks təqdirdə, əqd etibarsız olar. Ancaq bəzi İslam hüquqşünasları sözügedən şərtin yalnız alğı-satqı müqaviləsinə aid olduğu və digər əqdlərə şamil olmadığı fikrini irəli sürərkən, digər bir qisim hüquqşünaslar isə, predmetin mövcud olub-olmaması yox, onun qeyri- müəyyənliyə və bunun nəticəsində tərəflərdən birinin zərərə məruz qalıb digərinin də haqsız qazanc əldə etməsinə yol verilib-verilməmə ehtimalı üstündə dayanaraq, bu şərti yumşaltmış və hüquq münasibətlərini əmələ gətirmədə bəzi çətinlikləri aradan qaldırmağa cəhd etmişlər. Bundan əlavə, əqdin predmeti təbii və qanuni baxımdan imkansız olmamalıdır. Həmçinin, adət-ənənəyə müvafiq olmalı, yararlanıla bilən olmalı və istifadəsi qanunən qadağan edilməmiş olmalıdır. O cümlədən müəyyən edilmiş və ya müəyyən edilə bilən olması da şərtdir. (Heyet, “İlmihal”, DİA, II, 347-348)
Müqavilənin predmeti ilə bağlı şərtləri aşağıda təfərrüatı ilə qeyd olunur:
1. Predmet mövcud olmalıdır: İslam hüquqşünasları sözügedən şərti iki başlıqda şərh etmişlər:
a. Əsli mövcud olub get-gedə təkmilləşən və inkişaf edən predmet: məsələn, yığım mövsümündən bir az əvvəl alınıb satılan meyvə-tərəvəzi nümunə göstərmək olar. Rəsulullah (s.ə.s) yetişib yetişməyəcəyi ortaya çıxana qədər meyvələrin satılmasını qadağan etmiş və: “Əgər Allah-Təala (bir xəstəlik, yaxud fəlakət nəticəsində) meyvəni məhv edərsə, qardaşının pulunu nə qarşılığında alacaqdır?” – deyə buyurmuşdur. (Bax. Buxari, Büyu, 82; Müslim, Büyu, 51)
Beləliklə də, bu növ meyvələrin əvvəlcədən satılması iki baxımdan problem təşkil etmişdir: birincisi, yetişib yetişməyəcəyi ilə bağlı vaxtın müəyyən edilməsi; ikincisi isə, meyvə satın alındıqdan sonra yığmayıb satıcının sahəsində ağacların üstündə qoymaq və bunun hüquqi münasibətinin müəyyən edilməsi.
Birinci problemin həlli üçün belə bir izah gətirmişlər: islam hüquqşünaslarına görə, “çiçəyin meyvə olması və ya böyüyəcəyi qədər böyüyüb yalnız rəng və dad xüsusiyyətlərinin tamamlanmamış olması” satılacaq vəziyyətə gəlmiş hesab etmişlər. Məsələn, xurmada qızarma və saralma, dənli bitkilərdə sərtləşmə kimi.
İkinci problemin həlli “açıq-aydın və ya işarə yolu ilə icazə” məsələsi ilə izah edilmişdir. Alğı-satqı müqaviləsi bağlanan zaman əqdin predmetinin yığıma qədər sahədə qalmasına icazə verilərsə bu, açıq-aydın icazədir. Əgər bunun üçün əlavə olaraq icarə müqaviləsi bağlanarsa, burada da işarə yolu ilə icazə verilmiş hesab olunur.
b. Gələcəkdə mövcud olacağı dəqiq olan predmet: məsələn, sifariş müqaviləsini burada nümunə vermək olar. İstisna (sifariş) müqaviləsi kimi.
c. Gələcəkdə mövcud olacağı dəqiq olmayan predmet: bu mövzuda İslam hüquqşünasları “ğərar” və “cəhalət” terminlərindən bəhs etmişlər. Belə ki, “ğərar” əqdin predmetininin mövcud olub-olmayacağının qeyri-müəyyən olmasıdır. “Cəhalət” isə, predmetin özündə deyil, onun xüsusiyyətlərində mövcud olan qeyri-müəyyənlikdir. (Karaman, “Anahatlarıyla İslam Hukuku”, III, 75-82.
Bütün bunlar əqdin etibarlılığını zədələyən, ona xələl gətirən və tərəfləri mübahisəyə sürükləyən mənfi hallardır.
2. Predmet mümkün olmalıdır: predmetin mümkün olmasından məqsəd təslim və yerinə yetirmənin imkan daxilində olmasıdır. Əgər imkansızlıq müqavilədən sonra və təslimdən əvvəl meydana gəlmişsə, bunun əqdə təsiri bütlan şəklində deyil, fəsx edilə bilmə şəklində olar və təslim gerçəkləşməzsə, satın alanın fəsx etmə (müqaviləni pozma) hüququ ortaya çıxar.
Bir əqd edən kimsənin, bu əqdin predmeti olan şeyi təslim edəcək gücə sahib olması lazımdır. Əks halda əqd predmeti olan şey mövcud olsa və ya əqd edənin mülkündə olsa belə əqd etibarlı olmaz. Məsələn; oğurlanmış bir avtomobilin satılması, icarəyə verilməsi, girov edilməsi, qrant edilməsi və ya vəqf edilməsi keçərli deyildir. Yenə səmadakı quşun, dənizdəki balığın, qaçan ovun, qəsp edənin əlindəki əşyanın, düşmən işğalı altındakı evin nə satışı, nə bağışlanması və nə də kirayəyə verilməsi caiz olmaz. Çünki əqdi edənin bunları təslimə gücü çatmaz. Allah-Təala; “Ey iman edənlər! etdiyiniz əqdləri yerinə yetirin.” (Maidə,1)buyurmuş, ancaq başqa ayədə; “Allah heç bir kimsəyə gücünün çatacağından artığını yükləməz.” 36 buyurularaq buna məhdudiyyət getirilmiştir. ( bxa. əl-Kâsânî, a.k.ə, V, 147, VI, 119; İbn Rüşd, Bidâyetü’l-Müctehid, II, 156; İbn Qudâmə, a.k.ə, IV, 200 vd; eş-Şirâzî, əl-Mühezzeb, I, 262.)
3. Predmet müəyyən və ya müəyyən oluna bilən olmalıdır:
Əqd mövzusu olan şeyin tərəflər baxımında anlaşılmazlığa gətirib çıxarmayacaq dərəcədə bilinməsi lazımdır. Çünki Hz. Peyğəmbər “qarar” olan yəni hiylə aldanma və ya qeyri-müəyyənlik cəhəti olan şeyin satışını qadağan etmişdir. (Müslim, Büyû 4; Əbu Davud, Büyû 24, 25; Tirmizi, Büyû 17; Nəsai, Büyu 27; əş-Şövqani, Nəylü’l-Övtâr, V, 147)
Qarar; içində risk ünsürü daşıyan satışı ifadə edər. Bu, qeyri-müəyyənlik və ya bilinməzlikdən daha geniş bir məna daşıyar. Məsələn, xüsusiyyətləri tam olaraq bilinən itmiş bir heyvanı və ya oğurlanmış bir avtomobilin satın alınmasında, mövzunun özündə qeyri-müəyyənlik yoxdur, lakin təslim edilmə baxımından risk vardır. Qısaca qarar, naməlum və qeyri-müəyyənliyi də əhatə edir, lakin qeyri-müəyyənlik olmadan da risk halı mövcud ola bilər.
Əqd mövzusunun bilinməsi ya işarə ilə və ya malı görməklə olar. Görmə ya əqd əsnasında və ya əqddən, dəyişikliyə uğramayacaq qədər qısa bir müddət öncə olmalıdır. Standart (misli) mallarda nümunəni görmək bütünü görmək kimidir. Burada həçinin, nümunəni də görmədən malın xüsusiyyətlərini anlaşılmazlığı aradan qaldıracaq ölçüdə müəyyən etməklə də əqd reallaşa bilər. Malın cinsini, keyfiyyətini, çeşidini və miqdarını tam olaraq təyin etmək kimi. Məsələn; bu keyfiyyətdə, bu miqdar, bu ilin məhsulu düyü və ya bu model, bu rəng, bu marka avtomobil deyilməsi kimi.
Qeyri-müəyyənlik, anlaşılmazlığa yol açacaq ölçüdə böyük olarsa, bağlanan əqd Hənəfilərə görə fasid, digər məzhəblərə görə isə batil olar. Məsələn; nisyə (vədəli) satışda, mal qarşılığının ödənilmə tarixinin təyin edilməməsi anlaşılmazlığa yol açacaq əhəmiyyətli bir nöqsanıqdır. “Bu malı al; sonra könlün nə istəyərsə verərsən.” və ya “Bu malı al; sonra borcunu istərsən pulla ödə, istəsən də pul yerinə buğda ver.” və ” Bu malı al pulunu sonra verərsən.” demək surətiylə mal qarşılığının (qiymətin) miqdarı, xüsusiyyəti və zamanı təyin edilmədən gerçəkləşən satışlar fasit sayılmışdır. Buna görədir ki müddətli (vədəli) satışda, ödəniləcək əvəzin miqdarı və xüsusiyyəti satış anında mübahisəyə yer buraxmayacaq şəkildə açıq və dəqiq olaraq təyin edilməlidir.(Ömər Nasuhi Bilmən, Huqûq-u İslâmiyyə və Islâhât-ı Fıqhiyyə Kamusu, 6/39-40)
Ancaq insanların yumşalıqla qarşıladıqları az qeyri-müəyyənliklər əqdələrə zərər verməz. Satın alınan malın dükandamı yoxsa, evdəmi təslim edəcəyinin müzakirə edilməməsi kimi.
İslam hüquqşünasları əqddəki predmeti müəyyən etmə mövzusunda həmin predmetin əqd məclisində mövcud olub-olmamasını bir-birindən fərqləndirmişlər:
a. Əqd məclisində mövcud olan predmetin müəyyən edilməsi (təyini): hənəfi və hənbəli müctəhidlərinə görə, əqd məclisində mövcud olan predmet göstərilmək sürətilə müəyyən edilmiş olur. Məsələn, “bu çuvaldakı buğdanı” demək sürətilə müqavilənin predmeti olan buğda müəyyən edilmiş olur.
b. Əqd məclisində mövcud olmayan predmetin müəyyən edilməsi: əqd məclisində mövcud olmayan predmet özünəxas bir xüsusiyyət səbəbilə müəyyən edilə bilərsə, həmin xüsusiyyətin qeyd edilməsi predmetin müəyyən edilməsi üçün kifayətdir. Bu kimi xüsusiyyətləri daşımayan predmetin növü, cinsi və miqdarı qeyd edilərək müəyyən edilməsi şərtdir. Bununla müqavilə etibarlı olur, lakin hənəfilərə görə, satın alanın “görmə müxəyyərliyi” vardır, yəni görmədən sifariş verdiyi malı təhvil alanda, onun sifariş etdiyi xüsusiyyətlərə müvafiq olub-olmadığına baxmaq və uyğun olmadığı təqdirdə müqaviləni pozma hüququna malikdir. (Xiyari-rüyət/görmə müxəyyərliyi üçün bax. Mehmet Erdoğan, “Fıkıh ve Hukuk Terimleri Sözlüğü”, Rağbet yay., İstanbul 1998, s. 153)
Bundan əlavə, pul vahidi olan predmetin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir.
Onu da vurğulamaq lazımdır ki, Əbu Yusifə görə, ödəmə müqavilə bağlandığı zamandakı qiymətə görə edilməlidir, yəni pulun müqavilə bağlanan zamandakı alıcılıq qabiliyyəti əsas alınmalıdır. Ona görə də, bu kimi müqavilələrdə zəmanəmizdəki inflyasiya miqdarının müəyyən edilməsi qaçınılmazdır.
4. Müqavilənin predmeti qeyri-məşru (halal olmayan) olmamalıdır. İslam hüququna görə, qeyri- mütəqəvvim, yəni dəyərsiz olan hər hansı bir şey qətiyyən müqavilənin predmeti ola bilməz. (Ətraflı məlumat üçün bax. Karaman, “Anahatlarıyla İslam Hukuku”, III, 77-89.)
© Halal Ekosistem