29 January 2025

Banklar bizə nə üçün "müftə" borc verir?

Halal Ekosistem|Maliyyə

Azərbaycanda bəzi banklar mobil tətbiq vasitəsilə rəsmi iş yeri olan şəxslərə faizsiz kredit təklif edir. Bu kreditlər əsasən bir ay müddətində verilir. Həmçinin sizə verildiyi iddia edilən bu puldan sadəcə kart vasitəsiylə istifadə edə bilirsiniz, onu kartdan çıxardığınız zaman əlavə komissiya tutulur və digər şərtlər də çətinləşdirilir. Bir ay ərzində o puldan istifadə edib bitirdikdən sonra müəyyən edilmiş tarixdə onu geri karta qaytarıb qoymayacağınız təqdirdə sizdən başqa adlar altında faiz tutulmağa başlanılır. İndi bu kredit mexanizini izah etməyə çalışaq:

  1. Müştəri bazasını artırmaq

Banklar, faizsiz kreditlər təklif edərək daha çox müştəri cəlb etməyə çalışırlar. Bu, xüsusilə rəqabətin yüksək olduğu bank sektorunda fərqlənmək üçün effektiv bir üsuldur. Müştərilərin bankla ilk təcrübəsi faizsiz kredit vasitəsilə baş tutarsa, həmin müştərilərin gələcəkdə bankın digər xidmətlərindən də istifadə etmə ehtimalı artır.

  1. Vaxtında ödəmə edə bilməyənlərin faiz ödəməsi

Əksər insanlar təklif olunan qısa müddətli "faizsiz kredit" ödənişlərini vaxtında qaytara bilmir. Nəticədə, onlar cərimə və ya yüksək gecikmə faizləri ödəmək məcburiyyətində qalırlar. Banklar bunu bilirlər və bu tip gecikmələrdən qazanc əldə edirlər. Bu, bank üçün riskdən daha çox gəlir qaynağı hesab olunur.

  1. İnsanların istehlak davranışlarının dəyişdirilməsi

Bankların bu strategiyası, insanların qənaət etmədən daha çox xərcləmə vərdişi yaratmaq məqsədini daşıyır. Nəticədə insanların istehlak davranışları dəyişir, onlar öz maliyyə imkanlarını və istəklərini düzgün idarə edə bilmirlər. Ayın sonunu, ehtiyaclarını, fors-major halları nəzərə almadan, haqq-hesab aparmadan bankın müftə borcunu götürüb nöbvəti ayların üzərinə yük salırlar. İstehlakı artırmaq, müştərilərin xərcləmə tərzini dəyişdirmək bank üçün gələcəkdə daha böyük kredit bazası formalaşdırmaq deməkdir. Bu isə insanların uzunmüddətli maliyyə planlamalarını pozaraq onların banklardan asılı vəziyyətə düşmələrinə gətirib çıxarır.

  1. Gələcəkdə könüllü kredit tələbi yaratmaq

Kredit təklifinin cazibəsi, insanları cari maliyyə vəziyyətlərini və ehtiyaclarını nəzərə almadan istehlaka təşviq edir. Nəticədə, insanlar özlərini gələcəkdə daha böyük borc yükünün içində tapır və müstəqil qərar versələr belə, bankdan yeni kredit almağa məcbur qalırlar. Bu isə bank üçün davamlı gəlir mənbəyi deməkdir.

  1. Yeni məhsul və xidmətlərin tanıdılması

Banklar faizsiz kreditlər vasitəsiylə müştəriləri öz mobil tətbiqlərini və ya digər rəqəmsal platformalarını istifadə etməyə təşviq edirlər. Mobil tətbiqlərin populyarlaşması, bankların əməliyyat xərclərini azaldır və müştəri xidmətlərinin daha sürətli və effektiv olmasını təmin edir.

  1. Kartla edilən ödənişlərdən komissiya gəliri əldə etmək

Bankların "kartdan çıxarmadan istifadə şərti" qoyması da tamamilə məqsədyönlüdür. Belə ki, müştəri kartdan hər ödəniş edəndə qarşı tərəfdən bank komissiya tutur. Satıcıdan alınan bu komissiyalar vasitəsilə banklar "faizsiz kredit" verməkdəki itkilərini balanslaşdırır və daha da çox gəlir əldə edir.

  1. Maliyyə savadlılığını və kredit tarixçəsini artırmaq

Banklar, rəsmi iş yeri olan şəxslərə faizsiz kreditlər təklif edərək onların kredit tarixçəsini inkişaf etdirməyə çalışırlar. Yaxşı kredit tarixçəsi olan müştərilər gələcəkdə daha böyük həcmli kreditlər üçün uyğun olur və bu da bank üçün uzunmüddətli gəlir mənbəyidir.

Ümumiləşdirmə

Bütün bu səbəblər bir yerdə bankların "faizsiz kredit" siyasətinin sadəcə müştərilərə yardım məqsədli deyil, əksinə, gəlirli bir strategiya olduğunu göstərir. Bu strategiya müştərilərin qısa müddətli ehtiyaclarını qarşılayaraq onların uzunmüddətli borc vərdişi yaratmasına yönəlib. Bununla yanaşı, bankların bu mexanizmlə həm cərimələrdən, həm də komissiyalardan gəlir əldə etməsi onların maliyyə strategiyasını daha da gücləndirir.

© Halal Ekosistem